23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamına əsasən görkəmli fırça ustasının yubileyi bu il qədim diyarımızda yüksək səviyyədə qeyd olunur. Sərəncama əsasən təsdiq edilmiş tədbirlər planında Bəhruz Kəngərli adına Sərgi Salonunda Şamil Qazıyevin əsərlərindən ibarət sərginin təşkili, elmi konfransın keçirilməsi, rəssamın yaradıcılığı ilə bağlı tədqiqat işlərinin aparılması, uşaq incəsənət məktəblərində rəssamın Naxçıvan mövzusunda yaratdığı əsərlərə həsr olunmuş ustad dərslərin keçilməsi və başqa tədbirlərin təşkil olunması nəzərdə tutulub. Görkəmli rəssamın yubileyi ilə bağlı bu tədbirlərin keçirilməsi hazırda da davam etdirilməkdədir və təşkil olunan yubiley sərgisi də rəssama həsr olunmuş belə tədbirlərdəndir.

Qeyd olunub ki, 1908-ci il martın 30-da qədim Azərbaycan şəhəri İrəvanda maarif fədaisi Həsən bəy Qazıyevin ailəsində dünyaya göz açan Şamil Qazıyev maraqlı və zəngin bir həyat yolu keçib. O, Naxçıvan Dövlət Musiqili Dram Teatrı və Ordubad Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş 120-dən çox əsərin bədii tərtibatını və geyim eskizini verib, müxtəlif janrlarda və mövzularda bir-birindən orijinal, dəyərli sənət əsərləri yaradıb. Bu gün rəssamlarımız doğma diyarımızla bağlı çoxsaylı rəngkarlıq əsərləri yaratsalar da, Şamil Qazıyevin yurdumuzun qədim məişət həyatını, etnoqrafik xüsusiyyətlərini, tarixini əks etdirən əsərləri bizim üçün həmişə maraqlı və dəyərli olacaqdır.
Diqqətə çatdırılıb ki, Şamil Qazıyevin gənc rəssamların yetişdirilməsi sahəsində də xidmətləri olub. Azərbaycan xalqının ümummilli ­lideri Heydər Əliyev gənc yaşlarında onun dərnəyində rəssamlıqla məşğul olub və bu sənəti sevib.
Vurğulanıb ki, Naxçıvanda ­görkəmli rəssamın sənətinə hələ sağlığında yüksək qiymət verilib. Ötən əsrin 40-cı illərində təsis edilən “Naxçıvan MSSR Əməkdar incəsənət xadimi” fəxri adı 1944-cü ildə ilk dəfə Şamil Qazıyevə verilib. 1978-ci ildə onun Naxçıvan şəhərində fərdi sərgisi təşkil olunub. 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi və qayğısı ilə rəssamın 56 rəsm əsərinin daxil edildiyi albom-kataloq Naxçıvanda hazırlanaraq nəşr edilib, təqdimat mərasimi keçirilib. Şamil Qazıyevin 110 illik yubileyinin yüksək səviyyədə qeyd olunması görkəmli rəssamın həyat və yaradıcılığının tədqiqi və təbliği baxımından çox əhəmiyyətli rol oynayacaqdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və sənətşünas Nizami Alıyev rəssamın həyat və yaradıcılığından danışıblar. Çıxışlarda qeyd olunub ki, görkəmli rəssam etüd, natürmort, portret, peyzaj, qrafika janrlarında müxtəlif əsərlər yaradıb. Şamil Qazıyevin Naxçıvanın məişət həyatını, qədimliyini və tarixini əks etdirən rəsmləri təsviri incəsənətdə bu janrın inkişafı baxımından dəyərlidir.
Sonra görkəmli rəssam Şamil Qazıyevin qızı Natella Qazıyeva çıxış edərək bildirib ki, bu gün Naxçıvanda elmə, təhsilə, mədəniyyətə böyük dövlət qayğısı göstərilir, tanınmış insanların yubileyləri yüksək səviyyədə qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Şamil Qazıyevin 110 illik yubileyinin ­keçirilməsi haqqında imzaladığı ­Sərəncam da Qazıyevlər ailəsini çox sevindirdi. Bu, Şamil Qazıyevin şəxsiyyətinə və yaradıcılığına, eyni zamanda, bütövlükdə, muxtar respublikada incəsənətə, mədəniyyət tariximizə, mənəvi irsimizə verilən yüksək qiymətdir. Natella Qazıyeva sərginin təşkil edilməsində əməyi olanlara minnətdarlığını bildirib.
Sonda Şamil Qazıyevin əsərlərindən ibarət sərgiyə baxış olub. Sərgidə nümayiş olunan “Xırmanda”, “Köhnə dəyirman”, “Köhnə bazar”, “Çörəkbişirənlər”, “Biçin”, “Mədrəsə” və digər əsərlər sərgi iştirakçılarında böyük maraq doğurub.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR