23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanın sinəsində,
Qədim Duzdağ ətəyində
Dünənimə işıq saçan,
Keçmişimdən söhbət açan...
Bir muzey var. Duz muzeyi
Dünyamızın söz muzeyi.

 Bu muzeydə daş baltalar,

Daş çapacaq, ... nə desən var.
Hər birisi bir incidir,
Bu yadigar məmulatlar.

Son illərdə öyrənilib
İtib-batmış bu arxivim.
Yerin dərin qatlarından
Çıxarılıb bu tarixim.

Neçə-neçə arxeoloq
Torpağımın hər daşında,
Eraların yaddaşında
Gizli qalmış arxivimi,
O illərin şahidini
Tapmaq üçün külüng çalıb.
Beş min illik tariximə
Tişəsilə işıq salıb.

Aparılan tədqiqatlar
Əridibdir zülmətləri.
Min illərin yuxusundan
Oyadıbdır bu şəhəri.

Nuh babamın daş baltası
Silkələyib bu cahanı.
Tariximə həkk edibdir
Şöhrətimi, ad-sanımı.
Oxuyuram “Duzdağ” adlı
Kitabəmi varaq-varaq.
Uzaq-uzaq eraların
Yaddaşından verir soraq.

Bu torpaqda əcdadlarım,
Soyum, köküm məskən salıb.
Bu mədəndə ulu xalqım,
Min illərlə külüng çalıb.

Mədəniyyət, yeni dövran,
Başlanıbdır bu məkandan.
Nuh babamın yurd saldığı
Nuhdabandan, Naxçıvandan.

Gözəllikdə Naxçıvanım,
Ucalıbdır el gözündə.
İlk yaşayış yeri kimi,
Tanınıbdır yer üzündə.

Neçə-neçə səyyahlar da
Deyib burda öz sözünü.
Tərifləyib Naxçıvanın,
Gecəsini, gündüzünü.

Ulu Tanrı bu torpağa
Tükənməyən sərvət verib.
Yaradanım bu torpağa
Min bərəkət, nemət verib.

Duz nemətim, duz sərvətim,
Yer üzündə ilk kəşfimdir.
Bu mədəndən duz çıxarmaq,
İlk adətim, vərdişimdir.

Bu nemətim insanlara,
Od, su kimi gərək olub.
Ələnibdir narın-narın,
Süfrələrə bəzək olub.

Torpağımın bərəkəti
Doldurulub kisələrə.
Nəql olunub ölkələrə,
Ayrı-ayrı qitələrə.

Ana yurdun hər yerinə,
Guşəsinə etsən səfər.
Nuhla bağlı yer adları,
O illərdən verər xəbər.

O illərin şahididir,
Gəmiqayam, Haçadağım.
Nəbi yurdum, Nuh gədiyim
Nəhəcirim, Nuhdabanım.

O illərin şahididir,
Gəmiqaya təsvirlərim.
O illərin şahididir,
Qayaüstü rəsmlərim.

Gəmiqaya təsvirlərim,
Bu dünyaya baxışımdır.
Qayaüstü rəsmlərim
İlk yazımdır, naxışımdır.

O illərin şahididir,
Tikdirdiyim neçə qala.
Neçə-neçə istehkamlar,
Oğlanqala, Çalxanqala.

Qoç heykəllər memarlığım,
Ən uğurlu nümunəmdir.
Duz mədənim bəşərimə,
İlk sovqatım, ilk töhfəmdir.

Duzdağ adlı mədənimin,
Nüvəsində bir həyat var.
Neçə-neçə xəstələrin,
Dərdinə o çarə qılar.

Bu muzeydə sərgilənən
Duzla bağlı çox incim var.
Ata sözü, inanclarım,
Hər birisi bir yadigar.

Duzla bağlı alqışlarım,
Duzla bağlı qarğışlarım,
Hər birisi nəsihətdir.
Hər birisi bir hikmətdir.

Duzla bağlı müdrik xalqım,
Hikmətamiz çox söz deyib: -
Əziz ana, atamız da,
Övladını duz tək sevib.

Duz-çörəklə qazanmışam,
El içində mən hörməti.
Düz çörəklə qazanmışam,
Dostluqdakı sədaqəti.

Duz mədəni, Duz muzeyim
İlk baharım ilk yazımdır.
Beş min illik tariximə,
Möhür vuran daş yazımdır.

Rövşən Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR