23 Dekabr 2024, Bazar ertəsi

Milli mətbuatımızın inkişafında “Molla Nəsrəddin” jurnalı özünəməxsus xidmətləri ilə mühüm yer tutur. Mübaliğəsiz demək olar ki, jurnal jurnalistika peşəkarlığı, müxbirlik məharəti, janr müxtəlifliyi, milli ideyalılığı, xalqa bağlılığı, xalq yaradıcılığı ənənələrinə sədaqəti, ana dilinə məhəbbəti və dilinin sadəliyi, eləcə də müasirliyi ilə səciyyələnirdi. Mübarizə amalı “xalqın xoşbəxtliyi yoluna” işıq salmaq olan bu jurnal 25 il ərzində “Vətən, millət, dil” ideyasına xidmət göstərib. 

Bütün bu xüsusiyyətlərinə, Azərbaycan xalqının inkişafı yolunda göstərdiyi xidmətlərə görə xalqımızın ümummilli lideri Heydər Əliyev “Molla Nəsrəddin” jurnalını və onun redaktoru Cəlil Məmmədquluzadə irsini yüksək qiymətləndirərək demişdi: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir”.
“Sizi deyib gəlmişəm” baş pro­qramı ilə xalqına və Vətəninə məhəbbətdən yoğurulmuş jurnalın ətrafında çoxsaylı ziyalı və ədiblər toplanaraq “Molla Nəsrəddin” adlı bir məktəb formalaşdırdılar. Jurnal özünün satirik ruhu, sadə dili ilə milli yaradıcılıq ənənələrini yeni əsrdə bir qədər də inkişaf etdirib zənginləşdirdi. Məhz onun xidmətləri sayəsində milli mətbuatımızda Azərbaycançılıq ideyalı kütləvi oxunaqlı­lığa malik yığcam publisistik janr nümunələri geniş meydan tapdı. Dövrünün görkəmli söz və fikir ustadı kimi geniş şöhrətə malik böyük ideoloq, məşhur “Füyuzat” jurnalının redaktoru Əli bəy Hüseynzadənin “Yaxşı yazırsınız... Belə də yazmaq olarmış” fikirləri də bu jurnalın milli mətbuat və jurnalistika tariximizdə tutduğu əhəmiyyətli yeri və oynadığı misilsiz xidmətləri etiraf edən mühüm faktdır. Bu baxımdan böyük ictimai xadim və görkəmli ədib Cəlil Məmmədquluzadə həm də milli mətbuatımızın inkişaf və intişarında mühüm xidmətləri ilə yadda qalmışdır. Bu mənada, bənzərsiz yumoristik, rəngli və şəkilli jurnal olan “Molla Nəsrəddin” “Dünyada sözdən böyük yadigar yoxdur”, – deyən ustad Cəlil Məmmədquluzadənin və onun yoldaşları olan mollanəsrəddinçi ədiblərin məhəbbətlə sevdik­ləri Azərbaycan xalqına və onun gələcəyinə miras qoyduqları ən böyük yadigar oldu. Görkəmli akademik, böyük mirzəcəlilşünas alim İsa Həbibbəylinin də yazdığı kimi: “Şərq aləminə ilk satira günəşi ilk dəfə “Molla Nəsrəddin”dən doğmuşdur. Məhkum Şərqin oyanışı, dirçəlişi və istiqlalı uğrunda geniş, sistemli və ardıcıl mübarizə “Molla Nəsrəddin” dərgisi ilə başlamışdır. “Molla Nəsrəddin” dərgisi Azərbaycanda və türk-müsəlman dünyasında milli azadlıq və müstəqillik uğrunda mübarizənin ədəbiyyatda və mətbuatdakı sərkərdəsidir”.

Böyük alim və publisist Məhəmməd ağa Şahtaxtılının “Şərqi-Rus” qəzetindən başlanan “jurnalistika məşqindən” sonra qəlbi xalqına xidmət amalı ilə döyünən dahi söz adamı Cəlil Məmmədquluzadə görkəmli ziyalı, əqidə və məslək dostu Ömər Faiq Nemanzadə ilə birgə dünyalarca məşhur olan “Molla Nəsrəddin” jurnalının əsasını qoydu. Mirzə Cəlil mollanəsrəddinçi ədiblərin ağsaqqalı, yolgöstərəni və ideoloqu idi. Bu jurnalın xidmətlərindən biri də o idi ki, Azərbaycan ictimai fikir və ədəbiyyatı tarixinə Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacı­bəyli, Yusif Vəzir Çəmənzəminli, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Mirzə Əli Möcüz və başqa görkəmli ədəbi simalar bəxş etmişdir. Karikatura və şəkillərə üstünlük verən “Molla Nəsrəddin” dərgisi həm də Azərbaycanda satirik qrafika və karikatura sənətinin yaranmasına vasitə olaraq Oskar Şmerlinq, İozef Rotter, Əzim Əzimzadə, Seyidəli Behzad, İsmayıl Axundov, Hüseyn Əliyev, Qəzənfər Xalıqov və başqaları kimi karikatura ustalarının da formalaşmasına səbəb olmuşdur. Xalqına bağlı insanların Vətənə xidmət vasitəsinə çevrilən “Molla Nəsrəddin” jurnalı ictimai inkişaf baxımından bir çox xalqları qabaqlamaqla Azərbaycan xalqının mübariz və vətənsevər ziyalılarının əldə etdiyi böyük nailiyyəti bütün türk-müsəlman dünyasında təzahür etdirirdi. Adından tutmuş üslubuna qədər xalq yaradıcılığı ənənələrinə dayanan “Molla Nəsrəddin” qısa zamanda bütün Şərq aləmi və Türk dünyasında böyük şöhrət qazandı. Xalq lətifələrinə dayanaraq yaranan felyetonlar da adı “Molla Nəsrəddin” seçilən milli mətbuat orqanının “öz üzərinə gülmək” üslubuna uyğun ədəbi xidmət göstərirdi. Mollanəsrəddinşünasların yazdığı kimi də, “teleqram, atalar sözləri, poçt qutusu, bilməli xəbərlər” kimi məlum anlayışlar bilavasitə jurnalın kəşfi olaraq jurnalın aparıcı janrlarına çevrilmiş, mətbuatda janr kimi yetkinləşmişdir.
1906-cı il aprel ayının 20-də nəşr olunan “Molla Nəsrəddin” jurnalı “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” müraciəti ilə, bütövlükdə, xalqı, müsəlman və türk aləmini özünə ünvan seçmişdi. “Ax unudulmuş Vətən, ax yazıq Vətən! Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən hardasan, ay biçarə Vətən!”, – deyə həmvətənlərini oyatmağa səsləyən jurnal “gərək bir-birinizlə əl-ələ verəsiniz... yəni birləşəsiniz. Çünki vallah, billah, yer haqqı, göy haqqı, bundan başqa sizdən ötrü nicat yolu yoxdur”, – deyə azərbaycanlıların həmrəyliyi və birliyi ideyası ilə çıxış edirdi. Təsadüfi deyil ki, “Sizi deyib gəlmişəm”, “Azərbaycan”, “Vətəndaşlar”, “Cümhuriyyət” və sair kimi məqalə və felyetonlar Azərbaycan jurnalistikasının yeni məzmunda inkişafına əvəzsiz töhfə vermişdir. “...Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı”, – deyə xalqının istiqlaliyyəti, milli oyanışı və inkişafı yolunda dönmədən xidmət göstərən tanınmış ictimai xadim və ədib Cəlil Məmmədquluzadə, bütövlükdə, vətəndaşlıq məktəbi, vətənpərvərlik dərsliyidir.
Qısa fasilələrlə 748 nömrəsi işıq üzü görən jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunmuşdur. Bu mətbu orqan Azərbaycan ictimai fikir tarixində tənqidi-realizm cərəya­nını formalaşdırmışdır. “Baraban” jurnalı rusca, “Şeypur” jurnalı isə Azərbaycanca bu məşhur mətbuat orqanının mütərəqqi ənənələrini davam etdirərək ən çətin və məsuliyyətli vaxtlarda Azərbaycan xalqına milli-ideoloji cəhətdən xidmət göstərmişdir. “Molla Nəsrəddin” çap olunduğu müddət ərzində milli mənafe və ideologiyaya xidmət etmişdi. Jurnal konkret ictimai mühit və dövrün tələbləri ilə bağlı hərəkət edir, ictimai sifarişləri nəzərə alaraq milli istiqlal və siyasi bütövlük ideallarını da ifadə edirdi. Cəlil Məmmədqulu­zadə Azərbaycanın birliyi və bütövlüyü, milli istiqlalı kimi bir sıra vacib məsələləri qələmə almışdır. Ümumiyyətlə, “Molla Nəsrəddin” jurnalı yeganə və ilk mətbuat orqanı idi ki, sözün əsl mənasında, böyük və bütöv Azərbaycan coğrafiyası və ideyasını ortaya qoymuşdur. Sovet dövründə də “Molla Nəsrəddin” jurnalı totalitar sovet rejimi dövründə sərt tənqid, qınaq və təqiblərə məruz qalmış, 1931-ci ildə “Molla Nəsrəddin” jurnalı öz fəaliyyətini dayandırmışdır. Haqsız təqib və ittihamlara dözməyən böyük mütəfəkkir yazıçı, “Molla Nəsrəddin” jurnalının banisi Cəlil Məmmədquluzadə 1932-ci ildə dünyasını dəyişmişdir.
Azərbaycan Republikası Prezidenti cənab İlham Əliyevin 2006-cı il 23 yanvar tarixdə imzaladığı “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi haqqında” Sərəncama əsasən jurnalın ilk nömrəsinin işıq üzü görməsinin 100 illiyi dövlət səviyyəsində qeyd olundu. Sərəncama əsasən xüsusi ədəbi məktəb yaratmış, milli mətbuatımızın inkişafına öz töhfələrini vermiş, ədəbiyyat və mədəniyyət tariximizdə özünəməxsus yeri olan, nəinki Azərbaycanda, Yaxın Şərq ölkələrində demokratik ideyaların təbliğinə misilsiz töhfələr vermiş jurnalın nəşri tarixi, mollanəsrəddinçi bədii-publisistik irs müstəqillik işığında yenidən tədqiq və təbliğ olunmağa başlandı. Dövlət başçısının 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə xalqımızın görkəmli yazıçı-publisistləri ilə yanaşı Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi və digər mollanəsrəddinçilərin də bədii-publisitik əsərləri latın qrafikalı Azərbaycan əlifbası ilə yenidən kütləvi şəkildə nəşr olunub oxucuların ixtiyarına verildi. Bu da mollanəsrəddinçi ədəbi irsə yüksək ehtiramın ifadəsi idi.
Jurnalın yaradıcısı, dahi ədib Cəlil Məmmədquluzadənin, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar kimi tanınmış mollanəsrəddinçilərin doğulub boya-başa çatdığı Naxçıvan Muxtar Respublikasında da onların xatirəsi əbədiləşdirilmişdir. Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərinin mərkəzində heykəli ucaldılmış, onun 100, 125, 140 illik yubileyləri ilə bağlı bir sıra tədbirlər keçirilmişdir. Bu gün Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, Naxçıvan Dövlət Musiqili Dram Teatrı görkəmli ədibin adını daşıyır. Böyük yazıçının Naxçıvan şəhərindəki ev-muzeyi, Cəlilkənddə və Nehrəmdə Cəlil Məmmədquluzadənin Xatirə muzeyləri fəaliyyət göstərir. Tanınmış yazıçı Məmməd Səid Ordubadinin anadan olmasının 100 illiyi münasibətilə 1972-ci ilin iyununda onun anadan olduğu mənzildə ev-muzeyi yaradılmış, 2009-cu ildə muzey əsaslı təmir olunmuşdur. Görkəmli ədibin 140 illik yubileyi ölkəmizdə, xüsusilə də Naxçıvanda geniş qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na hər iki ədibin əsərləri də daxil edilmişdir. Naxçıvanda görkəmli mirzə­cəlilşünas, akademik İsa Həbibbəyli və digər ədəbiyyatşünaslar tərəfindən mollanəsrəddinçi ədəbi irsin tədqiqi istiqamətində də əhəmiyyətli işlər görülmüş, mirzəcəlilşünaslıq məktəbi formalaşmışdır.
Sonda qeyd edək ki, “Molla Nəsrəddin” jurnalı “Şərq həyatının ­ensiklopediyası” adlana biləcək, “xalqa... “öz camalını” göstərib, onu “fikirləşməyə çağıran” bir ­məcmuə kimi xalqımızın qarşısındakı böyük xidmətlərinə görə heç zaman öz əhəmiyyətini itirməyəcək, həmişə öz gülüş və qəhqəhələri ilə yaddaşlarımızda düşünən və düşündürən publisistika kimi qalacaqdır.

Ramiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR