Hər il aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.
Ölkəmiz bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdəndir. Xalqımızın tarixi qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb. Əcdadlarımızın yadigarı olan abidələr Azərbaycan xalqının keçmişinin, qədim mədəniyyətinin göstəricisi, minilliklər boyu bu torpaqlarda yaşadıqlarını sübut edən daş yaddaşıdır.
“Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün böyük işlər görülmüş, zəngin qanunvericilik bazası yaradılmışdır. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcu kimi təsbit olunmuşdur. Bundan əlavə, 10 aprel 1998-ci ildə qəbul edilən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda abidələrin qorunmasının dövlət təminatı, onların əhəmiyyət dərəcələri, tədqiqi və mühafizəsi öz əksini tapmışdır.
Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə tarixi abidələrimizin bərpası, qorunması və tədqiqi mühüm tədbirlər sırasına çəkilmişdir. Bir sıra tarixi abidələrimiz YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmışdır. Milli mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
Naxçıvan xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngindir. Qayaüstü təsvirlərin qeydə alındığı Gəmiqaya abidəsi Naxçıvanın ən qədim dövr incəsənətinin, mənəvi və maddi mədəniyyətinin canlı ensiklopediyasıdır. Gəmiqayanın 1500-ə qədər qayaüstü rəsmləri, müxtəlif kompozisiyalı təsvirlərlə birlikdə həndəsi işarələri, piktoqrafik yazıları insan təfəkkürünün, estetik baxışlarının, dünyagörüşünün, təsəvvürlərinin bu günə çatdırılması baxımından əvəzsiz mənbədir.
Naxçıvan ərazisində mövcud olan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Qazma mağarası, Kilit mağarası, I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun, Gəmiqaya, Xaraba Gilan, Quyulu dağ, Möminə xatın, Qarabağlar, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Əlincə qalası, Ovçular təpəsi, Oğlanqala, Xələc, Fərhad evi, Naxçıvanqala, tarixi təbiət abidələrindən – Haçadağ, Batabat, Duzdağ, Babək qalası, Dəvəboynu və başqa yüzlərlə abidə keçmişimizi bu günə daşıyan, maddi və mənəvi həyatımızın güzgüsü rolunu oynayan sənət və təbiət inciləridir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək deyirdi: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.
Bu gün dünyanın ən qədim insan məskənlərindən biri olan Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamına uyğun olaraq Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilmiş, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılmışdır. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilmiş, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamı ilə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqinə stimul vermiş, bu dövrdə 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılmışdır.
Abidələr təkcə tarixin yaddaşı və yadigarları deyil, eyni zamanda maddi-mədəniyyət nümunələridir. Ona görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Son illər qədim diyarımızda 60-dan çox abidəyə ikinci həyat verilmiş, Möminə xatın türbəsi konservasiya edilmiş, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində əsaslı təmir işləri aparılmış, Yusif Küseyir oğlu türbəsi və Nuh Peyğəmbərin məzarüstü türbəsi, imamzadələr, muxtar respublika ərazisindəki qədim hamamlar və buzxanalar, “Came” məscidi, Zaviyə mədrəsəsi, Xan sarayı, Aza körpüsü, Qeysəriyyə, Naxçıvanqala və digər tarixi abidələr əsaslı bərpa olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”, 2016-cı ildə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” imzaladığı sərəncamlar da tariximizin və mədəni irsimizin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir.
Hazırda Kəngərli rayonunda XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksində, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid Şərq hamamının bərpası davam etdirilir. Babək rayonunun Nehrəm kəndində XVIII əsrin yadigarı olan İmamzadənin və Naxçıvan şəhərində XVIII əsrə aid İmamzadə Kompleksinin bərpası başa çatdırılıb. Bundan başqa, son illərdə qədim diyarımızda möhtəşəm türk-islam memarlığı abidələri olan məscidlər inşa olunaraq istifadəyə verilmişdir.
Muxtar respublikada abidələrimizin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan”, 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ”, 2016-cı ildə “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzularında beynəlxalq simpoziumların və konfransların keçirilməsi, bu mənada, mühüm əhəmiyyət daşıyır. Bu simpoziumlar alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermiş, beşminillik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilmişdir. Muxtar respublikada aparılan arxeoloji ekspedisiyalarda ABŞ, Fransa, Türkiyə, Macarıstan və başqa ölkələrin arxeoloqları iştirak edirlər. Muxtar respublikamızdakı abidələrin öyrənilməsi və təbliği sahəsində də əhəmiyyətli işlər görülür. 2008-ci ildə “Naxçıvan Abidələri Ensiklopediyası”nın nəşr edilməsi təkcə Naxçıvanın deyil, bütövlükdə, Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Ensiklopediya Naxçıvan abidələrinin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbədir. Son illər nəşr olunan “Naxçıvan tarixi atlası”, “Nuh Peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvan tarixi” çoxcildliyi, “Gülüstan türbəsi”, “Əlincəqala”, “Dədə Qorqud yurdu Naxçıvan: tarixi-coğrafi və etnoqrafik atlas”, “Naxçıvan - türk-islam mədəniyyəti abidələri” və başqa çoxsaylı kitablar bu sahədə görülən işlərin ardıcıllığını göstərir.
Naxçıvanın abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasında əhəmiyyətli rol oynayır. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər baxımından səyahət turizminin ən ideal məkanlarındandır. Muxtar respublikaya səfər edən hər bir turist buradan xoş təəssüratla ayrılır.
Hər bir xalqın qədimliyi onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır. Tarixi-mədəni irsimizi qorumaq isə hər birimizin borcudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar” .
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti