Naxçıvan Dövlət Rəsm Qalereyasında “Ulu öndər Heydər Əliyev gənc rəssamların gözü ilə” mövzusunda keçirilən rəsm müsabiqəsi başa çatıb.
Müsabiqə təhsil, mədəniyyət və turizm müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2017-2018-ci tədris ili üçün nəzərdə tutulmuş tədbirlər planına əsasən dahi şəxsiyyətin anadan olmasının 95-ci ildönümünə həsr edilib. Müsabiqə muxtar respublika məktəbləri şagirdlərinin yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi, gənc nəslin mənəvi, bədii-estetik dünyagörüşünün formalaşdırılması, gənclərdə vətənpərvərlik duyğularının daha da gücləndirilməsi məqsədi daşıyır. Ötən il oktyabr ayının sonlarında start verilən müsabiqənin rayon mərhələləri keçirilmişdi. Rayonlar üzrə fərqlənən şagirdlər müsabiqənin yekun mərhələsində iştirak ediblər.
Bildirilib ki, son illər Naxçıvan rəssamları da ulu öndərə həsr olunmuş çoxsaylı təsviri incəsənət nümunələri yaradıblar. Bu rəsm əsərlərinin bir neçəsi Naxçıvan Dövlət Rəsm Qalereyasında nümayiş etdirilir.
Sonra gənc rəssamların müsabiqənin yekun mərhələsində çəkdikləri rəsm əsərləri münsiflər heyətinin iştirakı ilə qiymətləndirilib. Müsabiqənin qaliblərinə diplomlar, fərqlənən digər şagirdlərə isə fəxri fərmanlar verilib.
Əli RZAYEV