23 Dekabr 2024, Bazar ertəsi

YUNESKO 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında hər il aprel ayının 23-nü Ümumdünya Kitab və Müəllif Hüquqları Günü elan etmişdir.  

Kitab çapının meydana gəlməsindən bu günümüzədək neçə əsrdir ki, kitab mənəvi və əqli sərvətlərimizin nəsildən-nəslə ötürülməsində əvəzsiz rol oynamaqdadır. Orta əsrlərdə Azərbaycan şairləri əsərlərinin sonunda əsl adı və poetik ləqəbi işlətməklə müəlliflik hüququnun səmərəli qorunma formasından istifadə etmişlər.
Azərbaycan kitab mədəniyyətinin X-XII əsrlərdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoyması ədəbiyyat, coğrafiya, təbabət, astronomiya, tarix, fəlsəfə, məntiq və elmin başqa sahələrinə aid əsərlərin yaranmasına səbəb olmuşdur. Bu dövrdə Azərbaycan kitab tarixini zənginləşdirən böyük alimlər, şairlər yaşamışdır. Eyni zamanda bu dövrdə yaşamış Xətib Təbrizi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əfzələddin Xaqani, Nəcməddin Naxçıvani, Hinduşah Naxçıvani, Nəsirəddin Tusi, Qətran Təbrizi, Bəhmənyar, Mahmud Şəbüstəri və başqalarının müəllif hüquqlarının qorunmasını ortaya qoyan əlyazmaları bu günə qədər gəlib çatmışdır. Kitab tariximizin ilk mərhələsinə aid olan əlyazmalar ölkəmizdən başqa, dünyanın ABŞ, Rusiya, Fransa, Almaniya, Vatikan, Polşa, Çexiya, Çin, Türkiyə, İran, Özbəkistan və başqa ölkələrində qorunub saxlanılmaqdadır.

Humanizm və bilik mənbəyi olan Azərbaycan klassiklərinin kitabları orta əsrlərdə böyük şöhrət qazanmışdı. Sonrakı dövrlərdə də Azərbaycanın Naxçıvan, Ordubad, Bakı, Şamaxı, Gəncə, Bərdə, Qarabağ və başqa yerlərində yaradılan kitablar dərin məzmunu, dilinin bədiiliyi, tərtibatının gözəlliyi ilə seçilirdi. Bu əlyazma və kitablar bədii tərtibat cəhətdən bir-birindən fərqlənirdi. Katiblik, xəttatlıq, miniatür sənəti ən şərəfli peşə kimi bu dövrdə böyük hörmət qazanmışdı. Kitab sənətkarlarımız xəttat Mirəli Təbrizi, Qazı Məhəmməd Bağır Ordubadi, Əbdülbaqi Danişmənd, Qasım bəy Səhhaf və onlarla başqaları kitab mədəniyyətimizin formalaşmasında və inkişafında böyük xidmətlər göstərmişlər. Məhz buna görə də Azərbaycan kitabları dünyanın tanınmış kitabxanalarına yol tapmış və bu günə qədər gəlib çıxmışdır.
“Azərbaycan xalqının milli sərvəti onun intellektual potensialıdır, mədəniyyəti, ədəbiyyatıdır. Biz müstəqil dövlətimizi boş yerdə qurmağa başlamamışıq. Bizim iqtisadi potensialımız kimi başqa bir sərvətimiz – intellektual potensialımız da var. Dahi insanlarımız Azərbaycanın böyük intellektual potensialını, mülkiyyətini yaradıblar”, – deyən Azərbaycan xalqının ümummilli ­lideri Heydər Əliyev milli sərvətimiz olan mədəniyyətimizi, ədəbiyyatımızı, kitab nəşrini, bir sözlə, xalqımızın intellektual potensialının qorunub yaşadılması və inkişaf etdirilməsi qayğısına qalmış, kitab nəşri və müəlliflik hüququ sahəsində böyük işlər həyata keçirmişdir.
XX əsrin 70-ci illərindən başlayaraq ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanda mətbəə və nəşriyyat sahələri yenidən qurulmuş, kitab nəşrinin kütləviliyini təmin etmək üçün mühüm tədbirlər görülmüş, bu sahədə çalışan intellektual və yaradıcı insanlara hərtərəfli qayğı göstərilmişdir. Müstəqillik illərində də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə kitab nəşri və müəlliflik hüququ sahəsində ardıcıl tədbirlər görülmüş, zəngin qanunvericilik bazası yaradılmışdır. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında”, 2000-ci ildə “Nəşriyyat işi haqqında”, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi və ölkə­mizdə Müəllif Hüquqları Agentliyinin yaradılması bu sahənin inkişafını təmin etmişdir.
Bu tədbirlər sonrakı illərdə də davam etdirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlar imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 6 sentyabr 2017-ci il tarixli Fərmanı müəllif hüquqları sahəsində sistemli tədbirlərin həyata keçirilməsinə yeni imkanlar açmışdır.
Bu gün Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, xalçaları, muğamları, xalq yaradıcılığı, ədəbiyyatı, memarlığı, milli mətbəxi və geyimləri, mədəni irsi haqqında kitablar nəşr olunur, zəngin elmi və mədəni potensialımızın dünyada tanıdılması, xalqımızın müəlliflik hüququnun beynəlxalq aləmdə qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Görülən işlərin bəhrəsi olaraq xalqımızın zəngin mədəniyyətinin və tarixinin ən gözəl inciləri ­YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Naxçıvan Muxtar Respublikasında da kitab nəşri və müəllif hüquqlarının qorunmasına ciddi diqqət yetirilir, bu sahədə görülən işlərin əhatə dairəsi getdikcə genişlənir. “Kitabxanaya və kitablara olan diqqət hər bir ölkənin inkişaf və tərəqqisində başlıca şərtdir”, – deyən Naxçıvan Muxtar Respublikası ­ Ali Məclisinin Sədri cənab Vasif ­Talıbovun diqqət və qayğısı ilə son illər muxtar respublikada fəaliyyət göstərən kitabxanaların yenidən qurulması, müasir binalara köçürülməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, elektron kitabxanaların istifadəyə verilməsi, kənd mərkəzlərində və ümumtəhsil məktəblərində zəngin kitabxana fondlarının yaradılması, nəşriyyatların müasir çap avadanlıqları və yeni bina ilə təmin olunması geniş mütaliə imkanları yaratmaqla yanaşı, həm də kitab nəşrinin sürətləndirilməsinə, müəlliflərin azad və maneəsiz fəaliyyətinə hesablanıb. Bu məqsədlə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Naxçıvan şəhərində Kitab Evi fəaliyyətə başlamış, Naxçıvan Muxtar Respublika Kitabxanasının binası əsaslı şəkildə yenidən qurularaq elektron kitabxana sistemi istifadəyə verilmişdir.
Qədim diyarımızda təhsil və elm müəssisələrində də kitabxanaların yenidən qurulması davamlı olaraq həyata keçirilir. Naxçıvan Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elektron kitabxanalar istifadəyə verilmişdir. Sağlamlıq imkanları məhdud insanların mütaliəsi üçün də lazımi şərait yaradılmış, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxana istifadəyə verilmişdir.
Bu gün muxtar respublikada kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, kitab fondlarının zənginləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən muxtar respublikanın kitabxanalarına yüz minlərlə elmi və bədii ədəbiyyat paylanmışdır. Təkcə 2017-ci ildə muxtar respublikanın kitabxanalarına 301 adda 13 mindən çox kitab və çap məhsulu daxil olmuşdur.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün istər Naxçıvan şəhərində, istərsə də ucqar dağ kənd­lərində kitabxana işi müasir tələblər səviyyəsində qurulmuşdur. Bu da insanların kitaba olan marağını artırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğı və himayəsi sayəsində nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan xanlığı”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan folkloru”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan milli geyimləri”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Nuh Peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvan tikmələri”, ‘‘Uşaqlar və Günəş”, “Naxçıvan mətbəxi”, ‘‘Naxçıvan-Şərur el yallıları”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları”, “Naxçıvan tarixi” çoxcildliyi, “Gülüstan türbəsi”, “Əlincəqala” və başqa kitablar tariximizi və milli dəyərlərimizi öyrənmək üçün dəyərli elmi mənbələrdir.
Muxtar respublikada müasir nəşriyyat və mətbəələrin fəaliyyət göstərməsi bu sahənin inkişafında mühüm rol oynayır. Naxçıvanda yaşayan yaradıcı şəxslər bu gün kitab nəşri sarıdan heç bir çətinlik çəkmirlər. Son illər şair və yazıçılarımızın yüzlərlə kitabı işıq üzü görmüşdür. Bütün bunlar bir daha muxtar respublikada müəllif hüquqlarına və kitab işinə göstərilən qayğının bariz nümunəsidir.
Gənc nəsildə vətənpərvərlik, torpağa bağlılıq, ləyaqət, mərhəmət, xeyirxahlıq kimi mənəvi dəyərlərin inkişafında kitab əvəzsiz xəzinədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq edilməsi təkcə qədim diyarımızda deyil, ölkə ictimaiyyəti, tanınmış ziyalılar tərəfindən də rəğbətlə qarşılanmışdır. Siyahıda adları qeyd edilən kitablar yeniyetmə və gənc­lərin vətənpərvərlik tərbiyəsinə, tarixi keçmişə, milli kökə bağlılığına və siyasi dünyagörüşünün möhkəmləndirilməsinə, ailədə, ictimai mühitdə davranış qaydalarına yiyələnməsinə xidmət edir.

Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşdirilməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, hətta bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində kitab və mütaliənin rolu mühüm əhəmiyyət kəsb edir. Kitablar həm də dilimizi sevdirməyin ən gözəl vasitəsidir. Xalqımıza böyük yaradıcı şəxsiyyətlər bəxş edən Naxçıvan torpağında müəllif hüquqlarının qorunması sahəsindəki zəngin ənənələr bu gün də davam və inkişaf etdirilir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR