Martın 27-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoyun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov açaraq bildirib ki, qədim diyarımızda tanınmış sənət adamlarına yüksək diqqət və qayğı göstərilir. Muxtar respublikada sənət adamlarının yubileyləri yüksək səviyyədə qeyd edilir. Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoyun 60 illiyinin qeyd olunması da muxtar respublikada sənət adamlarına göstərilən diqqətin ən bariz ifadəsidir.
Vurğulanıb ki, Xalq artisti Həsən Ağasoy böyük yaradıcılıq yolu keçmiş, Naxçıvan teatrında 80-dən çox obraz yaratmış, tamaşaçı rəğbəti qazanmışdır. Həsən Ağasoy həm də gözəl bədii qiraət ustasıdır. O, gənc kadrların yetişməsində də mühüm xidmətlər göstərmişdir. Həsən Ağasoyun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1984-cü ildə Naxçıvanın, 1989-cu ildə isə Azərbaycanın Əməkdar artisti, 1999-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2005, 2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatçısı olmuş, 2008-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Yubilyara Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təbriki çatdırılmış və hədiyyə təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova Xalq artisti Həsən Ağasoyun keçdiyi həyat yolundan və səhnə fəaliyyətindən söhbət açıb. Qeyd edilib ki, Həsən Ağasoy 1958-ci il mart ayının 27-də Culfa rayonunun Gülüstan kəndində anadan olub və ilk təhsilini bu kənddə alıb. Uşaqlıq illərindən teatr sənətinə olan vurğunluğu onu 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu ixtisasına gətirib. Həsən Ağasoy 1979-cu ildə uğurla təhsilini başa vuraraq təyinatla Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında əmək fəaliyyətinə başlayıb. Elə ilk illərdən rejissorların diqqətini səlis diksiyası və aktyor bacarığı ilə cəlb edən aktyor bir-birinin ardınca maraqlı səhnə obrazları yaratmağa başlayıb.
Bildirilib ki, Xalq artisti Həsən Ağasoy sənətə gəldiyi ilk gündən Naxçıvan televiziyası ilə sıx əməkdaşlıq edərək bir çox teletamaşalarda rol almış, televiziya verilişlərində və müxtəlif dövlət tədbirlərində yaxından iştirak etmişdir.
Tədbirdə Xalq artistinin sənət dostları – Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Xalq artisti Kamran Quliyev, Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, Məhəmmədtağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Şirzad Abutalıbov, Xalq artisti Rövşən Hüseynov, Azərbaycan Respublikasının Əməkdar artisti Yusif Allahverdiyev, Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamı, Xalq rəssamı Hüseynqulu Əliyev, aktyor Zakir Fətəliyev, gənc aktyorlar Nurbəniz Niftəliyeva və Səyyad Məmmədov çıxış edərək yubilyar haqqında ürək sözlərini bildiriblər.
Sonda Xalq artisti Həsən Ağasoy çıxış edərək yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını və səhnə sənətimizin inkişafı üçün bundan sonra da fədakarlıqla çalışacağını bildirib.
Əli RZAYEV