Naxçıvanda qədim ənənələrə malik xalçaçılıq sənəti dövlətimizin diqqət və qayğısı sayəsində bu gün də yaşadılır, geniş şəkildə təbliğ edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı bu qədim sənət növünün yüksək səviyyədə inkişafına xidmət edir. Bu el sənətinin yaşadılması istiqamətində daha bir mütərəqqi addım isə aprel ayının 9-da atıldı. Belə ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi. Bununla, Naxçıvanda xalçaçılıq ənənələrinin daha dərindən öyrənilməsi, qədim el sənətinin hər bir incəliyinin araşdırılması, təbliği üçün geniş imkanlar açıldı.
Şərqin ən qədim və zəngin mədəni mərkəzlərindən biri olan Naxçıvan diyarında digər sahələrlə yanaşı, incəsənət də böyük tarixi inkişaf yolu keçib. Dekorativ-tətbiqi sənətin növlərindən biri olan xalçaçılıq da bu sırada öz yerini alıb. Naxçıvan xalçaları nəinki Azərbaycanda, bütün dünyada öz dəstxəti, süjetli kompozisiyası, ornamentləri, naxışları, bir sözlə, özünəməxsus spesifik xüsusiyyətləri ilə fərqlənir. Heç də təsadüfi deyildir ki, X-XIII əsrə aid mənbələr Azərbaycanın bir çox bölgələri ilə yanaşı, Naxçıvanı da əsas xalçaçılıq mərkəzi kimi xarakterizə edir. Bu dövrdə Naxçıvan şəhəri artıq zili və xalı tipli xalçaların əsas istehsal və satış mərkəzlərindən biri kimi şöhrət qazanıb. Tədqiqatçı Rauf Məmmədov şəddə və vərni kimi xalçaların istehsalının ilk dəfə Naxçıvanda başlanması fikrini irəli sürür. Bununla belə, Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvan diyarında da xalçaçılıq sənəti özünün ən yüksək inkişaf səviyyəsinə XVIII-XX əsrlərin əvvəllərində çatıb. Naxçıvanda xalçaçılığın inkişafında zəngin ənənələr və yüksək peşəkarlıqla yanaşı, işçi qüvvəsinin bolluğu da mühüm rol oynayıb.
Naxçıvanda xalçatoxuma ənənəsi qədimdən məişətdə formalaşıb. Belə ki, qızlar erkən yaşlarından xalça toxumağa alışdırılırdılar. Onlar 8-10 yaşlarından başlayaraq təcrübəli xalçaçı qadınlardan bu sənətin sirlərini öyrənirdilər. Xüsusilə dağlıq rayonlarda uzun müddət davam edən sərt qış şəraitində əkin-biçin işlərinin dayanması nəticəsində yaranan asudə vaxt müxtəlif məmulatların, o cümlədən də xalçaların istehsalına sərf edilirdi.
Naxçıvan diyarında xalçaçılıq sənətinin inkişafı, ilk növbədə, bu sənət sahəsinin əsas xammal mənbəyi olan qoyunçuluqla sıx bağlı olub. Tarixən burada xalça istehsalında albas və mazex qoyun cinslərindən, keçi yunu ilə yanaşı, ipəkdən də geniş istifadə edilib.
Xalça istehsalı erkən orta əsrlərdən başlayaraq yeni, daha yüksək inkişaf mərhələsinə qədəm qoyub. Xarici bazarlarda bu məmulata olan tələbatın kəskin şəkildə artması bu sənət sahəsinin xüsusilə XIX əsrdə daha geniş vüsət almasına gətirib çıxarıb. Bu dövrə aid mənbələrdən birində göstərilir ki, Naxçıvan diyarında bez toxuculuğu ilə yanaşı, müxtəlif növ xalçaların da istehsalı geniş yayılıb. XIX əsrin ortalarına aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Naxçıvanda xeyli miqdarda xovlu və xovsuz məmulatlar istehsal edilib. Tədqiqatçı Vidadi Muradov 1845-ci ilə aid statistik məlumatları əsas tutaraq göstərir ki, həmin il burada 1050 xalça, 3000 at çulu, 2500 keçə, 5000 çuval, 460 məfrəş, 10 min yun corab, 20 min arşın, mahud toxunub.
X əsrin II yarısına (982-ci il) aid “Hüdud əl-Aləm” əsərində göstərildiyi kimi, Muğan öz palaz və çuvalları, Naxçıvan, Xoy və Salmas zili və xalçaları, Şirvan isə parçaları ilə tanınırdı. Xalça sənətinin Naxçıvanda geniş yayılmasına və tərəqqisinə xalqın məişət və estetik tələbatı səbəb olub. Adətən, bu ərazidə istehsal edilən 2-3 metrdən böyük, qalın toxunuşa malik xovlu və keçə, palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalardan evlərdə döşəmələrin örtülməsində və otaqların bəzədilməsində istifadə edilib. O vaxtlar xalça sənəti Naxçıvanın Şərur, Şahbuz, Ordubad və Culfa bölgələrində daha geniş yayılıb. Bu ərazilərdə xalça sənətinin inkişafına qonşu ölkələrlə olan ticarət əlaqələrinin də təsiri az olmayıb. Toxunan xalçaların sıxlığı 35x35-dən 40x40-dək, ərişi, arğacı və üz ipi isə nisbətən qalın olurdu.
Naxçıvanda toxunulan xalçalar bədii və texnoloji xüsusiyyətlərinə görə Qarabağ qrupu ənənələrinə yaxın olmasına baxmayaraq, özünəməxsus formada inkişaf edib. Xalçatoxuma növlərindən olan şaquli istiqamətli zolaqlarla bəzədilmiş cecim xovsuz xalçalarının əsas istehsal mərkəzi tarixən Ordubad rayonu olub. Əsasən, ipək liflərdən toxunan bu xalçalar ağ, yaşıl, qırmızı, sarı, mavi və digər rəngli zolaqların növbələşməsi ilə bəzədilib, zəriflik baxımından qumaş təsəvvürü yaradıb.
Naxçıvan diyarında xovlu xalçaların bəzəyinə çevrilmiş “buta” elementi özünəməxsus bədii quruluşuna və texniki üslubuna görə “Naxçıvan butası” adını daşıyır. Bununla yanaşı, Naxçıvan xalçalarını fərqli həndəsi naxışlar, o cümlədən heyvan motivləri də bəzəyib. Onlar içərisində spesifik toxunuşu və bədii quruluşu ilə seçilən xovsuz xalça növü şəddə süjet semantikası baxımından çox maraqlıdır. Üzərində bəzən atlıların və dəvələrin növbələşərək cərgə ilə düzülməsi, sarvan və ya çullarla bəzədilən dəvə karvanı süjetləri daim dövr edən əbədi həyatın, ömür karvanının simvolu kimi maraq doğurur.
Son 30 ilə yaxın bir dövrdə Naxçıvanın bu nəfis xalçalarını qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək məqsədilə bir sıra əhəmiyyətli tədbirlər görülüb. Belə tədbirlərdən biri də Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılması olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 1998-ci ildə yaradılan və ildən-ilə eksponatlarının sayı artan muzey 2010-cu ildə yeni binaya köçürülüb. Muzeyin üç dildə internet saytının istifadəyə verilməsi dünyanın hər yerində bu mədəniyyət müəssisəsini virtual ziyarət etməyə, ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar almağa, həmçinin tarixi keçmişimizi öyrənməyə imkan yaradıb. Bu gün muxtar respublikamıza gələn çoxsaylı qonaqlar muzeyi ziyarət etməklə Naxçıvan xalçaçılıq məktəbinə aid nəfis xalçalarla tanış olurlar. Hazırda muzeydə 3429 eksponat var.
Müstəqillik illərində Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi istiqamətində digər əhəmiyyətli tədbirlər də həyata keçirilmişdir. Belə ki, peşə məktəblərində xalçaçılıq kursları, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi açılmış, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunması təşkil olunmuşdur. Xalq yaradıcılığı emalatxanasında, dərnəklərdə bu gün milli ornamentlər əsasında, müasir bədii-estetik zövqü oxşayan xalçalar toxunur.
Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət ixtisasları üzrə təhsil alan tələbələrə də Naxçıvan xalçaçılıq məktəbinin ənənələri öyrədilir. Muxtar respublikanın şəhər və rayonlarında “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” devizi altında evlərdə xalçaların toxunması işi həyata keçirilir. Bu, qadınların məşğulluğunu təmin etməklə yanaşı, həm də xalçaçılıq sənətinin yaşadılması istiqamətində atılan ən mühüm addımlardan biridir.
Ötən dövr ərzində Naxçıvan xalçaçılıq məktəbinin tədqiq olunması, sənədli filmlərin və yeni nəşrlərin hazırlanması da diqqətdə saxlanılıb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları – Naxçıvan qrupu” jurnalının çap olunması, “Naxçıvan xalçaları” sənədli filminin hazırlanması xalçaların toxuma üsullarının öyrənilməsində, xalçaçılıq məktəbi ənənələrinin gələcək nəsillərə çatdırılmasında dəyərli nəşrlər və informasiya mənbələridir. 2018-ci il yanvarın 26-da Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradovun birgə müəllifliyi ilə nəşr olunmuş “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimat mərasimi keçirilib. Bu kitab Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsində ən dəyərli nəşrlərdən biridir. Buradakı məlumatların Azərbaycan dili ilə yanaşı, ingilis, rus və ərəb dillərində verilməsi Naxçıvan xalçaçılıq məktəbi ilə bağlı elmi-tarixi faktların daha geniş oxucu kütləsinə çatdırılması məqsədinə xidmət edir. Kitabda Naxçıvanın ilkin sivilizasiyadan müasir intibaha qədər keçdiyi yol, siyasi və sosial-iqtisadi inkişaf tarixi, bu qədim diyarda xalçaçılıq məktəbi, xalçaçılıq və boyaqçılığın inkişafı elmi əsaslarla araşdırılıb.
Bütün bunlar isə bir daha təsdiq edir ki,qədim ənənələrə malik xalçaçılıq sənəti bu gün Naxçıvanda yeni inkişaf mərhələsinə qədəm qoyub. Nənələrimizin zəhmətkeş əllərinin, bədii zövq və təxəyyüllərinin məhsulu olan bu qədim sənətin yaşadılması və inkişafı üçün dövlətimiz tərəfindən atılan addımlar xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə verilən böyük önəmin ifadəsidir.
Ruqiyyə RZAYEVA
AMEA Naxçıvan Bölməsi
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı