Dekabrın 29-da Babək rayon Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Ordubad şəhər sakini İlhamə Əliyeva, Kəngərli rayon Qıvraq qəsəbə sakini Əsgər İsgəndərov, Culfa rayon Əlincə kənd sakini Şahin Quliyev tərəfindən Naxçıvan Dövlət Xalça Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, toxuculuq məmulatı və aləti, yun darağı, kirgit, cəhrə, taxta həvə, mis qablar və digər nümunələrdən ibarət qırxa yaxın eksponat təqdim edilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi daim diqqətdə saxlanılır və bu işdə muxtar respublika sakinləri yaxından iştirak edirlər. Bu il ərzində muxtar respublikamızın muzeylərinə 1340 eksponat daxil olub. Bu eksponatlar nazirliyə və muzeylərə könüllü olaraq təqdim edilib və muzeylərdə, ümumilikdə, 10 eksponatın təqdimatı keçirilib. Bununla bərabər, AMEA Naxçıvan Bölməsinin Əlyazmalar İnstitutuna da qədim kitablar verilib.
Vurğulanıb ki, bu cür təqdimat mərasimlərinin keçirilməsi əhali arasında da geniş marağa səbəb olub. Bu maarifləndirmə işinin hər birimiz tərəfindən gələcəkdə də davam etdirilməsi çox əhəmiyyətlidir.
Nazir maddi-mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə vətəndaşlara təşəkkürünü bildirib, mədəniyyətimizin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bütün mədəniyyət işçiləri adından minnətdarlıq edib.
Sonra eksponatları muzeyə hədiyyə edənlərdən Əsgər İsgəndərov, Akif Hacıyev, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova çıxış edərək bildiriblər ki, maddi-mədəni irsimizin qorunması baxımından belə tədbirlərin keçirilməsi əhəmiyyətlidir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir. İnanırıq ki, bu işlər gələcəkdə də davamlı olaraq həyata keçiriləcəkdir.
Əli RZAYEV