AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyi münasibətilə elmi konfrans keçirilib. AMEA Naxçıvan Bölməsində keçirilən konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamına əsasən görkəmli rəssamın 110 illik yubileyi muxtar respublikada geniş qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sərəncamı bir daha təsdiq edir ki, muxtar respublikada müstəqillik illərində incəsənətə, mədəniyyətə, mənəvi irsimizə böyük diqqət vardır.
Qeyd olunub ki, Şamil Qazıyev zəngin həyat və yaradıcılıq yolu keçmişdir. 1908-ci ildə qədim Azərbaycan şəhəri İrəvanda anadan olmuş, 1920-ci ildən ailəsi ilə birlikdə Naxçıvana köçmüşdür. 1929-cu ildə Bakı Rəssamlıq Məktəbini bitirən Şamil Qazıyev 1929-1932-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda rəsm müəllimi, 1932-ci ildən sonra müxtəlif illərdə “Kommunist” və “Şərq qapısı” qəzetlərində rəssam, Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş rəssam, 1939-1940-cı illərdə Naxçıvan Rəssamlıq Məktəbinin direktoru, 1948-1980-ci illərdə isə “Azərbaycan gəncləri” qəzetində rəssam işləmişdir.
Diqqətə çatdırılıb ki, ömrünün 50 ilini təsviri sənətə və teatr rəssamlığına həsr edən, orijinal və bənzərsiz yaradıcılığa malik olan Şamil Qazıyev vətənpərvər rəssam olmuş, müxtəlif janrlarda maraqlı əsərlər yaratmışdır. Rəssamın Naxçıvanın tarixi, təbiəti, adət-ənənələri, həyat və məişəti ilə bağlı çəkdiyi “Çoban”, “Xırmanda”, “Qalayçılar”, “Dəyirman”, “Lavaş yapanlar”, “Qaçqınlar”, “Çarıqçılar”, “Öküzlərin nallanması”, “Örtülü bazar”, “Naxçıvan hamamı”, “İnqilabaqədərki Naxçıvan”, “Naxçıvanda köhnə həyat” kimi əsərlər keçmiş tariximizin və mədəniyyətimizin öyrənilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir. Bu baxımdan Şamil Qazıyev yaradıcılığı, eyni zamanda Naxçıvanın tarixidir. Bu tarix o dərəcədə real cizgilərlə tamamlanıb ki, heç bir çətinlik çəkmədən onlara baxıb Naxçıvanın 20-ci əsr tarixinin müəyyən elementlərini, tarixi və mədəniyyət abidələrini bərpa etmək mümkündür. Məhz buna görə də Şamil Qazıyev yaradıcılığına xüsusi diqqət göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və himayəsi ilə 2010-cu ildə əsərlərindən ibarət albom-kataloq hazırlanmış və təqdimatı keçirilmişdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə yaradılan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, həmçinin Naxçıvan Dövlət Tarix Muzeyində Şamil Qazıyevin Naxçıvanın tarixinin, adət-ənənələrinin və məişətinin parlaq şəkildə öz əksini tapdığı əsərləri sərgilənir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Bəhruz Kəngərli adına Sərgi Salonunda Şamil Qazıyevin əsərlərindən ibarət sərgi təşkil olunmuşdur. Şamil Qazıyevin yaradıcılığı ilə bağlı tədqiqat işlərinin aparılması, uşaq incəsənət məktəblərində “Şamil Qazıyevin yaradıcılığında Naxçıvan” mövzusunda ustad dərslərin keçilməsi davam etdirilir. “Şamil Qazıyev – 110” elmi konfransı da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamına əsasən keçirilir.
Konfransda AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun “Görkəmli rəssam Şamil Qazıyevin həyatı və yaradıcılığı”, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın “Şamil Qazıyev yaradıcılığına dövlət qayğısı”, Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Mahir Xəlilovun “Şamil Qazıyevin əsərlərində milli motivlər”, Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Nizami Alıyevin “Şamil Qazıyev yaradıcılığında məişət janrı” mövzularında çıxışları dinlənilib.
Çıxışlarda bildirilib ki, müxtəlif janrlarda və mövzularda bir-birindən orijinal, dəyərli sənət əsərləri yaratmış Şamil Qazıyevin yaradıcılığında qədim diyarımızın həyatı, etnoqrafik xüsusiyyətləri dolğun şəkildə öz əksini tapıb. Görkəmli rəssamın həyatı və yaradıcılığı, Vətənə bağlılığı muxtar respublikamızın gənc rəssamları üçün əsl nümunədir. Qeyd olunub ki, ötən əsrin 40-cı illərində təsis edilən “Naxçıvan MSSR Əməkdar incəsənət xadimi” fəxri adı 1944-cü ildə ilk dəfə Şamil Qazıyevə verilib. 1978-ci ildə isə onun Naxçıvan şəhərində fərdi sərgisi təşkil olunub.
Sonra görkəmli rəssam Şamil Qazıyevin qızı Natella Qazıyeva çıxış edərək göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Səbuhi HƏSƏNOV