23 Dekabr 2024, Bazar ertəsi

Bu gün muxtar respublikamızda Vətənin və xalqın taleyində,  o cümlədən ədəbi-mədəni inkişafımızda mühüm xidmətlər göstərmiş böyük şəxsiyyətlərin yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin tədqiqi və təbliği işinin daha da yaxşılaşdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Məhz bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamı görkəmli rəssamın həyat və fəaliyyətinin yenidən tədqiq olunması ilə yanaşı, həm də mədəniyyətimizin öyrənilməsinə xidmət edən mühüm dövlət sənədidir.

Qeyd etməliyik ki, 2010-cu ildə 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Naxçıvan Dövlət Tarix Muzeyində olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov rəssam Şamil Qazıyevin burada nümayiş etdirilən əsərlərinə baxarkən onlarda Naxçıvanın qədim dövrünün real əks olunmasını yüksək qiymətləndirmişdir. Ali Məclis Sədrinin ­tapşırığına əsasən rəssamın 56 rəsm əsərinin daxil edildiyi albom-­kataloq nəfis tərtibatla “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap edilərək işıq üzü görmüşdür. 2011-ci il fevral ayının 16-da həmin albom-kataloqun təqdimat mərasiminin keçirilməsi rəssamın yaradıcılığına göstərilən diqqət və qayğının növbəti nümunəsidir. Bundan başqa, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsində də Şamil Qazıyevin yaradıcılığı sistemli şəkildə araşdırılmağa başlanılmış, həm yerli, həm də xarici mətbuatda onun haqqında məqalələr dərc olunmuşdur. Hazır­da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində rəssamın Naxçıvanın tarixinin, adət-ənənələrinin və məişətinin parlaq şəkildə öz əksini tapdığı əsərləri sərgilənir.

Bu il anadan olmasının 110 illiyi tamam olan Şamil Qazıyevin yubileyinin geniş şəkildə qeyd edilməsi də muxtar respublikamızın mədəniyyət və təsviri sənət həyatında mühüm bir hadisə kimi yadda qalacaq. Sərəncama əsasən görkəmli fırça ustasının yubileyi münasibətilə AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə elmi konfrans keçirilib. Konfransda müxtəlif janr və mövzularda bir-birindən orijinal, dəyərli sənət əsərləri yaratmış Şamil Qazıyevin yaradıcılığının əhəmiyyəti bir daha vurğulanıb.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda görkəmli rəssamın etüd, natürmort, portret, peyzaj, qrafika janrlarında yaratdığı, Naxçıvanın məişət həyatını, qədimliyini və tarixini əks etdirən qiymətli əsərlərindən ibarət sərgi təşkil olunub. Rəssamın yaradıcılığı ilə bağlı tədqiqat işlərinin aparılması, uşaq incəsənət məktəblərində onun Naxçıvan mövzusunda yaratdığı əsərlərə həsr olunmuş ustad dərslərinin keçilməsi və digər bu kimi tədbirlərin təşkili də rəssamın zəngin sənət irsinə göstərilən diqqətin təzahürüdür.
Rəngləri yaradıcılıq sevdası ilə duyduğu üçün Şamil Qazıyevin ilhamla həyat verdiyi müxtəlif janr­lı təsviri sənət nümunələri əbədiyaşarlıq qazanıb. Yaradıcılığının ilk illərində portret janrında yaratdığı əsərlər, xüsusilə diqqəti çəkir. Müxtəlif illərə məxsus “Qardaşımın portreti”, “Qadın rəsmi”, “Ata”, “Avtoportret”, “110 yaşlı qoca” kimi əsərlərində rəssamın portret janrındakı istedadı üzə çıxır. 1931-ci ildə Tiflisdə keçirilən səyyar sərgidə nümayiş etdirilən Şamil Qazıyevin “Çoban” portreti hazırda dünyanın nüfuzlu qalereyalarından sayılan Moskvadakı Tretyakov qalereyasında saxlanılır. Şamil Qazıyev natürmort janrında da gözəl əsərlər yaratmışdır. “Güllər”, “Natürmort”, “Meyvələr” kimi əsərləri rəssamın yaradıcılığında xüsusi yer tutur. Onun güllərlə bağlı natürmortları çoxluq təşkil edir. Yağlı boya ilə həyat verdiyi bu gül dünyasında min bir rəngdə təbiət gözəlinin xoş görün­tüləri yaradılıb.
Şamil Qazıyevin əsərləri ilə Naxçıvanın XX əsr tarixinin müəyyən elementlərini, tarixi və mədəniyyət abidələrini restavrasiya etmək mümkündür. “Qaçqınlar”, “Molla məktəbi”, “Əlincəqala”, “Lavaş yapanlar”, “Xıncov məhəlləsi”, “Çörəksatan”, “Şəbeh”, “Çalğıçılar”, “Naxçıvanda köhnə həyət”, “Örtülü bazar” və digər əsərlərə baxanda hiss edirsən ki, o, Naxçıvanı ürəkdən sevib və bu torpağın əməksevər insanlarına bağlı olub. Çünki bu əsərlər Naxçıvanla, onun təbiəti, insanları, adət-ənənəsi, tarixi ilə bağlıdır. Təsadüfi deyil ki, 1979-cu ildə Naxçıvan şəhərində Şamil ­Qazıyevin təşkil olunan fərdi sərgisi haqqında o dövrün mətbuatı belə yazırdı: “Bu təsvirlərdə Azərbaycanın ən qədim guşəsi olan Naxçıvanın keçmiş tarixinə, etnoqrafiyasına, adətlərinə aid təsəvvürlər öz əksini tapmışdır”.

Rəssamın yuxarıda adıçəkilən əsərlərinin əsas qəhrəmanı zəhmətkeş insandır. Tablolarda taxılbiçənlərin, dəyirmançıların, qalayçıların, çarıqçıların, çörəksatanların həyatının müxtəlif məqamları, iş ahəngi, ovqatları əbədiləşdirilib.
...Dahi holland rəssamı Vinsent Van Qoq özünün şah əsəri olan “Kartof yeyənlər” (1883) əsərində sadə adamlar mövzusunu necə zirvəyə yüksəltmişdisə, fikrimcə, Şamil Qazıyevin yaradıcılığında da sadə, zəhmətkeş insanların taleyi və sənəti özünəməxsus orijinal forma alaraq ana xətt kimi keçir. Çöhrələrindən gah sevinc, fərəh, gah da məyusluq, kədər duyulsa da, bu əsərlər onu göstərir ki, naxçıvanlılar halal zəhməti ilə çörək qazanıblar. Ümumiyyətlə, rəssamın bütün əsərlərinin mövzusu vətənpərvərlik, sadəlik və səmimiyyətdir. İnsan qüruru, gələcəyə inam, alın təri və fədakarlıq onun əsərlərinin əsas qayəsini təşkil edir.
Rəssamın əsərlərində həm də qəribə bir poetika var. Onlara baxdıqca hiss edirsən ki, bu əsərlər əsl istedad sahibi olan bir sə­nətkarın fırçasından çıxıb. Onlar təkcə tarixi-etnoqrafik baxımdan deyil, eyni zamanda bədii-estetik cəhətdən də olduqca qiymətlidir. “Lavaş yapanlar” əsərinin süjeti, kompozisiya quruluşu sadədir, lakin diqqətlə baxanda dərin məntiqi insanı düşünməyə vadar edir. Müəllif incə ştrixlə mövzunu açmağa nail olub. Əsər istər yağlı boya ilə işlənmə texnikası, istərsə də bədii yaradıcılıq cəhətdən çox yüksək sənətkarlıqla yerinə yetirilmişdir. Burada lavaş bişirən 4 qadın təsvir edilmişdir. Qadınların milli geyimləri ilk baxışdan diqqəti cəlb edir. Rəssam bu əsərində tipik Naxçıvan qadınının məğrur, qayğıkeş və zərif obrazını böyük ustalıqla yarada bilmişdir. Kompozisiyanın mərkəzində təsvir olunmuş təndirin işıltısı və təndirdən çıxarılmış isti lavaşların təbii görüntüsü insanda xoş əhval­-ruhiyyə yaradır, lavaşbişirmə sənətinin min illərdir ki, Naxçıvanla bağlılığı, qədim diyarımıza xas mətbəx və mədəniyyət nümunəsi olması öz təsdiqini tapır.
Yaxud “Cəhri. Yolda şəhər” tablosuna tamaşa etdikcə insanda nostalji hisslər baş qaldırır. Əsər kifayət qədər cəlbedici və duyğulandırıcıdır. Cəhri kəndinin o illərdəki ab-havası aydın duyulur. Ya da “Örtülü bazar” əsəri... O qədər canlı bir tablodur ki, bəlkə də, o dövr üçün çox sadə görünə bilən bu əsər bu gün üçün olduqca maraqlıdır. “Örtülü bazar” Naxçıvanın bazar və ticarət mədəniyyətinin tabloda əbədiləşən tarixidir.
Sənətkarın əsərlərinə baxdıqca hiss edirsən ki, onun çox güclü müşahidə qabiliyyəti var. Ətrafındakı hər şeyə rəssam gözü ilə baxıb, ən yaxşı olanları hafizəsində yaşadıb, sonradan onları yeni-yeni əsərlərə çevirib. Rəssamın “Qızlar bulağı”, “Naxçıvan. Günbatan vaxtı” əsərləri belə müşahidələrin nəticəsində yaranmışdır. O, Naxçıvanın abidələrini də kətan üzərinə köçürməyi unutmayıb. Məsələn, Əlincə qalasının əyilməzliyi və məğrurluğu rənglərin dili ilə gözəl həllini tapıb.
Görkəmli rəssamın əsərlərini bir tamaşaçı kimi həmişə heyranlıqla seyr etmişəm. Zənnimcə, onun əsərlərinə tamaşa edən hamı bu fikirdədir. Çünki onun yaratdığı əsərlər soyuq şüurun, formal bir texnikanın deyil, XX əsr insanının taleyini duyub düşünmüş, sevinclər və iztirablar keçirmiş bir ürəyin məhsuludur. Elə buna görədir ki, ulu yurdun qədim dövrünün real əks olunduğu bu əsərlərə baxmaqdan doymursan və qeyri­-adi hisslərə bürünürsən. Həm də bu rəsmlər insanı düşünməyə vadar edir. Bir anda bugünkü müasir Naxçıvanın mənzərəsi göz önündə canlanır. Bir daha əmin olursan ki, son illər Naxçıvan qədimliyi saxlanılmaqla müasirliyə doğru necə də sürətlə addımlayıb.
Şamil Qazıyevin məhsuldar yaradıcılıq yolu bu gün muxtar respublikada yaşayıb-yaradan rəssamlarımız üçün nümunə sayıla bilər. Şamil Qazıyevin vaxtilə yaratdığı əsərlər XXI əsr insanına XX əsr Naxçıvanı haqqında məlumat verirsə, bu gün yaradılan rəsm əsərləri də gələcək nəsillərə müasir dövrümüz barədə ətraflı məlumat verə bilər.

Sonda onu da vurğulamaq istəyirəm ki, hansı sənət adamı olursa-olsun, onun yaradıcılığında Vətən amili öndə dayanmalıdır. Bu mənada, rəssam rənglərin möcüzəsində tarixini, mədəniyyətini, qədim adət-ənənələrini kətan üzərinə köçürüb sevdirməli, gələcək nəslə ötürməlidir. Şamil Qazıyevə əbədiyaşarlıq qazandıran da məhz əsərlərində XX əsr Naxçıvanını böyük sevgi ilə yaratmasıdır. Görkəmli rəssamın həyatı və yaradıcılığı, Vətənə bağlılığı, xəlqilik bundan sonra da gənc rəssamlar üçün əsl nümunə olacaq.

Sara ƏZİMOVA
jurnalist

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR