Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə yaradıcı gənclər, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi keçirilib.
Rəssamlar Birliyinin əməkdaşı Nizami Alıyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli çıxış edərək bildiriblər ki, tədbirin keçirilməsində məqsəd yaradıcı gənclərin istedadlarının üzə çıxarılması və sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya olunmasıdır. Sərgiyə rəsm əsərləri, tikmə və toxuma, dekorativ sənət əsərləri olmaqla, 40 müəllifin 120-yə yaxın əl işi təqdim edilib. Sonra sərgidə fərqlənən əl işlərinin müəllifləri mükafatlandırılıblar.
Sərgidə əl işləri fərqləndiyinə görə Şəlalə Məmmədzadə, Züriyyə Musayeva, Zəhra Məmmədova, Müseyib Məmmədov, Röya İsmayılova, Qumru Sadiqova, İlhamə Səfərova və digərləri təşkilatçılar tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Ceyhun MƏMMƏDOV