Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru Aləmzər İbrahimova açaraq bildirib ki, 112 il bundan əvvəl nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı Azərbaycan mətbuat tarixinin ən parlaq səhifələrindən biridir. Jurnalın nəşrə başlaması təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə, bütün İslam aləmində də mühüm hadisə idi. Nəşr olunan hər yeni nömrə o zaman bütün Şərq dünyasında, ictimai dairələrdə böyük maraqla qarşılanırdı.
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, dosent Kamal Camalov “Mollanəsrəddinçilərin maarifçi görüşləri” mövzusunda çıxışında jurnalın xalqı təhsilə, elm və tərəqqiyə, milli birliyə çağıran ideyaların carçısı olduğunu bildirib.
Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, dosent Nəzakət İsmayılova “Mollanəsrəddinçi ədiblərimiz” mövzusunda çıxışında jurnalın daimi əməkdaşları Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyov və başqalarının yaradıcılığından geniş söhbət açıb.
Qeyd olunub ki, dövrünün bütün görkəmli nasir, şair və publisistləri jurnalın səhifələrində fəal iştirak ediblər.
Tədbirin sonunda Naxçıvan Musiqi Kollecinin tələbələri jurnalda çap olunan məqalə və felyetonlar əsasında hazırlanmış kompozisiya göstəriblər.
Əli RZAYEV