23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan ədəbiyyatında romantizm cərəyanının bayraqdarı Hüseyn Cavidin ədəbi irsinin mövzu, məzmun, ideya və bədii xüsusiyyətlərinə dair indiyədək xeyli sayda tədqiqat işləri aparılmış və onların elmi dəyəri müəyyənləşdirilmişdir. “Cavidi xatırlarkən” adlı kitaba daxil edilən xatirə materiallarında isə şairin bir şəxsiyyət kimi xarakteri və bir sıra özünəməxsus insani keyfiyyətləri haqqında bəzi məlumatlar öz əksini tapmışdır. Araşdırmalar davam etdikcə aydın olur ki, Hüseyn Cavid haqqında hələ deyilməli və yazılmalı sözlər çoxdur. Bu baxımdan məqaləmizdə haqqında söz açacağımız məqam böyük ədibin səriştəli və sadiq bir tələbə kimi səciyyəvi keyfiyyətlərini aşkara çıxarmaqla yanaşı, həm də müəllimi və ustadı görkəmli pedaqoq Məmməd Tağı Sidqi ilə münasibətlərinə aydınlıq gətirməyə imkan verir.

Hüseyn Cavid öz müəllimindən 28 yaş kiçik idi və Cəlil Məmmədquluzadənin “yeniyetmə müəllim və ədiblər üçün darülürfan” adlandırdığı “Tərbiyə” məktəbində beş il onun şagirdi olmuşdu. Bu məktəbdəki təhsil illəri Cavid üçün həm də ona görə böyük əhəmiyyətə malik idi ki, o, məhz burada oxuyarkən bədii yaradıcılığa başlamışdı. Şagirdinin şairlik istedadını duyan Sidqi bu yolda da onun ilk müəllimi və istiqamətvericisi olmuşdur.

Cavid 1898-ci ildə “Tərbiyə” məktəbini bitirdikdən sonra İrana getmiş və bir müddət orada yaşamışdır. Həmin ildən etibarən Sidqi ilə Cavidin münasibətlərində ikinci mərhələ başlamış və bu mərhələ Sidqinin vəfatınadək (1903) davam etmişdir. Təxminən beş ildən artıq bir dövrü əhatə edən həmin mərhələdə onun Sidqi ilə əlaqələri məktublaşma vasitəsilə olmuşdur.
Cavidin İrandan yazdığı məktublarının hamısında müəllimi və ustadına tükənməz sevgisi, hörmət və sədaqəti öz əksini tapmışdır. Bu fikrin təsdiqi üçün onun ayrı-ayrı məktublarından seçdiyimiz aşağıdakı sözlər kifayətdir: “Mərhəmətli və hörmətli ağa”, “Müəllim cənabları”, “Böyük ustad, cəlallı atamız”, “Yüksək mərtəbəli, hörmətli böyüyüm”, “İzzətli başçı”.
Hüseyn Cavid Sidqidən “Tərbiyə” məktəbində olduğu kimi həmişə öyrənmək, ibrət dərsi götürmək arzusunda olmuşdur. Müəlliminin Cavidə yazdığı məktublardan isə aydın olur ki, o, tələbkar bir pedaqoq kimi heç vaxt keçmiş şagirdinə güzəştə getmə­mişdir. Bir neçə nümunəni qeyd edək.
Sidqi Cavidin bir məktubunun ona çatmamasından gileylənir. Cavid isə ona bildirir ki, məktubu göndərmişəm. Sidqi aldığı məktublardakı tarixləri tutuşdurur. Cavid müəlliminin bu hədsiz tələbkarlığından bir qədər incik halda yazır: “Sizin rəftarınıza təəccüblənir və heyran qalmışam. Yazırsınız: “İndi hər iki məktubu stol üstünə qoyub tarixlərinə baxıram”. Heç fikir etmisiniz ki, bu, məktubdur, onda səhv ola bilər? Tarixi düzgün yazılmaya bilər? Bəlkə də poçtda, çaparxanada itdi?”
Sidqi şagirdinin xəttinin yaxşı olmadığını, mürəkkəb və çətin ibarələrli cümlələr yazmasını da ona irad tutur. Cavid isə üzrxahlıqla müəlliminə belə cavab verir: “Yenə də məktubumun pozuq xəttindən və hərfləri bir-birinin ardına qoşmağımdan danışmışdınız. Digər yerdə isə mürəkkəb sözlər və çətin ibarələr işlətdiyimə işarə etmişdiniz. Nə edim, Mirzə! Xəttimin pozuqluğu vaxtımın darlığındandır, necə ki, bu məktubu dar vaxtımda yazıram. Çətin ibarələrə gəldikdə, mənə elə gəlirdi ki, o ibarələr xoşunuza gələcəkdir, yoxsa mənə çətinliyi yoxdur ki, başqa cür yazam”.
Sidqi şagirdinə nə qədər irad bildirsə də, onu nə qədər tənqid etsə də, Cavid yenə də ona “yüksək mərtəbəli, hörmətli böyüyüm”, – deyə müraciət edir və bildirir ki, “Həmişə... tapşırıqlarınızı və təsadüfi müraciətlərinizi gözləyirəm”.
Sidqi öz məktublarında həmişə Cavidə təhsilinin qayğısına qalmağı və məlumat dairəsini genişləndirməyi tövsiyə edirdi. O, şagirdinə İranda nəşr olunan mətbuatı, xüsusilə “Nasiri” qəzetini izləməsi, bəzi zəruri kitabları əldə edib oxuması haqqında tapşırıqlar verməklə yanaşı, özünə lazım olan kitabları da tapıb göndərməsini ondan xahiş edirdi. Cavidin Sidqiyə yazdığı məktublarında müəlliminin bütün tövsiyə və tapşırıqlarını yerinə yetirməsi haqqında ətraflı məlumatlar vardır: “Sizin məktubunuz çatan kimi beş cild “Təshihül-hesab” kitabı və bir şüşə əla mürəkkəb bazardan aldım. Lakin... adam tapmıram ki, onları göndərəm... İnşallah, Naxçıvana gəldikdən sonra... sizə təqdim edərəm”. Başqa bir məktubunda isə Cavid müəlliminə hesabat verərək yazır: “Yazdığınız məsələ haqqında xəbər verirəm ki, “Nasiri” qəzetini abunə ilə alıb oxumaq artıq lazım deyildir. Çünki üç gün bundan əvvəl buraya gələn bir seyid həkimin ara-sıra bura yolu düşür, qardaşımla dostdur. Ona hər on gündən bir “Nasiri”, “İzzət”, “İttila” qəzetləri ayrıca olaraq verilir... mən isə ondan alıb oxuyuram”. Cavid hesabatını belə davam etdirir: “...Səfər ayının birindən səkkizinədək “Əmsilə” və “Şərhi-Amil” kitablarını oxuyub bitirdim. Ayın səkkizindən bəri “Sərfi-mir”i oxuyuram. İnşallah... axırınadək “Sərfi-mir”i də bitirib “Təsrif” kitabını oxuyacağam”.
Cavidin məktubda adını çəkdiyi kitablar o dövrün mədrəsələrinin əsas tədris vəsaitləri idi. Şübhəsiz ki, bu kitablardan əldə etdiyi məlumatlar onun sonralar yazacağı əsərlər üçün müəyyən dərəcədə əhəmiyyətli olmuşdur.
Cavidin Sidqiyə yazdığı 28 iyul 1903-cü il tarixli bir məktubu Urmiyadan göndərilmişdir. Həmin məktubda Cavid müəlliminə məlumat verir ki, artıq Urmiyadadır. Sonrakı sətirlərdə isə o, bu şəhərin təbiəti, əhalisinin məşğuliyyəti, mədəni səviyyəsindən söz açır.
Bu məktubdan sonra Cavidin Sidqiyə yazdığı bir məktubu da vardır. Lakin bu dəfə məktub Məhəmməd Tağı Sidqiyə yox, onun oğlu Məmmədəli Sidqiyə ünvanlanmışdır: “Naxçıvanda əziz və ərcüməndim ağayi Mirzə Məmmədəli ibn mərhum Məşədi Tağı Sidqinin xidmətinə! Çün əbəvi-məqami Sidqi mərhumun xəbəri-vəhşət əsərini qürbət vilayətdə eşitdim... nə dərəcədə möhnət və ələmə və qüssəvü qəm bəndeyi-­dilxəstə pərşikəstəyə üz verdi. Elə bilirəm ki, həqiqətdə mənim öz atam vəfat edib”.
Bəli, Sidqinin sədaqətli şagirdi və dostu Cavid öz ustadının qəfil ölüm xəbərini Urmiyada almışdı. Müəlliminin oğluna başsağlığından sonra o, “Şərqi-Rus” qəzetinin 23 yanvar 1904-cü il tarixli nömrəsində Sidqinin vəfatı münasibətilə vida sözü və farsca yazdığı bir şeiri dərc olunmuşdur. Vida sözünün bir yerində Cavid yazırdı: “O vücudi-ali və məsudun... dünyayi-fanidən aləmi-­cavidani tərəfinə rehlət buyurmağı... ərbabi-təməddün və əshabi-maarifdən ötrü mayəyi-hüzn və məlal oldu”.
Cavid Sidqinin vəfatından sonra da əziz müəllimini unutmamış, 1910-cu ildə Bakıda çıxan “Həqiqət” qəzetinin 4 yanvar tarixli nömrəsində dərc olunan “Naxçıvanda nə gördüm?” adlı məqaləsində “Tərbiyə” məktəbinin əhəmiyyəti və taleyindən, həmçinin Sidqinin “milli məktəb” (Hüseyn Cavid) uğrunda apardığı mübarizələrdən söz açaraq onu yüksək qiymətləndirmişdir: “Sidqi vətənpərvər idi, həmiyyətli idi, məslək sahibi idi, millətini sevirdi”.
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, böyük ideallar şairi, Azərbaycan ədəbiyyatının xəzinəsini ölməz əsərləri ilə zənginləşdirən Hüseyn Cavid həm də yüksək insani keyfiyyətləri özündə cəmləşdirən böyük şəxsiyyət olmuşdur.

Fərman XƏLİLOV
filologiya üzrə elmlər doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR