2018-ci ilin birinci rübü başa çatmışdır. Bu dövrdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əlamətdar və tarixi günlərlə bağlı tədbirlər, muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, Naxçıvan Dövlət Rəsm Qalereyasında “Ulu öndər Heydər Əliyev gənc rəssamların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Heydər Əliyev Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzey bələdçiləri üçün seminar-treninq keçirilmiş, distant və açıq dərslər davam etdirilmişdir. Rüb ərzində muzeyləri 41 min 33-ü əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 116 min 653 tamaşaçı ziyarət etmişdir. Bu dövrdə muzeylərə 402 yeni eksponat daxil olmuşdur. “Şərur” Xalq Yallı Ansamblı Türkiyə Respublikasında “Kastamonu 2018 – Türk Dünyası Mədəniyyət Paytaxtı”nın açılış mərasimində və TURKSOY səviyyəsində keçirilən Novruz şənliklərində uğurla çıxış etmişdir.
Bu dövrdə kitabxanalarda 143 mədəni-kütləvi tədbir və 102 sərgi keçirilmişdir. Muxtar respublikanın kitabxanalarına 18 adda 2600-ə yaxın kitab və çap məhsulu verilmişdir. Kitabxanalara oxucu gəlişi 33 min 627, kitab verilişi 174 min 838 nüsxə olmuşdur. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublikasının elektron kitabxanasından 2 min 236 oxucu istifadə etmişdir. Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində, Musiqi Kollecində metodik kurslar, ustad dərsləri, hesabat konsertləri, intellektual oyunların keçirilməsi davam etdirilmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrı “İblis”, Naxçıvan Dövlət Kukla Teatrı “Kələkbazlar”, “Keçinin qisası”, “Uf-uf xanım”, “Göyçək Fatma”, “Niyyət açarı”, “Meşə macəraları”, “Ələddinin sehrli çırağı”, Naxçıvan Dövlət Uşaq Teatrı isə “Bizə dovşan və meşəbəyi lazımdır” tamaşalarını nümayiş etdirmişlər. Bu dövrdə Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Musiqi Kollecinin ansambl və orkestrlərinin müxtəlif konsert proqramları olmuşdur.
Muxtar respublikanın turizm potensialının öyrənilməsi və təbliği istiqamətində işlər də davam etdirilmişdir. Rüb ərzində nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə 190 əl işi satılmış, Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet səhifəsinə 41 min 408 baxış qeydə alınmışdır. Bundan başqa, Naxçıvan Dövlət Xalça Muzeyinin internet səhifəsinin 5 min 746, “Əlincəqala” tarixi abidəsinin internet səhifəsinin 1692 izləyicisi olmuşdur. “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi tərəfindən də bir sıra işlər görülmüş, 9 mətbəx nümunəsi və milli mətbəxlə bağlı 35 folklor nümunəsi toplanmış, mərkəzin sosial şəbəkələrdəki səhifəsinə 3 min 400-dən çox baxış qeydə alınmışdır.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti