Boz ayın sonuncu çərşənbəsi Od çərşənbəsidir. Xalqımız özünün mövsümlərə uyğun hazırladığı təqviminin son çərşənbəsinə müxtəlif adlar vermişdir. Belə ki, axır çərşənbə “İlaxır çərşənbə”, “Axırıncı çərşənbə”, “Baca-baca”, “Yeddiləvin” adlarıyla da bilinən “Od çərşənbəsi”dir. Naxçıvan bölgəsində “İlaxır” özündən əvvəlki üç çərşənbədən yüksəkdə duran, ən təmtəraqlı qeyd edilən mərasimlərdən biridir. Topladığımız çöl-etnoqrafik materiallarına görə, axır çərşənbəyə hazırlıq kiçik çillədən sonra başlanır. İlk növbədə, həyət-baca təmizlənir, evlər səliqə-sahmana salınır. El arasında buna “külə-külə” də deyərlər. Həmin gün yaxın qohumlar yaslı olan qohumların evlərinə gedib, ağbirçəklərdən icazə alıb onların evlərini təmizləyər, əyinlərindəki yas paltarlarını çıxarıb, bayram libası geyindirərlər. Bu cür evlərdə bütün əşyaların yeri dəyişdirilməlidir ki, evdə “kəsavət” qalmasın.
Qədim insanlar, ata-babalarımız, ulu əcdadlarımız bütün canlı təbiəti oyadan, onu isindirən Odu, Günəşi müqəddəs sayaraq ona bir növ yaradılışın, canlı həyatın əsas qüvvələrindən biri kimi baxmış, bu mənada, Od ulu əcdadlarımız üçün müqəddəsləşmişdir.
Od-ocaq bu gün də xalqımız tərəfindən müqəddəs sayılır. Heç də təsadüfi deyil ki, bu gün də Naxçıvan Muxtar Respublikasında xalqın müqəddəs saydığı bir çox ziyarətgahlar həm də “Ocaq” adlandırılır. Bunun ən bariz ifadəsi şifahi xalq ədəbiyyatı nümunələrimizdə özünü göstərir. Naxçıvandan toplanmış bayatılarımızda da biz ziyarətgah yerlərinin ocaq kimi təsvir edildiyini görürük:
Asəfkəhf ocaq-ocaq,
Orda şamlar yanacaq.
Qəm yemə dəli könül,
Sən dediyin olacaq.
Naxçıvanda odla bağlı adət və inanc sistemlərinə, od kultuna daha çox axır çərşənbədə rast gəlinir. Bu çərşənbədə daha güclü tonqallar çatılır, atəşfəşanlıq edilir, tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlanmaqla köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyur və yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar. Yandırılmış odun üstündən “ağırlığım, uğurluğum (“yorğunluğum” sözünün zamanla dəyişilmiş forması), dərdim, bəlam bu oda tökülsün”, – deyib atlanarlar. İnama görə, odun üstündən atlanan şəxs ilboyu xəstələnməz, dərd, qəm ondan uzaq durar. Xəstə heyvanları, yeni doğulmuş quzuları da odun üstündən keçirmək kimi adətlər mövcud olmuşdur.
İlaxır çərşənbədə yandırılan tonqalın tüstüsü arana gedərsə, aranda, dağlıq tərəfə gedərsə, dağlıq ərazidə, əgər düz yuxarı qalxarsa, hər tərəfdə həmin il bolluq olacağına inanırlar. Axır çərşənbədə hər bir ailə çalışır ki, yandırdığı tonqalın alovu hündürə qalxsın. Bunun ailəyə uğur gətirəcəyinə inanırlar.
Yandırılmış odun külünü götürüb bolluq, bərəkət rəmzi olaraq əkin sahələrinə, toyuq-cücələrin üstünə, mal-heyvanın altına səpərlər. Şər qüvvələrdən qorunmaq, onları qovmaq üçün ilaxır tonqalının külündən evin dörd küncünə qoyarlar. Kəngərli rayonunun bəzi kəndlərində odun külünün üstünü torpaqla örtərdilər ki, külək onu (odun külünə bərəkət kimi baxardılar) dağıtmasın.
Naxçıvan Muxtar Respublikasında Odla bağlı keçmişdən günümüzədək gələn müxtəlif səpkili mərasimlər, adətlər var. Onlardan biri də yallıdır. Dəyərli tədqiqatçı-alim Mirəli Seyidovun fikirlərindən yola çıxaraq Naxçıvanda, xüsusilə Şərur bölgəsində yallının uzun minilliklər boyu yaşadılması və qorunub-saxlanılması bu bölgədə tarixən xalq düşüncəsində oda müqəddəs məfhum kimi yanaşılmasının təzahürü kimi diqqəti cəlb edir.
Naxçıvanda ilin axır çərşənbəsi olan Od çərşənbəsi ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, mif və rəvayətlər bu günümüzə qədər gəlib çatmışdır. Onlardan birində – “Qodu xan” rəvayətinə görə Od çərşənbəsində adamlar sübh tezdən hündür bir təpənin üstündə tonqal qalayar, həmin tonqalın dövrəsinə toplaşıb Günəşin doğmasını gözləyərmişlər. Elə ki Günəş doğdu, hamı onu salamlayıb “Qodu xan” nəğməsini oxuyar, tonqalın başında dövrə vurar, sonra da hər bir kəs tonqaldan öz odunu yandırıb ocaqlarını alışdırmaq üçün evə tələsərmiş.
Onu da qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasında İlaxır çərşənbə axşamı qohumlar, qonşular yaslı evlərə gedib onlar üçün də “çərşənbə odu”nu yandırar, beləcə, onları yasdan çıxararlar. Çünki yeni ilə yaslı girmək uğurlu sayılmaz.
Axır çərşənbədə od yandırdıqdan sonra hər kəs süfrə başında əyləşir. Xalq arasında olan inama görə, həmin gün evində olmayan yeddi il evində olmaz. Axşam düşdükdə qızlar “qulaq falı”na çıxar, niyyət edib qapı pusarlar. Ev yiyələri də çalışarlar ki, həmin günü xoş sözlər danışsınlar.
Oğlan uşaqları papaq, torba atarlar. Torbalara boyanmış yumurta, alma, şəkərbura, paxlava, fındıq, badam, cəviz qoyarlar.
Od ünsürünün xalq arasındakı müqəddəsliyini ortaya qoyan yüzlərlə şifahi xalq ədəbiyyatı nümunəsi də var. Muxtar respublikamızın müxtəlif bölgələrindən toplanmış həmin nümunələrdə deyilir ki, “Od imandandır”, “Odsuz ocaq olmaz”, “Od ocaqda yanar”, “Oda pənah aparanın ocağı sönməz”, “Oda dərdini deyən xeyir aparar”, “Ocaq sönməyən yerdə məskən salarlar” və digər atalar sözlərimizlə bərabər, bir çox inanclarımızda da odun, ocağın müqəddəsliyi qorunub saxlanmışdır.
“Ocaq yananda səslənirsə, demək, kimsə sözünü danışır”, “Od hisli olarsa, uzaqdan qonağın gələcək”, – deyərlər. “Ocağa yanaşanda salam verərlər”, “Ocaqda kül titrəyəndə – Od xeyrə oynayır”, – deyərlər və odun ailədə bir körpə dünyaya gətirəcəyinə inanarlar. “Ocağın tüstüsü üstünə gəlsə, sevgilin göyçək olar”, “Gün düşən yerdə xəstəlik olmaz”, “Gün doğanda doğulan uşaq göyçək olar”, “Çıraq yandıranın çırağı sönməz olar” xalq inancları bunların bir qismidir.
Axır çərşənbənin səhəri də bir çox adətlər yerinə yetirilmişdir. Belə ki, bu gün də davam edən həmin adətlərə görə, axır çərşənbənin səhəri günü Günəş çıxmamışdan “su üstə” getmək adətdir.
Biz də İlaxır çərşənbə – Od çərşənbəsi münasibətilə xalqımızı təbrik edir, varlı-bərəkətli günlər arzulayırıq. “Ağırlığınız-yorğunluğunuz” qaladığınız tonqallara tökülsün, əziz həmvətənlər. Ocağınız bərəkətli olsun, nurlu olsun! Odunuz sönməsin!
Elxan MƏMMƏDOV
filologiya üzrə fəlsəfə doktoru
Asəf ORUCOV
tarix üzrə fəlsəfə doktoru