Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyində 2017-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib. İclasda Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, hesabat dövründə əlamətdar və tarixi günlərlə bağlı, görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi diqqət mərkəzində saxlanılıb, 30 tamaşa hazırlanıb və ümumilikdə, 241 tədbir, 89 konsert, 25 açıq dərs, sərgilər təşkil edilib.
Vurğulanıb ki, 2017-ci ildə muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi diqqət mərkəzində saxlanılıb, ötən il ərzində nazirliyin sistemində olan muzeylərə, ümumilikdə, 1340 ədəd yeni eksponat daxil olub. 2017-ci ildə muzeyləri 335 min 322 nəfəri yerli, 110 min 425-i əcnəbi olmaqla, ümumilikdə, 445 min 747 tamaşaçı ziyarət edib.
Ötən il kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılıb, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının icrası istiqamətində iş aparılıb, nazirliyin sisteminə daxil olan kitabxanalarda müvafiq kitab guşələri yaradılıb, kitab müzakirələri və oxucu konfransları təşkil edilib. Sərəncamla bağlı, ümumilikdə, 31 kitabın müzakirəsi olub. Kitabxanalarda görkəmli şəxsiyyətlərlə bağlı 152 yubiley tədbiri keçirilib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə kitabxanalarda keçirilən mədəni-kütləvi tədbirlərin sayı 552, sərgilərin sayı 411 olub. Bu mədəniyyət müəssisələrinə 301 adda 13 min 224 nüsxə çap məhsulu verilib.
Nazir bildirib ki, hesabat dövründə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında üç yeni tamaşa hazırlanıb. Bu dövrdə xalq teatrları tərəfindən də bir sıra tamaşalar səhnələşdirilib. Ötən ilin iyun ayında xalq teatrlarının festivalı keçirilib.
Görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Dövlət Filarmoniyasında keçirilən yaradıcılıq gecəsində filarmoniyanın kamera orkestri bəstəkarın əsərlərindən ibarət konsert proqramını təqdim edib. Filarmoniyanın kollektivləri il ərzində müxtəlif dövlət tədbirlərində, festivallarda və yay konsertlərində iştirak edib. Ötən il iyun-sentyabr aylarında əhalinin yay istirahətinin təşkili istiqamətində işlər də ənənəvi olaraq davam etdirilib, Naxçıvan şəhərinin park və meydanlarında 10 konsert təşkil edilib.
Nazirliyin sisteminə daxil olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 2017-2018-ci tədris ilində müxtəlif ixtisaslar üzrə 990 şagird qəbul olunub. Onlardan 15 nəfəri sağlamlıq imkanı məhdud uşaqdır.
Qeyd olunub ki, ötən il turizmin inkişafı ilə bağlı bir sıra işlər görülüb, muxtar respublikanın turizm potensialının təbliği davam etdirilib. 2017-ci ildə muxtar respublikaya 380 mindən çox turist gəlib. 6-8 aprel tarixlərdə Bakı şəhərində keçirilən XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Naxçıvan Muxtar Respublikası stendlə təmsil olunub, stenddə muxtar respublikanın turizm imkanları, həmçinin 6 yerləşdirmə obyekti haqqında materiallar sərgilənib, reklam-informasiya materialları və muxtar respublika ərazisində müxtəlif istiqamətli turist marşrutlarını özündə əks etdirən bukletlər sərgi iştirakçılarına paylanılıb. Sərgidə iştirak edən daxili turizmlə məşğul olan turizm firmaları ilə görüşlər keçirilib.
Nazir deyib ki, muxtar respublikada geniş vüsət almış abadlıq və quruculuq tədbirləri mədəniyyət və incəsənət müəssisələrindən, turizm obyektlərindən də yan keçməyib. Hesabat dövründə Ordubad rayonunun Üstüpü, Babək rayonunun Gərməçataq, Payız, Şərur rayonunun Çəmənli, Arpaçay, Ələkli, Qarahəsənli, Naxçıvan şəhərinin Tumbul, Qaraxanbəyli kəndlərində inşa olunan kənd mərkəzlərində mədəniyyət müəssisələri də yerlə, lazımi inventar və avadanlıqlarla təmin edilib. Şərur rayonunun Ələkli kəndində Uşaq musiqi məktəbinin yeni binası istifadəyə verilib. Naxçıvan şəhərində isə 2 saylı Təqaüdçülər Klubu yenidən qurularaq qapılarını təqaüdçülərin üzünə açıb. Sərhəd rayonumuz olan Sədərəkdə müasir üslubda Mədəniyyət Evi istifadəyə verilib. Hazırda muxtar respublikamızda bir neçə tarixi abidədə bərpa işləri aparılır.
Natəvan Qədimova Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı olduğunu vurğulayıb, qarşıda duran vəzifələrdən danışıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti