Aprelin 20-də Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadənin ev-muzeyində “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 112-ci ildönümü qeyd edilib.
Tədbiri muzeyin direktor əvəzi Kəmalə Tahirova giriş sözü ilə açaraq bildirib ki, mütərəqqi ideyaların carçısı olan “Molla Nəsrəddin” jurnalının Azərbaycan mətbuatı tarixində özünəməxsus yeri var. Jurnalın “Molla Nəsrəddin” adı ilə fəaliyyətə başlaması naşirin və əməkdaşların qədim və zəngin milli xalq ədəbiyyatı ənənələri, güclü Şərq koloriti ilə sıx bağlılığını göstərirdi. Cəlil Məmmədquluzadə mövcud şəraitdə satirik gülüşə olan ehtiyacı xatırladaraq yazırdı: “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”.
Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Hüseyn Həşimli “Azərbaycan ədəbiyyatının böyük ustadı” mövzusunda çıxışında qeyd edib ki, Cəlil Məmmədquluzadə ədəbi-ictimai fəaliyyətilə ədəbiyyat tariximizdə xüsusi yer tutur. Görkəmli sənətkarın başlıca məramı Vətənə, xalqa xidmət idi. Böyük söz ustadı Cəlil Məmmədquluzadə cəmiyyətdəki və mənəviyyatdakı nöqsanlara qarşı satiradan ən kəskin bir silah kimi istifadə edirdi. Onun yaradıcılığındakı bədii gülüş çox rəngarəng, mənalı və məzmunludur.
Tədbirdə Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevin “Molla Nəsrəddin necə yarandı?”, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərlinin “Mollanəsrəddinçi rəssamlar” mövzularında çıxışları dinlənilib.
Sonra Naxçıvan Qızlar Liseyinin şagirdləri Cəlil Məmmədquluzadənin hekayə və felyetonları əsasında hazırlanmış kompozisiyanı tədbir iştirakçılarına təqdim ediblər.
Tədbirin sonunda “Molla Nəsrəddin – 112” sərgisinə baxış olub.
Əli RZAYEV