Ordubad Rayon Mədəniyyət Evində Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Aqib Seyidovun bədii rəhbəri olduğu Naxçıvan Dövlət Filarmoniyasının Qədim musiqi alətləri ansamblı geniş konsert proqramı ilə çıxış edib.
Konsert qədim musiqi alətlərimizin təbliğinə həsr olunmuş gözəl bir tədbir kimi diqqəti cəlb edirdi. Konsertdə çəng, rud, rübab, çor, ney, bərbət, qopuz və başqa qədim milli musiqi alətlərimizin bir musiqi ansamblının ifasında səslənməsi tamaşaçılarda yüksək ovqat yaradıb.
Azərbaycan Respublikasının Əməkdar artisti Qurban Qasımovun ifasında “Qara tellər” xalq mahnısı səslənib. Qurban Qasımovun və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Qəribə Həsənovanın birgə ifa etdikləri “Ceyran sevgilim”, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyevin “Alma dəyəndə gəlləm” xalq mahnısı və solist Nərmin Hüseynova ilə birgə ifa etdiyi “Sevgiyə naz nə gərəkdir” dueti, solist Cəfər Tağıyevin “Kərkük” mahnısı, “Dili-dili” xalq mahnısı maraqla qarşılanıb.
İstedadlı xanəndə Əbülfəz Məmmədovun ifasında “Bayatı-şiraz” təsnifindən sonra “Naz olaydı”xalq mahnısı səsləndirilib. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfüqar Mahmudov, Xatirə Səfərova isə “Segah” təsnifi, “Qara gözün vəsməsi”, “Çalpapaq”, “Bircə dənəsən, ay qız” xalq mahnılarını ifa ediblər.
Əli RZAYEV