23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Tarixi məlumatlara əsaslanaraq demək olar ki, hələ eramızdan neçə minilliklər əvvəl, Tunc dövründə, Azərbaycan ərazisində rəqs sənəti insanların məişətində mühüm yer tutub. Belə ki, Nuhun torpaq üzərinə çıxdığı Gəmiqayada,  Bakının yaxınlığındakı Qobustanda qədim rəqslərdən xəbər verən qaya təsvirləri, rəqs edən fiqurlar bunun əyani sübutudur. Bu tapıntı bir qaynaqda belə ifadə olunur: “Uzaq keçmişin rəssamı bu rəsm təsvirini, təqribən, səkkiz-on min il bundan əvvəl yaradıb”.

Məlumdur ki, rəqs sənətinin ən qədim formalarında insanların məişət şəraiti, dünyagörüşləri öz əksini tapıb. Erkən orta əsrlərdən başlayaraq, əsasən, mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri formalaşmağa başlayıb. Xalq rəqslərimiz mövzu baxımından rəngarəngdir; bu rəqslərin əmək, mərasim, məişət, qəhrəmanlıq və başqa növləri vardır. Onlar ritmik xarakterinə, melodik xüsusiyyətlərinə, rituallarının zənginliyi və rəngarəngliyinə görə bir-birindən fərqlənir.
Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – “Mirzəyi”, “Turacı”, “Uzundərə”; yüngül, şən – “Tərəkəmə”, “Ceyranı”, “Brilyant”; şıdırğı – “Qaytağı”, “Qazağı”, “Xançobanı”. Bəzi rəqslərin adı isə dəqiq hərəkətlərlə bağlıdır: “Süzmə”, “Kəsmə”, “Atlanma”, “Çolağı” və sair.

Qadın və kişi rəqsləri də bir-birindən fərqlənir. Qadın rəqslərində xüsusi milli geyim ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin hərəkətinə yönəlir. Kişi rəqsinin əsas elementi isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizlərini sürətlə yerə vurur. Qadın rəqsləri təmkin, plastika, yumşaq ahəng və lirika (“Vağzalı”, “Nəlbəki”, “Ceyranı”, “Turacı”, “İnnabı” və sair), kişi rəqsləri isə iti sürətlilik, igidlik və güc ifadə edir (“Qazağı”, “Qaytağı”, “Xançobanı”).
Milli rəqslərimiz zəngin mədəniyyətimizin tərkib hissəsi olub, milli dəyərlərimizi yaşadan xalqımızın ən qədim dəyərlərindəndir. Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı da fəaliyyətində bu dəyərləri yaşadır və təbliğ edir.
59 yaşlı ansamblın yarandığı vaxtdan bu günədək keçdiyi inkişaf yolu və fəaliyyəti barədə filarmoniyanın mahnı və rəqs ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayevlə həmsöhbət olduq. Öyrəndik ki, Naxçıvanda ilk dəfə mahnı və rəqs ansamblı 1959-cu ildə “Araz” adı ilə fəaliyyətə başlayıb. Belə bir ansamblın yaranması təbii zərurətdən irəli gəlirdi. 1983-cü ildə həmin ansamblın bazası əsasında Naxçıvan Dövlət Filarmoniyası fəaliyyətə başlayıb. Bununla da, qədim Naxçıvan torpağında yeni bir musiqi ocağının əsası qoyulub.
Müsahibim qeyd edir ki, muxtar respublikanın musiqi sənətinin inkişafında, təşəkkül tapmasında, gənc kadrların yetişməsində və formalaşmasında “Araz” Mahnı və Rəqs Ansamblının xüsusi xidmətləri olub. Naxçıvanlı müğənnilər, musiqiçilər, rəqqaslar, bəstəkarlar məhz bu sənət ocağında formalaşıb və sənətkarlıq məziyyətlərini artırıblar. O zamanlar mahnı və rəqs ansamblının geniş təşəkkül tapmasında Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Ələkbərovun, görkəmli tarzən, mədəniyyət xadimi Əkrəm Məmmədovun və başqalarının çox böyük xidmətləri olub.
Faktlara söykənib demək olar ki, bu illər ərzində yaradıcı kollektivə istedadlı gənclər cəlb olunmuş, burada qabiliyyətli musiqiçilər, müğənnilər, rəqqaslar yetişmişdir. Çingiz Axundov, Elman Əliyev, Tamerlan Bağırov, Qəribə Həsənova və başqaları istedadları və bacarıqlarıyla çoxsaylı tamaşaçıların rəğbətini qazanmışlar.
Bu gün böyük bir nəğməli kollektivi birləşdirən Naxçıvan Dövlət Filarmoniyası özünün fərəhli, sevincli günlərini yaşayır. Əsasən, istedadlı gəncləri öz ətrafında toplayan filarmoniyanın nəzdində xalq çalğı alətləri orkestri, kamera orkestri, mahnı və rəqs ansamblı, estrada orkestri fəaliyyət göstərir.
Müsahibim onu da əlavə etdi ki, ansamblın tərkibinə gənclərin cəlbi məsələsində qabiliyyət və istedad əsas götürülür. Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlər Universitetinin İncəsənət fakültəsinin istedadlı gənclərini də ansambl və orkestrin tərkibinə cəlb edirik. Bu gün Sərxan Abdullayev, Nurlan Nuriyev, Mahir Məmmədov, Məhəmmədəli Babayev, İlkin Abdullayev, Nuray Nəzərova və digər onlarla istedadlı gənclər kollektivdə fəaliyyət göstərməklə muxtar respublikamızı hər yerdə layiqincə təmsil edirlər.
Öyrəndik ki, “Qazağı”, “Heyvagülü”, “Lalə”, “Qızılgül”, “İnnabı”, “Şalaxo” kimi Azərbaycan xalq rəqsləri ansamblın repertuarını bəzəyir. “Uzundərə”, “Toy rəqsi”, “Yüzbiri”, “Novruzu”, “Xançobanı”, “Naz eləmə”, “Qaytağı”, “Şən rəqs”, “Məzəli rəqs”, “Nəlbəki”, “Ağ çiçək”, “İncəlik” və digər milli rəqslərimiz isə ansamblın ifasında insanın zövqünü oxşayan, onu riqqətə gətirən əvəz­olunmaz, musiqi və emosional hərəkətlər məcmusudur.
Milli rəqslərimizdən insanlara birlik təlqin edən, onların qəlbində pak duyğular oyadan, vətənpərvərlik hissləri aşılayan yallılarımız ansamblın daha çox müraciət etdiyi rəqslərdəndir. Bunlar içərisində “Köçəri”, “Tənzərə”, “El”, “Qobustan” və “Şərur” yallıları üstünlük təşkil edir. Səid Rüstəmovun “Azərbaycan süitası”, Əkrəm Məmmədovun “Naxçıvan süitası”nda isə kollektivin musiqi istedadı və texniki imkanları, onun ifadəli və yüksək ansambl mədəniyyəti əhəmiyyətli dərəcədə özünü göstərir.
Kollektiv yazılı mənbələrdən istifadə etməklə, yaşlı nəslin nümayəndələrinin xatirələrindən bəhrələnməklə unudulmuş milli rəqslərimizə də yeni həyat verir. Bunlardan “Qavalla”, “Üç gül”, “Sarı gəlin” rəqslərinin adını çəkmək olar ki, bu milli rəqslər tam dolğunluğu ilə bərpa edilərək repertuara salınıb. Bu isə keçmişimizə hörmət, gələcəyimizə isə qiymətli ərməğandır.
Hər zaman yaradıcı axtarışlarda olan, repertuar zənginliyinə ciddi diqqət yetirən kollektiv muxtar respublikamızda keçirilən tədbirlərdə, bayram şənliklərində, eləcə də müxtəlif ölkələrdə xalq və bəstəkar mahnıları, təsniflər, muğamlar, eyni zamanda xalq rəqslərimizin də daxil olduğu maraqlı konsert proqramları ilə çıxış edir. Bunlara nümunə kimi kollektivin Qazaxıstan, Tacikistan, Özbəkistan, Rusiya, Türkiyə, Gürcüstan, Polşa və başqa xarici ölkələrdə keçirilən müxtəlif səpkili tədbirlərdəki, festivallardakı uğurlu çıxışlarını göstərə bilərik. Ansamblın tərkibində fəaliyyət göstərən solistlər Azərbaycan mahnı və rəqslərini ustalıqla, əsl peşəkar səviyyəsində ifa edirlər. Onlar milli muğamlarımızı, xalq mahnılarını, bəstəkar mahnılarını, rəqslərimizi geniş şəkildə təbliğ edir, musiqimizin ecazkar qüdrətini, çoxəsrlik tarixi köklərə malik milli dəyərlərimizi və zəngin mənəviyyatımızı yüksək səviyyədə nümayiş etdirirlər.
Müsahibim sonda qeyd etdi ki, böyük bir sənət yolu keçən, milli musiqi və incəsənətimizin təbliği sahəsində xidmətlər göstərən, Naxçıvan mədəniyyətinin inkişafında xüsusi yeri və layiqli xidməti olan kollektivin bugünkü fəaliyyətinə ­nəzər yetirdikdə istər-istəməz iftixar hissi keçirir, öyünürsən. Naxçıvan Dövlət Filarmoniyasına göstərilən diqqət və qayğının təzahürüdür ki, filarmoniyanın binası, məşq otaqları, konsert salonu əsaslı surətdə və yüksək zövqlə təmir olunub, maddi- texniki bazası xeyli dərəcədə möhkəmlənib, müasir səs avadanlıqları ilə təchiz olunub, solistlərə fəxri adlar verilib.
Ulu öndər Heydər Əliyevin dediyi kimi, hər millətin əsas xarakterik cəhətləri onun milli-mənəvi dəyərləridir və hər xalq da məhz bu dəyərləri ilə başqalarından fərqlənir, seçilir. Bu mənada, “milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”. Ona görə də bir milləti millət kimi tanımağa əsas verən, mədəni miraslarımızdan biri olan xalq rəqslərimizin yaşadılmasında, təbliğində əlimizdən gələni etməliyik. Mədəniyyətimizi yaşatmaq, qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək hamımızın vətəndaşlıq borcudur!

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR