2017-ci ildə muxtar respublikada milli dəyərlərimizin yaşadılması, qorunması və təbliği sahəsində bir sıra işlər həyata keçirilmiş, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər davam etdirilmiş, görkəmli sənət adamlarının yubileyləri qeyd edilmişdir. İl ərzində keçirilən “İstedadlı uşaqlar-2017”, “Göycə”, “Kətə”, “Arıçılıq məhsulları-bal” və “Ailə təsərrüfatı məhsulları” festivalları muxtar respublika sakinləri və turistlərdə xoş təəssürat yaratmışdır.
Ötən il qədim diyarımızda muzeylərin fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulması və muzey şəbəkələrinin genişləndirilməsi sahəsində işlər davam etdirilmişdir. Bu məqsədlə Şahtaxtinskilər muzeyi yenidən qurulmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncamının icrası ilə bağlı hazırlıq işlərinə başlanılmışdır. Bu dövrdə muzeyləri 110 min 425-i əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 445 min 747 tamaşaçı ziyarət etmişdir. Muzey fondlarının zənginləşdirilməsi sahəsində qədim diyarın sakinləri fəal iştirak etmiş, muzeylərimizə 1340 eksponat daxil olmuşdur.
Muxtar respublikanın kitabxanalarında əhaliyə mədəni xidmət işinin günün tələbləri səviyyəsində qurulması diqqətdə saxlanılmış, mədəni-kütləvi tədbirlərin və sərgilərin keçirilməsi üçün bir sıra işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamının icrası ilə bağlı kitabxanalarda müvafiq kitab guşələri yaradılmış, 31 kitab müzakirəsi keçirilmişdir. 2017-ci ildə muxtar respublikanın kitabxanalarına, ümumilikdə, 301 adda 13 min 224 nüsxə çap məhsulu daxil olmuşdur. Kitabxanalarda keçirilən mədəni-kütləvi tədbirlərin sayı 552, sərgilərin sayı 441 olmuşdur. “Kitabxana işinin təşkili və müasir tələblər mövzusunda” kurslar keçirilmiş və 96 kitabxana əməkdaşına sertifikatlar təqdim edilmişdir.
Yola saldığımız ildə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 616 şagird bitirmişdir. 2016-2017-ci tədris ilində müxtəlif ixtisaslar üzrə musiqi məktəblərinə 990 şagird qəbul olmuşdur. Onlardan 15-i sağlamlıq imkanları məhdud uşaqlardır. Musiqi məktəblərində hesabat konsertləri, ustad dərsləri, metodik kurslar, intellektual oyunlar, rəsm və musiqi müsabiqələri keçirilmişdir.
2017-ci ilin sonlarında yekunlaşan “Rəqs kollektivlərinin ifaçılıq müsabiqəsi” də maraqla qarşılanmışdır. Müsabiqənin 22 iştirakçısından 11-i əsas tura vəsiqə almışdır. Qaliblər və fərqlənənlər Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplom və fəxri fərmanları ilə təltif edilmişlər. Naxçıvan Dövlət Filarmoniyasının Kamera və Xalq Çalğı Alətləri, Estrada orkestrlərinin muxtar respublikanın paytaxtında və rayonlardakı konsertləri də maraqla qarşılanmışdır. Bu dövrdə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının fəaliyyəti canlandırılmış, filarmoniyanın musiqi kollektivlərinə 17 istedadlı uşaq cəlb edilmişdir.
Teatr kollektivlərinin hazırladıqları yeni tamaşalar muxtar respublika sakinlərinin asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyətə malik olmuşdur. Naxçıvan Dövlət Musiqili Dram Teatrında Ə.Əmirlinin “Onun iki qabırğası”, M.Metterlinqin “Göy quş”, H.Cavidin “İblis” tamaşaları səhnəyə qoyulmuşdur. Naxçıvan Dövlət Kukla Teatrı isə “Niyyət açarı”, “Göyçək Fatma”, “Keçinin qisası” tamaşaları ilə balacaların görüşünə gəlmişdir. Naxçıvan Dövlət Uşaq Teatrı “Balaca şahzadə”, “Bizə Şaxta baba və dovşan lazımdır”, “Özgəsinə quyu qazan” tamaşalarını hazırlamışdır.
Naxçıvan Dövlət Film Fondu da muxtar respublika əhalisinin asudə vaxtının mənalı və səmərəli keçirilməsində fəal iştirak etmiş, “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın rayonlarında 14 film nümayiş etdirilmişdir.
Naxçıvan Kulinariya Mərkəzi milli mətbəximizin öyrənilməsi və təbliğ edilməsi istiqamətində işini davam etdirmişdir. Mərkəz Naxçıvan diyarının kulinariya mədəniyyətinə aid nümunələrin toplanmasında fəal iştirak edir. Ötən il 58 mətbəx nümunəsi və milli mətbəxlə bağlı 25 folklor nümunəsi toplanmışdır.
Turizmin inkişafı sahəsində də ardıcıl tədbirlər görülmüş, təbliğat işi gücləndirilmişdir. Həyata keçirilən tədbirlər muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olmuşdur. Belə ki, 2017-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 413 mindən çox turist gəlmişdir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti