23 Dekabr 2024, Bazar ertəsi

Orta əsrlər zamanı Naxçıvan ərazisində türk-islam mədəniyyətinə aid çox sayda müxtəlif təyinatlı memarlıq abidələri inşa edilmişdir. Azərbaycan memarlığının inkişaf etmiş qollarından biri olan Naxçıvan məktəbinin yarandığı və formalaşdığı bu ərazidə həmin vaxt türk-islam mədəniyyətinin möhtəşəm nümunələrindən hesab edilən xeyli sayda türbələr, məscidlər, xanəgahlar, buzxanalar, karvansaralar, körpülər, hamamlar, mülki tikintilər və digər abidələr ucaldılmışdır. Belə abidələrdən biri də Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti illərində Ordubad şəhərində inşa edilən və Azərbaycan memarlığının nadir nümunələrindən sayılan Qeysəriyyə abidəsidir. Ordubad şəhərinin mərkəzində, bazar meydanında yerləşən bu abidə orta əsrlər zamanı əhalinin və şəhərin ticarət-iqtisadi həyatında mühüm rol oynamışdır.

Qeysəriyyələr orta əsrlər zamanı şəhər ticarətində mühüm əhəmiyyət kəsb edən bazarlar qrupuna daxil idi. Bəzən “Bədistan” da adlanan bu bazarlar üstüörtülü bazarlar tipinə aiddir. Bu bazarlarda, əsasən, xarici ölkələrdən gətirilmiş və ölkə sənətkarları tərəfindən hazırlanmış bahalı mallar, xüsusilə daş-qaş, cavahirat satıldığından onlara əhali arasında “Şah bazarı” da deyilirdi. Qaynaqlardan məlum olur ki, orta əsrlər zamanı hər şəhərdə Qeysəriyyə olmamışdır. Məsələn, XVII əsrdə Mərənd şəhərində 3000 ev, 7 məscid, 3 karvansara, 5 hamam, 600 dükan, 70-ə qədər gəzməli xiyaban olsa da, orada Qeysəriyyə yox idi.

Zəmanəmizədək gəlib çatan mənbələrin məlumatlarından aydın olur ki, orta əsrlər zamanı Qeysəriyyənin olması üçün şəhərin böyüklüyü və ya kiçikliyi əsas səbəb deyildir. Çünki Mərəndlə müqayisədə Ordubad kiçik şəhər olsa da, burada Qeysəriyyə var idi. Orta əsrlər zamanı Ərdəbil Azərbaycanın böyük şəhərləri sırasına daxil olmasa da, orada Qeysəriyyə fəaliyyət göstərmişdir. Məlumdur ki, Ərdəbil şəhəri Səfəvi şahlarının vətəni olduğu üçün xüsusi statusa malik idi. Səfəvilərin əcdadlarının yaşadığı və dəfn olunduğu bu şəhər dövlətin şimal və cənub bölgələrini birləşdirən ticarət-karvan yollarının üstündə yerləşirdi və özü də mühüm ticarət mərkəzi idi. Şəhərin mərkəzində uzunluğu 300, eni 150 addım olan, hər iki tərəfdə dükanların sıralandığı bazar meydanı var idi. Meydanın arxa tərəfində dördkünc formada, üstüörtülü Qeysəriyyə yerləşirdi. Bu bazar şəhərin ticarət həyatında, daxili və xarici ticarətdə mühüm rol oynayırdı. Burada qızıl, gümüş məmulatlar, əla keyfiyyətli ipək, bahalı və qiymətli mallar satılırdı. Orta əsr mənbələrində bu bazar ­“ticarət birjası” adlandırılmışdır.
Yarım əsrdən artıq Səfəvilər dövlətinin paytaxtı olmuş, Azərbaycanın mühüm ticarət və sənətkarlıq mərkəzi Təbriz şəhərində, 1598-ci ildən etibarən Səfəvilər dövlətinin paytaxtına çevrilən İsfahan şəhərində, orta əsrlər zamanı Azərbaycanın mühüm elm, təhsil, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən sayılan Naxçıvan şəhərində də qeysəriyyələr fəaliyyət göstərmişdir. Naxçıvan şəhərindəki Qeysəriyyə haqqında qaynaqlarda geniş məlumat yoxdur. Ancaq XVII əsrin ortalarında şəhərdə olmuş Övliya Çələbi yazır ki, Naxçıvanın “Şah bazarı”nda varlı tacirlər və alverçilər vardır. Onlardan hər biri Qarun var-dövlətinə bərabər varı olan yüksək etibara malik tacirlərdir.
Orta əsr şəhərlərinin ticarət-­iqtisadi həyatında mühüm rol oynayan qeysəriyyələrdən biri də Ordubad şəhərində fəaliyyət göstərmişdir. Müəyyən aşınmalara məruz qalsa da, zəmanəmizədək, əsasən, salamat vəziyyətdə gəlib çatan Qeysəriyyə şəhərin mərkəzində, Dübəndi çayının sol sahilində, Came məscidinin lap yaxınlığında yerləşir. Bişmiş kərpicdən tikilmiş abidənin ümumi sahəsi 540 kvadratmetrdir. Memarlıq quruluşuna görə Qeysəriyyə binası ölçüsü 10x10 metr olan mərkəzi səkkizbucaqlı zaldan və onun üstünü – tavanını qapayan dairəvi günbəzdən, günbəzi künc­lərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan, dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən (eni 3,4 metr) ibarətdir. Keçidlərin tavanı 16 ədəd kiçik günbəzlərlə qapanmışdır. Bişmiş kərpicdən hörülən divarların qalınlığı 80 santimetrdir. Mərkəzi günbəz də daxil olmaqla abidənin hündürlüyü 8,5 metrdir.
Orta əsrlərdə qeysəriyyələr, əsasən, ticarət-iqtisadi cəhətdən əhəmiyyətli şəhərlərdə fəaliyyət göstərdiyi üçün çox da böyük olmayan Ordubad şəhərində Qeysəriyyənin inşa edilməsi diqqəti cəlb edir. Fikrimizcə, bu, Ordubad şəhərinin Səfəvilər dövründə siyasi və ticarət-iqtisadi nüfuzunun artması ilə izah olunmalıdır. Çünki Ordubad şəhəri Səfəvilərin hakimiyyəti dövründə xüsusi statusla daim Səfəvi şahlarının diqqət və qayğısı ilə əhatə olunmuşdur. Hətta Səfəvi hökmdarı I Şah Abbas 1604-cü ildə fərman verərək Ordubad şəhər əhalisini xəzinəyə ödəniləcək bir sıra vergilərdən azad etmişdi. I Şah Abbas özü bir neçə dəfə Ordubadda olmuş, gözəl havası, dadlı meyvələri, təmiz suyu ilə seçilən bu şəhərdə və bəzi şəhərətrafı kəndlərdə gəzib istirahət etmişdi. Məhz buna görə də göstərilən qayğının nəticəsi olaraq XVII əsrdə, I Şah Abbasın zamanında burada Qeysəriyyə binası inşa olunmuşdur. Bu məsələdə şəhərdə və ətraf kəndlərdə yaşayan Nəsirəddin Tusi nəsli amilini də unutmaq olmaz. Qədim zamanlardan şəhərdə yaşayan bu nəslin nümayəndələri nəinki bölgənin, hətta bütün dövlətin ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Onlar Səfəvilər dövründən başlayaraq Ordubad şəhərinin rəisləri – kələntərləri vəzifəsində çalışmışlar. Hətta nəslin nümayəndəsi Hatəm bəy Ordubadi I Şah Abbasın baş vəziri vəzifəsinədək yüksəlmiş, “etimad əd-dövlə” tituluna layiq görülmüşdür. Şəhərdə Qeysəriyyə binasının inşa edilməsi və fəaliyyət göstərməsində bütün bu amillərin həlledici rol oynamasına şübhə yoxdur.
Şərq memarlığında nadir abidələrdən olan Ordubad Qeysəriyyəsi uzun müddət tarixi və memarlıq ədəbiyyatında Zorxana binası kimi qələmə verilmiş, hətta Sovet hakimiyyəti illərində cənubdan giriş qapısının yanında onun Zorxana binası olduğunu və tarix-mədəniyyət abidəsi kimi qorunduğunu bildirən lövhə vurulmuşdu. Akademik Ə.Salamzadə yazır ki, xalq arasında “Qeysəriyyə” adı ilə tanınması belə bir mülahizəni irəli sürməyə imkan verir ki, ola bilsin, bu binadan yalnız sonralar zorxana kimi istifadə olunmuşdur.
Yerli əhalinin söylədiyinə görə, zorxana kimi fəaliyyət göstərdiyi zaman binanın döşəməsinə səliqə ilə gəvən kolları düzərək üstünə narın torpaq tökərmişlər. Bundan sonra İrandan, Osmanlı dövlətindən və başqa yerlərdən gələn pəhləvanlar burada güləşərmişlər. Qalib gələn pəhləvan hücrədə əyləşən xandan mükafat olaraq bir kisə qızıl alarmış. XIX yüzillikdə Qeysəriyyə binasından müxtəlif məqsədlərlə istifadə olunmuş, orada ipəksarıyan sex fəaliyyət göstərmişdir. Bu vəziyyət Sovet hakimiyyəti illərində davam etdirilmişdir. Həmin vaxt bina daxildən hissələrə bölünərək anbar, aşxana, mağaza kimi istifadə olunmuşdur. Bir müddət Came məscidində yerləşən Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə Qeysəriyyə binasına köçürülmüşdür.
Zaman keçdikcə müəyyən aşınmalara məruz qaldığından Qeysəriyyə binasının bərpasına ehtiyac yaranmışdı. Ona görə də 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırığı ilə Qeysəriyyə binasında əsaslı bərpa və təmir işləri aparılmışdır. Binanın dam örtüyü təmir olunmuş, köhnə şəbəkələr yeniləri ilə əvəz edilmiş, 200 kvadratmetr şəbəkə sistemi işlənmişdir. Həmçinin binanın daxili divarları bərpa olunaraq naxışlı kərpiclərlə bəzədilmişdir. Binada fəaliyyət göstərəcək Tarix-Diyarşünaslıq Muzeyi üçün fond otağı, əməkdaşlar üçün iş otaqları yaradılmış, ekspozisiya zalına uyğun işıqlandırma sistemi quraşdırılmış, fərdi qazanxana yaradılmış, abidənin ətrafı abadlaşdırılmışdır.
Bərpa işləri başa çatdırıldıqdan sonra abidənin dövlət səviyyəsində açılışı olmuşdur. Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycanın incisi olan Ordubadda tarixi abidələr bərpa olunur, onların gələcək nəsillərə çatdırılması təmin edilir. Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.

Yüksək səviyyəli bərpa işləri və açılış mərasimindən sonra Ordubad rayon Tarix-Diyarşünaslıq Muzeyi yenidən Qeysəriyyə binasında öz fəaliyyətini davam etdirməyə başlamışdır.

Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR