Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə kitabxana işçiləri üçün ongünlük kurs başa çatıb. Dünən bu münasibətlə Naxçıvan Musiqi Kollecində keçirilən tədbirdə kitabxana işinin təşkili və müasir tələblər üzrə ixtisasartırma kursunu bitirən kitabxanaçılara sertifikatlar təqdim edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, nazirlik tərəfindən mütəmadi olaraq kitabxana işi ilə bağlı maarifləndirici tədbirlər keçirilir. Kitabxanaçılara elmi-metodik köməklik göstərilir, onların peşəkarlığı artırılır.
Qeyd edilib ki, indiyədək kitabxana işçiləri üçün 5 dəfə ongünlük kurs təşkil edilib. Həmin kurslarda 133 nəfər iştirak edib ki, onlardan da 122 kitabxanaçıya sertifikatlar təqdim edilib. Kurslarda kitabxana işinin elmi əsaslarla təşkili və idarə edilməsi, oxuculara xidmətin yüksək səviyyədə təşkil olunması, kitabişləmə, kitab fondlarının yaradılması, biblioqrafiya işlərinin təşkili, ümumiyyətlə, kitabxana işi ilə əlaqədar olan bütün mövzular tədris edilib. Nazir çıxışının sonunda kursu müvəffəqiyyətlə bitirənləri təbrik edib və onlara işlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, AMEA-nın müxbir üzvü Oruc Həsənli kitabxana işinin düzgün təşkilinin tədrisin keyfiyyətinə, kadr hazırlığı prosesinə əhəmiyyətli təsirindən bəhs edib. Vurğulanıb ki, bütün sahələr kimi kitabxana işi də daim yeniliklərlə zənginləşir və bütün bunlar da tələb edir ki, kitabxana işçisi öz üzərində çalışsın, yeni texnologiyaları mənimsəsin.
Kursu tədris edənlərdən filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova və tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova isə çıxışlarında kitabxana işinin nəzəri və praktik cəhətdən əhəmiyyətindən bəhs edərək bildiriblər ki, bu peşənin sahibi həm kitablar haqqında məlumata malik olmalı, həm də oxucu ilə işləməyi bacarmalıdır.
Əli RZAYEV