Ordubad şəhər və Vənənd kənd uşaq musiqi məktəblərində tədris ilinin birinci yarısına aid hesabat konserti keçirilib.
Konsertdən əvvəl vurğulanıb ki, hazırda muxtar respublikamızda 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Son illər 25-ə qədər uşaq musiqi məktəbi üçün yeni binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Uşaq musiqi, incəsənət və bədii yaradıcılıq məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə şagirdlərin, müəllimlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün bir sıra işlər həyata keçirilib. Ustad dərslərinin, metodik kursların, istedadlı şagirdlərin solo konsertlərinin təşkili, görkəmli bəstəkarların yubileylərinin qeyd edilməsi, müsabiqələrin keçirilməsi məktəblərdə tədrisin inkişafına böyük təsir göstərir.
Sonra konsertə start verilib. İlk olaraq Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri orkestrinin ifasında görkəmli bəstəkarımız Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi” səsləndirilib. Fortepiano, tar və kamança ixtisaslarında təhsil alan şagirdlərin ifasında Fikrət Əmirovun, Tofiq Quliyevin, Səid Rüstəmovun və xarici ölkə bəstəkarlarının əsərləri də maraqla qarşılanıb. Konsertdə xalq mahnıları və bəstəkar mahnıları da ifa olunub.
Konsert Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin xor kollektivinin ifasında “Ay dilbər” xalq mahnısı ilə başa çatıb.
Fatma BABAYEVA