23 Dekabr 2024, Bazar ertəsi

Tarixdə elə şəxsiyyətlər var ki, onların xidmətləri ölümündən illər, əsrlər keçsə də, öz dəyərini saxlayır. Həmin şəxsiyyətlər işıqlı amalı, nurlu əməlləri ilə yaddaşlarda daim yaşayır. Azərbaycan folklorşünaslığının inkişafında, folklorşünaslar nəslinin yetişməsində böyük xidmətləri olan Məmmədhüseyn Təhmasib də çoxcəhətli ədəbi fəaliyyəti, zəngin yaradıcılığı, ədəbiyyat tariximizdə əvəzsiz xidmətləri ilə yaddaşlarda ölməzlik qazanan şəxsiyyətlərdəndir. 

Azərbaycan folklorunun mükəmməl tədqiqatçısı və təbliğatçısı Məmmədhüseyn Təhmasib 1907-ci ildə ruhani tacir Abbasqulu bəyin ailəsində dünyaya göz açıb. Anası Münəvvər xanım Kəngərli tayfasının qızı olub. Kiçik yaşlarından özündən 12 yaş böyük qardaşı, Azərbaycanın görkəmli səhnə ustası Rza Təh­masibin təsiri ilə teatr mühitinə maraq göstərib. 1917-ci ilin əvvəllərində qardaşının hazırladığı “Arşın mal alan” və “O olmasın, bu olsun” tamaşalarında rejissor köməkçisi kimi çalışıb.
Folklor sənətinin ilk doktoru, yazıçı-dramaturqun ömür yoluna arxiv sənədlərindən nəzər salarkən öyrəndik ki, Təhmasib ilk təhsilini Naxçıvanda 1898-ci ilə qədər Məmməd Tağı Sidqinin təsis etdiyi Tərbiyə məktəbi kimi fəaliyyət göstərən, 1899-cu ildən isə “Rus-tatar” məktəbinə çevrilən təhsil ocağında alıb.

Qeyd edək ki, bəzi mənbələrdə Təhmasibin Naxçıvan şəhər məktəbində təhsil alması faktı ilə də rastlaşdıq. Bu barədə kiçik bir araşdırma apararkən öyrəndik ki, “Rus-tatar” məktəbi adlanan bu məktəb, 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Naxçıvan şəhər məktəbi adı ilə fəaliyyətini davam etdirib. Məhz bu səbəbdən Məmmədhüseyn Təhmasibin təhsil aldığı məktəb bəzi mənbələrdə Naxçıvan şəhər məktəbi kimi qeyd olunub. O, 1922-ci ildə bu məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Texnikumuna daxil olub. Böyük dramaturq 1927-ci ildə texnikumu bitirərək Naxçıvana qayıdıb. Naxçıvan Xalq Maarif Komissarlığının sərəncamına göndərilən müəllimin Naxçıvandakı 3 ildən artıq fəaliyyəti arxiv sənədlərində öz əksini tapıb.
Bir çox mənbələrdə Məmmədhüseyn Təhmasibin ilk müəllimlik fəaliyyətinə Naxçıvan şəhər məktəbində başladığı göstərilir. Arxiv sənədlərində isə alimin ilk müəllimlik fəaliyyətinə başladığı məktəb Şıxmahmud məktəbi olduğu qeyd olunub. Naxçıvan Dövlət Arxiv İdarəsinin Xalq Maarif Komissarlığı fondundakı mənbədən öyrəndik ki, Azərbaycan Pedaqoji Texnikumunu bitirən Təhmasib Naxçıvan MSSR Xalq Maarif Komissarlığının 18 fev­ral 1928-ci il tarixli 42 nömrəli əmri ilə Şıxmahmud məktəbinə müdir göndərilib. O, 45 nəfər şagirdlə fəaliyyət göstərən Şıxmahmud məktəbində bir ildən çox işləyib. Təhsil ocağının binası o qədər yararsız olub ki, yağan qarın, yağışın məktəbin içərisinə dolmasına baxmayaraq, burada mədəni maarif işi aparılıb, dram və ictimaiyyət dərnəyi fəaliyyət göstərib, teatr tamaşaları hazırlanıb. Heç şübhəsiz ki, bunların hamısına Məmmədhüseyn Təhmasib başçılıq edib. Bir ildən artıq bu məktəbdə müdir vəzifəsində çalışan Təhmasib 1929-cu ildə Xalq Maarif Komissarlığına çağırılıb. 23 noyabr 1929-cu il tarixdən Xalq Maarif Komissarlığının nəzdində olan Siyasi Maarif Şöbəsinə katib təyin olunub.
1930-cu illərdə savadsızlıq əleyhinə məktəbə müəllim təyin olunan Məmmədhüseyn Təhmasib az bir müddətdə bu məktəbdə işləyib. Onun Naxçıvanda əmək fəaliyyəti 10 iyun 1931-ci ilə qədər davam edib, buradan başlayan pedaqoji fəaliyyəti sonrakı əmək fəaliyyətinin təməli olub. Təhmasib Şıxmahmud məktəbinin sinif müəllimliyindən ozamankı Azərbaycan Dövlət Universitetinin baş müəllimi vəzifəsinədək yüksələrək müəllim adının şərəfini, məsuliyyətini qoruyub saxlayıb. 1951-ci ildən 1982-ci ilə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışıb. Azərbaycan folklorşünaslıq elminə mühüm töhfələr verən Məmmədhüseyn Təhmasib 5 oktyabr 1982-ci ildə Bakı şəhərində vəfat edib.
Şifahi xalq ədəbiyyatının tədqiqində son dərəcə böyük və gərgin əməyi olan alim dəyərli elmi-tədqiqat əsərləri yazaraq folklorumuzun təhlilində mühüm xidmətlər göstərib.
Aşıq yaradıcılığı haqqında fundamental araşdırmalar aparan Məmmədhüseyn Təhmasib Azərbaycan folklorunun dastan janrını dərindən tədqiq edib. 1938-1965-ci illər arasında 100-dən çox dastan toplamaqla bu sahədə faktik materiala dərindən bələd olan, istifadə etdiyi toplama, nəşr və arxiv materiallarını dünya nəzəri fikri səviyyəsində dəyərləndirməyi bacaran Məmmədhüseyn Təhmasib dastanların janr təsnifatını verməklə folklor elmimizdəki boşluqları doldurub. 1949-cu ildən ömrünün sonunadək “Koroğlu” dastanını müxtəlif yönlərdən təhlil edərək, dönə-dönə nəşr edilməsinə nail olub. Dastanın xalqımızın milli-mənəvi sərvəti olmasını, onun məhz Azərbaycan mühitində yaranıb formalaşmasını, sonralar başqa xalqların folkloruna da yayılmasını danılmaz faktlarla sübuta yetirib. Eyni zamanda o, digər dastanlarımızın da toplanılması sahəsində ciddi işlər görüb. Onun rəhbərliyi ilə şifahi xalq ədəbiyyatımızın bu qədim və zəngin janrının müxtəlif variantları yazıya alınaraq 5 cildlik “Azərbaycan dastanları” şəklində çap edilib.
Azərbaycan tarixinin, etnoqrafiyasının, toponimikasının, coğrafiyasının mükəmməl bilicisi Məmmədhüseyn Təhmasib ədəbi yaradıcılığa 1934-cü ildən başlayıb.
Böyük alimin yaradıcılığı milli kinodramaturgiyamızın inkişafından da yan keçməyib. Şifahi xalq ədəbiyyatının tədqiqində əhəmiyyətli xidmətləri olan folklorşünas alim müxtəlif janrlı tədqiqat əsərlərini nəşr etdirib.
Filologiya elmləri doktoru, professor Məmmədhüseyn Təhmasib həm də tərcüməçiliklə məşğul olub.
Qeyd edək ki, görkəmli dramaturq və pedaqoq Məmmədhüseyn Təhmasibin ədəbiyyatımızın, mədəniyyətimizin inkişafındakı əvəz­olunmaz xidmətləri unudulmamış, onun ədəbi və elmi irsinin öyrənilməsinə hər zaman qayğı ilə yanaşılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə muxtar respublikamızda tanınmış elm fədaisinin anadan olmasının 110 illiyinin geniş şəkildə qeyd olunması da alimin həyatı və elmi yaradıcılığına göstərilən böyük diqqətin nəticəsidir. Təhmasib yaradıcılığına hər zaman duyulan böyük ehtiyac və ədəbi sevgi bu böyük insanı xalqımızın qəlbində daim yaşadacaqdır.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR