Martın 27-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Beynəlxalq Teatr Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, 1961-ci il mart ayının 27-də YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun Vyanada keçirilən IX konqresində qəbul edilən qərara əsasən hər il mart ayının 27-si Beynəlxalq Teatr Günü kimi qeyd edilir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binalarının hamısı yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilib.
Nazir diqqətə çatdırıb ki, müstəqillik illərində teatrlarımızın yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektivlər milli dəyərlərimizin peşəkar təbliğatçılarına çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı müxtəlif illərdə hazırladığı tamaşalarla balacaların qəlbinə yol tapmağı bacarıb. Həmçinin muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları da uğurla fəaliyyət göstərir. Xalq teatrlarının hazırladıqları onlarla tamaşa ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
Naxçıvan teatrları kollektivlərinin əməyi bu illər ərzində dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Səmərəli fəaliyyətinə görə bu sahədə çalışan sənət adamları Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülüblər.
Natəvan Qədimova çıxışının sonunda muxtar respublikamızda mədəniyyət və incəsənətə göstərilən böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Meterlinqin “Göy quş” əsərinin tamaşasına baxış olub.
Xəbərlər şöbəsi