23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri də Şamil ­Qazıyevdir. Azərbaycanın tanınmış rəssamı, SSRİ Rəssamlar İttifaqının üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şamil Qazıyevin anadan olmasının 110 illiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 1 fevral tarixli müvafiq sərəncamına əsasən yüksək səviyyədə qeyd olunur.  

Şamil Qazıyevi, əsasən, teatr rəssamı kimi tanısaq da, onun təsviri sənətin müxtəlif növləri və janrlarında yaratdığı çoxlu sayda boyakarlıq və qrafika əsərləri vardır. Rəssamın yüksək işlənmə texnikası və bədii dəyəri ilə seçilən boyakarlıq əsərlərindən “Avtoportret”, “Natürmort”, “İrəvanda qədim körpü”, “Qədim İmamzadə”, “Xıncov kəndi”, “İlanlıdağ”, “Dağ yolu”, “Gəc zavodu”, “Köhnə qala”, “Əlincə qalası” əsərləri və özünəməxsus konkret cizgiləri, rəsmetmə manerası ilə sənətsevərlərin diqqətini cəlb etmiş qrafik kompozisiyalarından “Qardaşımın portreti”, “Avtoportret”, “Ata”, “Köhnə həyət”, “Culfada köhnə mehmanxana”, “Naxçıvanda pambıq zavodu”, “Hacıkənd”, “110 yaşlı qoca”, “Köhnə İrəvan”, “Köhnə Naxçıvan”, “Çobanlar qışlaqda”, “Ədil Ağa gölü”, “Culfa dağları” kimi bir-birindən dəyərli tablolarını misal göstərmək olar.
Şamil Qazıyevin yaradıcılığında Naxçıvanın qədim tarixi, füsunkar təbiəti, fədakar insanlarının həyat və məişəti ilə bağlı əsərlər əsas yer tutur. Rəssamın əsərləri təkcə Naxçıvandakı muzeylərdə deyil, eyni zamanda Azərbaycanın və digər ölkələrin muzey və qalereyalarında qorunub saxlanılır. 1931-ci ildə Tiflisdə keçirilən SSRİ rəssamlarının səyyar sərgisində Şamil Qazıyevin “Çoban” əsəri Moskvadakı Tretyakov Qalereyası tərəfindən bəyənilərək satın alınıb və hazırda bu qalereyada nümayiş etdirilir.

Şamil Qazıyevin xalqımızın qədim adət-ənənələrini, zəngin tarixi-etnoqrafiyasını, sadə və zəhmətkeş insanlarının həyat tərzini əks etdirən bir-birindən dəyərli onlarla sənət əsərləri vardır. Bu əsərlər içərisində sənətsevərlərin böyük rəğbətini qazanmış və yüksək sənətkarlıq qabiliyyəti ilə seçilən məişət mövzusundakı kompozisiyaları xüsusilə qeyd etmək lazımdır. Belə tablolardan biri də “Köhnə dəyirman” əsəridir.
Əsər iki kəndlinin köhnə bir su dəyirmanında dən üyütməsinə həsr edilmişdir. Yağlı boya ilə çəkilmiş bu əsər isti və soyuq rəng­lərin qarışıq tonları ilə işlənmişdir. İlk baxışdan əsərin əsas planında diqqəti cəlb edən qapı və bacadan düşən işıq, soyuq rənglərlə kəskin kontrastlıq yaratsa da, kompozisiyanın ümumi koloritini pozmur. Əksinə isti və soyuq rənglər arasında vəhdət yaradaraq əsərin hər iki planını tamamlayır. Tabloda təsvir olunan insan və heyvan fiqurlarının anatomik proporsiyaları, interyer və detalların perspektiv quruluşu, işıq və kölgə münasibətləri ən kiçik incəliyinə kimi işlənmişdir. Rəssam əsərdəki kəndli obrazlarını qədim və sadə milli geyimdə təsvir etmişdir. Geyimlərin tünd monoxrom rəngdə həlli Azərbaycan kişilərinin xüsusiyyətindəki ağır təbiətliliyinə işarə edilir və onların bir çox müsbət xarakterlərini əks etdirir.
Dəyirmanın interyer quruluşu – sadə kapitelli ağac dirəkləri və dam tirlərinin düzgün düzülüşü, üst-üstə qalanmış rəngarəng dolu çuvallar, dənlik, novdan, çax-çax, unluq, dən daşları və digər detallar, eləcə də memarlıq elementləri Naxçıvandakı su dəyirmanları üçün tamamilə xarakterikdir. Hazırda Culfa rayonundakı Kırna, Saltaq və digər kəndlərdəki dəyirman qalıqlarının interyer quruluşu, Şamil Qazıyevin “Köhnə dəyirman” əsərində təsvir etdiyi dəyirmanın daxili quruluşu ilə olduqca oxşardır.
Rəssamın digər maraqdoğuran boyakarlıq əsərlərindən biri də “Öküzlərin nallanması” tablosudur. Əfsuslar olsun ki, çoxdan tarixə dönmüş nalbənd sənət növünə yalnız iki rəssamın – Ələkbər Rzaquliyevin və Şamil ­Qazıyevin əsərlərində rast gəlirik. Haqqında söhbət açacağımız əsər istər bədii sənətkarlıq cəhətdən, istərsə də etnoqrafik adət və ənənələrimizin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Yağlı boya ilə çəkilmiş bu tabloda öküzlərin nallanması bütün incəliyinə kimi, böyük bir ustalıqla təsvir edilmişdir.
Rəssam insan və heyvan rəsmlərini müxtəlif formalarda çəkməsinə baxmayaraq, fiqurların anatomik quruluşunu və bədən proporsiyalarını olduqca düzgün təsvir etmişdir. Birinci planda nisbətən soyuq rənglərdə işlənmiş insan fiqurlarından fərqli olaraq öküz təsvirləri isti rəngdə verilmişdir. İsti rəng tamaşaçının diqqətini özünə çəkməklə bərabər, ikinci və üçüncü plandakı fiqurların eyni çalarlı rəngləri ilə birləşərək kompozisiyaya dinamiklik və canlılıq verir. Bu isə tabloya hakim olan soyuq rənglərlə uzlaşaraq kompozisiyanın ümumi koloritini balanslaşdırır və əsərin əsas ideyasının ön plana çıxmasına kömək göstərir. Ayrıca, rəssam ikinci plandakı fiqurlara yardımçı detallar kimi baxmamışdır. Onları da əsas fiqurlar kimi canlı və dolğun rənglərlə çəkmişdir. İkinci və üçüncü plandakı digər fiqurların düzgün natura quruluşu, kənardakı sənətkar dükanlarının perspektiv plan həlli və kompozisiyanın təmiz rənglərlə çəkilməsi əsərin realistik görünüşünü tamamlayır.
Əsərin əsas detallarından biri də üzərinə əski əlifbayla “Nalbənd” sözü yazılmış dəmirçi dükanı və onun yanında bağlanmış iki at fiqurudur. Dükanın sadə və kasıb görünüşdə çəkilməsi ilk baxışdan diqqəti cəlb edir. Tablonun ikinci planında nallanmağa gətirilmiş atlar, üçüncü planda isə digər sənətkarlıq emalatxanaları və sərbəst alış-veriş edən bir qrup kəndli təsvir edilmişdir. “Öküzlərin nallanması”əsəri təkcə tarixi-etnoqrafik baxımdan deyil, eyni zamanda bədii-estetik cəhətdən də olduqca qiymətlidir.
Şamil Qazıyevin maraqlı əsərlərindən biri də “Lavaş yapanlar” tablosudur. Yağlı boya ilə işlənmiş bu əsər bir qrup kəndli qadının təndirdə lavaş bişirmələrinə həsr edilmişdir. Rəssam ağbirçək nənələrimizdən bizə miras qalan bu müqəddəs mərasimi bütün incəliklərinə kimi, fırçanın qüdrəti ilə yaradaraq mədəniyyət xəzinəmizə daha bir qiymətli sənət əsəri bəxş etmişdir.
Görkəmli sənətkar bu əsərində milli geyimdəki tipik Azərbaycan qadınının məğrur, qayğıkeş və zərif obrazını böyük ustalıqla yarada bilmişdir. O, qadınların geyimlərini onların yaşlarına uyğun rənglərdə vermişdir. Birinci plandakı 35-40 yaşlarında olan üç qadının geyimini yaşıl, innabı, bənövşəyi və göy rənglərin tünd çalarları ilə, ikinci plandakı gənc qızın geyimini isə soğan sarısı və açıq göy rənglərdə təsvir etmişdir. Geyimlərin tünd rəngdə həlli qadın fiqurlarını təndir və onun ətrafındakı detalların sadə rəng çalarlarından fərqləndirərək ön plana çıxarır.
Kompozisiyanın mərkəzində təsvir olunmuş təndirin işıltısı, bişən çörəklər və təndirdən çıxarılmış isti lavaşların təbii görüntüsü insanda xoş əhval-ruhiyyə yaradır. Əsər istər yağlı boya ilə işlənmə texnikası baxımından, istərsə də bədii yaradıcılıq cəhətdən çox yüksək sənətkarlıqla işlənmişdir.
Şamil Qazıyevin bu səpkidə yaratdığı maraqlı tablolarından biri də “Xırmanda” əsəridir.
Əsər az qala tarix səhnəsindən silinmək üzrə olan bir mərasimə, taxılın xırmanda döyülməsinə həsr olunmuşdur. Rəssam digər əsərlərində olduğu kimi, “Xırmanda” əsərində də burada görülən işləri ən xırda detalına kimi yüksək sənətkarlıqla təsvir etmişdir.
Tablonun mərkəzində dairəvi şəkildə yayılmış sünbüllərin döyülməsi səhnəsi birinci plan kimi verilib. Əsərin sadə və lakonik kompozisiyası, fiqurların və digər təsvir obyektlərinin perspektiv və natura quruluşu rəssamın tamaşaçıya çatdırmaq istədiyi fikri tam şəkildə əhatə edir. Ayrıca kompozisiyanın əsas planlarının isti, bəsit yaxılı, monoxrom və təmiz rənglərdə həlli, eləcə də fiqurların dinamik şəkildə çəkilməsi tablonun arxa planını təşkil edən səmanın ağ bulud və göy üzü mavisi rənglərinin fonunda bütövləşərək əsərin ümumi koloritini yaradır və kom­pozisiyanı tamamlayır.
Bizə miras qalmış belə əvəzsiz sənət əsərlərinin təbliği, elmi və bədii cəhətdən tədqiqi gələcək nəsillərin estetik dünyagörüşlərinin formalaşması və qədim adət-ənənələrimizin öyrənilməsi baxımından olduqca zəruridir.

Nizami ALIYEV
Azərbaycan Rəssamlar
İttifaqının üzvü, sənətşünas

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR