23 Dekabr 2024, Bazar ertəsi

Tarixən Azərbaycanın bütün bölgələrində dövrünə görə əzəmətli məscidlər olub və onlar bu günədək qorunub saxlanıb. Bu baxımdan Bakıdakı Bibiheybət və Təzəpir, həmçinin Naxçıvan və Ordubad şəhərlərindəki Came məscidlərinin, muxtar respublikadakı İmamzadə komplekslərinin adlarını çəkə bilərik. Ölkəmizdə mövcud olan belə abidələr xalqımızın dini, mənəvi dünyagörüşünü özündə ehtiva edir.  

Bu gün muxtar respublikamızda dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tarixi abidələr, dini ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir. Məscidlər isə ibadət yeri olmaqla yanaşı, həm də mənəvi dəyərlərimizin yaşadıldığı məkanlardır.
Belə məkanlardan biri də Culfa rayonunun Saltaq kəndində yerləşən Saltaq kənd məscididir. Tarixi-memarlıq quruluşu ilə gözoxşayan bu məscid 1410-cu ildə tikilib. Minarəsinin hündürlüyü 12 metrdir. Günbəzi isə səkkizpəncərəlidir və bu pəncərələr məscidin işıqlandırmasını təmin edir. Günbəzin üzərinə ay, minarəyə isə səkkizguşəli ulduz təsviri həkk olunub.

Üç giriş qapısından ibarət olan məscidin həyətində qədim bir tut ağacı və su quyusu var. Həyətinə açılan qapısının divarlarına dualar yazılıb. Əvvəllər möhrədən tikilən məscid 1991-ci ildə kənd camaatının köməyi ilə bərpa edilib və həm tikilmə, həm də bərpaolunma tarixi minarənin üzərinə həkk olunub. Girişdəki sütunların üzərinə günbəz şəkli verilib. Tikilinin divarlarında Möminə xatın məqbərəsində istifadə olunan naxışlar da göz oxşayır, daxilində qədim dini kitabların olduğu yer isə vaxtilə kitabxana kimi istifadə olunub. İki mərtəbədən ibarət olan ibadətgahın ikinci mərtəbəsi eyvan şəklindədir və qadınlar üçün nəzərdə tutulub. Məscidin yerdən tavanadək hündürlüyü 5 metrdir və tavan 7 sütun üzərində dayanıb. Ümumi sahəsi 600 kvadratmetr olan məsciddə eyni vaxtda 400 nəfər ibadət edə bilər.
Culfa rayonunun Bənəniyar kəndindəki məscidin tarixi isə XIX əsrin əvvəllərinə aiddir. İki mərtəbədən ibarət olan bu məsciddə 1987-ci ildə təmir işləri aparılıb. Tikilinin yerdən tavana qədər hündürlüyü 9, yerdən günbəzədək hündürlüyü isə 15 metrdir. Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınlar üçün nəzərdə tutulub. Bu ibadət ocağı kəndin ən uca bir nöqtəsində yerləşən öz memarlıq quruluşu ilə göz­oxşayan ibadət yeridir. Bənəniyar kənd məscidi tarixi abidə kimi də mühüm əhəmiyyətə malikdir.
Naxçıvanın səfalı guşələrindən olan Ordubad bir çox xüsusiyyətləri ilə yanaşı, tarixi abidələri ilə də hər zaman diqqət mərkəzində olub. Belə abidələr sırasında məscidlər də xüsusi yer tutur. Buradakı məscidlər, əsasən, öz qədimliyi ilə seçilir. Bu ibadət yerlərinin əksəriyyəti tarixi əhəmiyyətə malikdir. Elə rayonun Vənənd kəndindəki Came məscidi də tarixiliyi ilə bura gələn tədqiqatçıların və hər bir qonağın marağına səbəb olan bir dini ibadətgahdır.
“Naxçıvan abidələri ensiklopediyası”nda qeyd olunur ki, Vənəndin mərkəzi meydanında yerləşən və memarlıq xüsusiyyətləri ilə seçilən Came məscidi 1324-1325-ci illərdə tikilib. Düzbucaqlı formada olan məscidin sahəsi, təqribən, 375 kvadratmetr, hündürlüyü isə 7 metrdir. Məscid bir neçə dəfə bərpa olunub. Şimal tərəfdəki tağın üzərində fars və ərəb dillərində yazılmış kitabədə XVIII əsrin birinci yarısında Vənəndin, eləcə də Naxçıvanın iqtisadi həyatına dair məlumat verilir. Kitabəni ilk dəfə rus şərqşünası, tarixçi, etnoqraf N.V.Xanıkov fransız dilinə tərcümə edib. İkimərtəbəli məscid birminarəlidir. Minarəyə məscidin içərisindən çıxış var. Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınların ibadəti üçün nəzərdə tutulub. Burada eyni vaxtda min nəfər ibadət edə bilər. Üç böyük sütun üzərində dayanan məscidi bir böyük və 10 ədəd yardımçı çilçıraq işıqlandırır. Qapıları yerli sənətkarlar tərəfindən şəbəkə üsulu ilə işlənmiş məscidin içərisində quraşdırılmış rəflərdə dini kitablar yer alır.
Məscidin həyətindəki başı göylərə çatan üç qocaman çinar ağacı da bu qədim məscidin tarixinə əsrlərdir ki, şahidlik edir. Ümumiyyətlə, Ordubaddakı məscidlərin həyətində qədimdən çeşmə və çinar ağaclarının olmasına həmişə xüsusi əhəmiyyət verilib.
Came məscidindən əlavə, Vənənd kəndində 3 məhəllə məscidi də mövcuddur ki, bunlar da, əsasən, minarəsiz məscidlərdir və yerləşdiyi məhəllənin adı ilə adlanır. Adətən, belə dini ibadət yerlərində minarəni məscidin damında yerləşən səki əvəz edir. Məsələn,Vənəndin məhəllə məscidlərindən olan Burçunlu məscidi kəndin Burçunlu məhəlləsində yerləşdiyinə görə belə adlandırılıb və kоnstruktiv quruluşuna görə tarixi XVII əsrə aid edilir.
Ötən əsrdə inşa olunan Heydər məscidi Şərur rayonunun Aralıq kəndində yerləşən memarlıq abidəsidir. 420 kvadratmetr ərazidə yerləşən məscidin binası Şərq memarlıq elementlərini özündə əks etdirən müasir üslubda tikilib. Daxildən və xaricdən düzbucaqlı formada olan məscidin günbəzində göy kaşılarla Heydər məscidi sözləri, əsas giriş qapısının üzərində isə müqəddəs “Qurani-Kərim”dən ayə yazılmış kitabə vurulub. Məscidin divarları ona monumental bir görkəm verən qırmızı kərpic rəngi ilə boyanıb, qapı və pəncərələrin kənarları və eləcə də binanın künc­ləri ağ rənglə rənglənib, həyəti dini simvollar, nəbati və həndəsi naxışlarla bəzədilib, dəmir məhəccərlərlə əhatə edilib.
İslam dininin əsas müqəddəs yeri olan məscidlər bütün müsəlmanların ibadət yeri, onların mənəvi vəhdət məkanıdır. Bu müqəddəs yerlərdə insanlar mənəvi saflıq uğrunda birləşirlər. Bu baxımdan şəhər, rayon və kəndlərimizdə mövcud olan məscidlərdən istifadə edən sakinlər də öz mənəvi aləmlərini zənginləşdirirlər.
Qeyd edək ki, müqəddəs İslam dinində hər zaman Allaha, onun müqəddəs kitablarına, pir və ocaqlara, məscidlərə tükənməz sevgi olub. Bu gün də o sevgi, hörmət, etiqad insanların mənəvi dünyasından, dini dəyərlərindən xəbər verir. Pirlər, türbələr, günbəzlər, məscidlər ibadət yerinə, ziyarət ünvanına çevriliblər. Bu gün bu yerlər dövlət qayğısından bəhrələnib. Muxtar respublikamızın elə bir bölgəsi yoxdur ki, orada belə ziyarətgahlar, məscidlər olmasın.

Təəssüf ki, bir vaxtlar məscidlərin, xalqın inanc yerləri kimi qəbul etdiyi ocaqların bağlanması, onların anbarlara çevrilməsi halları da olub. Əlbəttə ki, məscidlərə, ocaqlara qarşı bu cür xoşagəlməz münasibəti ürəyində Allah sevgisi olan hər bir azərbaycanlı böyük kədər hissilə qarşılayırdı. Amma bu maneələr Azərbaycan xalqının iradəsini zəiflədə bilmədi, xalqımız öz dinindən dönmədi, əksinə, ona daha dərin bağlarla bağlandı. Bu gün isə dini dəyərlərimiz müstəqil Azərbaycanda dövlət səviyyəsində qorunur, insanların inanc azadlığı tam təmin olunur.
Bu gün dövlətimiz dinimizə, İslamı maarifləndirmə işinə böyük dəstək verir. Dövlətin din ocaqlarına göstərdiyi qayğının bəhrəsini bütün xalqımız yaxından hiss edir. Dövlət səviyyəsində həyata keçirilən bu işlər nəticəsində onlarla məscid bərpa edilərək ümummilli ziyarət yerinə çevrilib.
Son illər Babək rayonunun Çeşməbasar kəndindəki Heydər məscidinin, Nehrəm, Əbrəqunus və başqa kənd məscidlərinin milli memarlıq üslubunda yenidən qurulması və hazır­da Naxçıvan şəhərində eyni vaxtda 2500 nəfərin ibadət edə biləcəyi, Cənubi Qafqazın ən böyük məscidlərindən olacaq bir ibadət yerinin tikilməsi də bunu sübut edir.
Qədimliyi, memarlıq üslubu ilə seçilən bu ziyarət yerlərimiz, ibadətgahlarımız Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı keçiriləcək möhtəşəm tədbirlər zamanı gələn xarici qonaqlarda da böyük maraq doğuracaq. Çünki İslam dini xalqımızın milli və mənəvi sərvəti, məscidlər isə İslamı təmsil edən müqəddəs yerlərdir.

Türkanə ƏMOYEVA
Naxçıvan Dövlət Radiosunun əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR