Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında keçirilən “Lira” musiqili-intellektual oyununun III mərhələsi başa çatıb.
Maraqlı və gərgin keçən musiqili-intellektual oyunda musiqi məktəblərinin şagirdləri fəallıq göstəriblər. Onlar görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləmə yolu ilə təyin edib, musiqinin ümumi-nəzəri məsələləri ilə bağlı sualları cavablandırıblar.
Bütün suallar cavablandırıldıqdan sonra ən yüksək bal toplamış komandalar mükafatlandırılıb. Naxçıvan Şəhər S.Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin “Simayi-Şəms” komandasına birinci, Şərur Rayon Şəhriyar Kənd Uşaq Musiqi Məktəbinin “Köçəri” komandasına ikinci, Sədərək Rayon Uşaq Musiqi Məktəbinin “Qala” komandasına üçüncü dərəcəli diplom və Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin “Xəmsə” komandasına isə həvəsləndirici diplom təqdim edilib.
Qeyd edək ki, “Lira” musiqili-intellektual oyununun dördüncü mərhələsi fevral ayında keçiriləcəkdir.
Əli RZAYEV