23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanda ta qədim dövrdən bəri müxtəlif sənət növləri yaranıb. Onlardan bəziləri bu gün tanınmış ustalar, sənət adamları tərəfindən yaşadılsa da, bir neçəsi zaman keçdikcə unudulmaq təhlükəsi ilə üz-üzə qalıb. Onlardan biri də nəqqaşlıqdır. Dekorativ-tətbiqi sənətin qədim növlərindən sayılan bu sənətin adı ərəb mənşəli sözdən yaranıb. Belə ki, ərəb dilindəki “nəqş”, yəni “naxış” sözündən əmələ gələn nəqqaşlıq müxtəlif metalların, ağac məmulatlarının üzərinə şəklin, ­fiqurun, yazının həkk olunmasıdır.

Nəqqaşlıq sənətinin yaranma tarixinə nəzər salsaq, görərik ki, bu sənət növü ən qədim ölkələrdə təşəkkül tapıb, sonradan bütün dünyaya yayılıb. Orta əsrlərdə isə Şərq aləmi bu sənətin vətəni sayılıb, nəqqaşlığın müxtəlif növləri inkişaf etdirilib.
Azərbaycanda, eləcə də qədim Naxçıvanda nəqqaşlıq bir çox sahələrdə tətbiq edilib. Xüsusilə xalçaçılıq sənətində nəqqaşlığın ruhu duyulur. Şah İsmayıl Xətainin taxtı və Moskvadakı Silah Palatasında saxlanılan bədii işləməli qalxan tariximizdə nəqqaşlığın ən gözəl nümunələri hesab olunur. Atabəylər dövründə yüksək sənətkarlıqla inşa edilən, bu gün də öz möhtəşəmliyini qoruyan Naxçıvan şəhərindəki Möminə xatın türbəsi nəqqaşlıq sənətinin zirvəsi sayıla bilər.

Azərbaycan ustaları bu sənətdə böyük uğur qazanıb, ölkəmizlə yanaşı, xarici ölkələrdə də möhtəşəm sənət əsərləri yaradıblar. Tarixdən də hamımıza məlumdur ki, vaxtilə Osmanlı Türkiyəsində 300-ə yaxın azərbaycanlı sənətkar yaşayıb, fəaliyyət göstərib. Onların böyük zəhmət və alın təri ilə ərsəyə gətirdiyi, Bursada ucaldılan Yaşıl məscid nəqqaşlıq sənətini özündə dolğunluğu ilə əks etdirir. Şah İsmayıl Xətainin dövründə Təbriz nəqqaşlıq məktəbində görkəmli sənətkarlar yetişib. Tanınmış rəssam Kəmaləddin Behzad Heratdan Təbrizə gəldikdən sonra bu məktəbə rəhbərlik edib. O, həmin dövrdə böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin əlyazmaları üzərində işləyib.
XVIII əsrdə Azərbaycanın tanınmış memar və nəqqaşlarından biri Abbasqulu ağa olub. O, Şəki Xan sarayının tərtibatında yaxından iştirak edib. Sarayda böyük salonun tavanında mürəkkəb kompozisiyalar yaradıb və bəzək işləri görüb. Öz adını orijinal şəkildə – sağdan-sola deyil, əks-istiqamətdə həkk etməsi böyük marağa səbəb olub.
Ölkəmizdə nəqqaşlıq sənəti XIX əsrdə geniş inkişaf edib. Bu dövrdə sənətin mexaniki üsulla işlənməsi metodundan daha çox istifadə olunub. Şamaxıda Mirzə Cəfər, Şuşada Qurban Qarabaği, Ordubadda Usta Zeynal Nəqqaş və başqaları bu dövrün məşhur ustaları kimi el arasında tanınıblar.
Xalq arasında “Qızıl əlli nəqqaş” adı ilə məşhur olan usta Zeynal Nəqqaş dövrünün tanınmış xəttat, nəqqaş və şairlərindən olub. Bakıda Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə, Naxçıvan şəhərindəki Xan sarayına, Ordubaddakı Cümə məscidinə, Əylis, Vənənd kəndlərindəki bəzi evlərə çəkdiyi rəsmlər və vurduğu naxışlar bu gün də diqqətləri cəlb edir. Usta Ordubad şəhərinin “Malik İbrahim” qəbiristanlığındakı dağa bitişik “Qara pir”də möhtəşəm naxış elementləri yaradıb. Eyni zamanda XIX əsrin axırlarında Cümə məscidinin arxa tərəfinə yumurta sarısı, əhəng və başqa materialların qarışığından hazırladığı məhlul vasitəsilə “Şiri-xurşid” gerbini məharətlə əks etdirib. Həmçinin məscidin divarına öz şeirindən beytlər də həkk edib. Görkəmli yazıçı Məmməd Səid Ordubadinin məşhur “Tərcümeyi-­halım” əlyazmasında Usta Zeynal Nəqqaş haqqında dəyərli fikirlər ifadə olunub.
Müasir dövrdə bu sənət sahəsindən, əsasən, kitab, dəzgah və elmi-tədqiqat qrafikalarında istifadə edilir. Hazırda nəqqaşlığın sənaye üsulu daha çox yayılıb. Belə ki, açıqçalar, dəvətnamələr, sənaye məhsulları, paltar etiketləri və başqa materialların hazırlanmasında nəqqaşlıq elementləri öz əksini tapır. Bundan başqa, zərgərlik məmulatlarında da nəqqaşlıq geniş tətbiq edilir.
Bəs bu gün Naxçıvanda sırf nəqqaşlıqla məşğul olan varmı? Bu suala cavab tapmaq üçün, necə deyərlər, çox qapı döyməli olduq. Ancaq təəssüflə qeyd etməliyik ki, nəqqaş tapa bilmədik. Ağacoyma sənəti ilə məşğul olan tanınmış sənətkar Akif Həsənov dedi ki, əvvəllər bu sənət növü geniş yayılsa da, bu gün nəqqaş çətin tapılar. Bir çox sənət sahələri ilə yanaşı, ağac­oyma sənətində də nəqqaşlığın izləri aşkar sezilir. Ağacoyma sənətini dərindən öyrəndikdə görürsən ki, əldə yonulan ağacın hər bir hissəsində bir-birinə bənzəməyən min cür naxış var.
Müsahibim onu da bildirdi ki, Naxçıvan şəhərinin seyrinə çıxdıqda bu sənət növü gözlər önündə canlanır. Belə ki, möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələri, “Xan sarayı” Tarix-Memarlıq Muzeyi və başqa memarlıq abidələrinə, yeni tikilən və ya yenidən qurulan ictimai yaşayış və inzibati binalara tamaşa etdikcə bəzi nəqqaşlıq elementlərinin şahidi olursan. Eləcə də nəqqaşlıq sənətinin incəlikləri xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və digər sənət növlərinin tərkibində də yaşayır. Lakin nəqqaşlıq adıçəkilən sənət növlərinin tərkibində gözlərimizi oxşasa da, bu, qədim nəqqaşlıq sənətini dolğun ifadə etmir.
Bəli, Naxçıvanda tikilən, ərsəyə gətirilən yeni binalarda bu qədim sənət növü əks olunur. Bu da onu deməyə əsas verir ki, bu gün dövlətimiz qədim sənət növlərimizin yaşadılmasına xüsusi diqqət yetirir. Unutmayaq ki, xalqımızın milli və mənəvi dəyərlərini əks etdirən abidələrimizdə, maddi-mədəniyyət nümunələrimizdə yaşayan bütün sənət növlərini, eləcə də nəqqaşlığı yaşatmaq hər birimizin mənəvi borcudur.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR