23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanın tarixi keçmişindən bəhs edən tədqiqatçılar haqlı olaraq hər zaman bu tarixin zəngin mədəniyyət üzərində formalaşdığını bildirirlər. Bu qədim Azərbaycan diyarının təbii və coğrafi mühiti, insanlarının zəhmətkeşliyi, yeniliyə meyilli olması, həqiqətən, regionun mədəni zənginliyinə şərait yaratmış, burada xalq yaradıcılığının inkişafına geniş imkanlar açmışdır. Xüsusilə orta əsrlər Naxçıvanında bir çox sənət sahələrinin geniş yayılması diyarımızın mühüm ticarət və sənətkarlıq mərkəzi kimi tanınmasına gətirib çıxarmışdır. Mənbələrdən bəlli olur ki, tarixən burada gön-dəri istehsalının, toxuculuğun, o cümlədən xalçaçılığın inkişafı, eyni zamanda digər sənətkarlıq sahələrinin inkişafına da rəvac vermişdir. Belə sənətkarlıq sahələrindən biri də boyaqçılıqdır.

Xanlıqlar dövründə Azərbaycanda sənətkarlığın vəziyyətini araşdırmış tədqiqatçılar haqlı olaraq göstərirlər ki, boyaqçılıq sənəti, əslində, toxuculuq və gön-dəri məmulatı istehsalının, bir növ, yekun mərhələsi olub, hazır məhsulların bədii zövqlə tərtib edilməsinə xidmət edirdi. Orta əsrlər dövründə ölkəmizdə olmuş bir çox əcnəbi səyyahlar da Azərbaycanda boyaqçılığın ən geniş yayılmış sənət sahələrindən biri olduğunu bildirirdilər. Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” monoqrafiyasında isə qədim diyarda bu sahənin inkişafı ilə bağlı maraqlı məqamlara toxunulur, boyaqçılığın bir sənət sahəsi kimi yayıldığı qeyd olunur. Elə bu yazıda da tədqiqatçının adıçəkilən monoqrafiyasında boyaqçılıqla bağlı apardığı araşdırmalardan bəzi maraqlı məqamları oxucularımızla bölüşmək istərdik.

Arxeoloji tədqiqatlara əsaslanan professorun qeydlərinə görə, Naxçıvan diyarında yaşayan əhali hələ ibtidai icma quruluşu dövründə boyaqçılıqla məşğul olmuşlar. Qədim Kültəpədə aparılan qazıntılar zamanı eradan əvvəl IV-III minilliklərə aid olan təbəqədən toxuculuq alətləri ilə yanaşı, boyaq xassəli bitki köklərinin döyülməsi üçün istifadə edilən bir neçə həvəngdəstə də tapılmışdır. Onlardan birinin üzərində hətta qırmızı rəngin qalığı da aşkar edilmişdir. Tədqiqatçıya görə, qədim yunan tarixçisi Herodotun Cənubi Qafqazda yaşayan əhalinin boyaqçılığın sirlərinə bələd olmaları haqqındakı fikirlərini Naxçıvana da aid etmək olar. Orta əsrlər dövründə Naxçıvan diyarında parça toxuculuğu, xalçaçılıq və gön-dəri məmulatının istehsalının artması boyaqçılığın inkişaf etdiyini göstərir. X əsrdə və ondan əvvəlki əsrlərdə Naxçıvan şəhərində toxunan “zili” tipli irihəcmli xalçaların bədii cəhətdən tərtibatında boyaqçılığın da böyük rolu olmuşdur. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumatlardan da aydın olur ki, həmin dövrdə Naxçıvan şəhərinin əhalisi, xüsusilə qadınlar yaşıl, narıncı və sarı rənglərə boyanmış tumac dəridən tikilən çəkmələr və “papış” adlandırılan ayaqqabılar geyinirdilər.
XVIII-XX əsrin əvvəllərində isə boyaqçılıq sənəti özünün yüksək inkişaf səviyyəsinə çatmışdır. Vidadi Muradov yazır ki, tədqiq olunan dövrdə bölgədə boyaqçılıq sənəti haqqında ilk statistik məlumata “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə rast gəlinir. Həmin mənbəyə görə, 1727-ci ildə Naxçıvan şəhərində illik gəliri 1200 ağça olan boyaqxana fəaliyyət göstərirdi. Naxçıvan sancağının Qışlağat nahiyəsinə tabe olan Yezdabad kəndində və Azadciran nahiyəsinə tabe olan Meqri kəndində də müstəqil fəaliyyət göstərən boyaqxanalar mövcud idi. “Naxçıvan əyalətinin statistik təsviri”ndə isə Naxçıvan dairəsində pambıq parçaların göy rəngə boyanması üzrə ixtisaslaşmış 3 boyaqxananın fəaliyyət göstərməsi haqqında məlumat verilir. Eyni zamanda XIX əsrin 30-cu illərində Ordubad dairəsində fəaliyyət göstərən 8 boyaqxanadan birinin Ordubad şəhərində, yeddisinin isə kənd­lərdə yerləşməsi haqqında məlumatlara rast gəlinir. Həmin dövrdə Naxçıvan qəzasının kəndlərində ilboyu fəaliyyət göstərən 6 boyaqxana qeydə alınmışdır.
Tədqiqatçının mənbələrdən əldə etdiyi məlumatlara görə, Naxçıvanda hələ xanlıqlar dövründə boyaqçılıq sənəti xəzinənin mühüm gəlir mənbələrindən birini təşkil edirdi. Belə ki, Naxçıvan xanlığının Rusiya tərəfindən işğal edilməsindən 5 il əvvəl, daha doğrusu, 1823-cü ildə boyaqçılıqdan toplanan vergi maddəsi ayrı-ayrı şəxslərə iltizama verilmişdi. Boyaqçılıq üzrə müəyyənləşdirilmiş bu maddə Naxçıvan dairəsi üzrə 370 tümən, Ordubad dairəsi üzrə isə 503 tümən müəyyənləşdirilmişdi. Xanlığın ərazisində heç kim iltizamçıya müəyyən olunmuş vergini ödəmədən hər hansı bir məmulatı boyamaq hüququna malik deyildi. XIX əsrin sonlarına doğru isə Naxçıvan şəhərində və qəzasında boyaqxanaların həm sayında, həm də istehsal gücündə müəyyən artım müşahidə edilirdi. Mənbələrə görə, təkcə Naxçıvan şəhərində 1897-1898-ci illərdə 8 boyaqxana fəaliyyət göstərirdi ki, bu boyaqxanaların hər birində orta hesabla bir usta, bir şagirdin çalışdığı emalatxanaların illik istehsal gücü 1600-2000 rubl təşkil etmişdi. Bütün Naxçıvan qəzasında fəaliyyət göstərən emalatxanaların sayı isə əsrin sonuncu illərində 14-ə çatmışdı.
Bəs boyama prosesi necə aparılırdı? Yuxarıda adıçəkilən mono­qrafiyada göstərilir ki, Naxçıvan diyarında boyaqçılıq sənəti heç də böyük şəhərlərdə və kəndlərdə daimi fəaliyyət göstərən boyaqxanalarla məhdudlaşmırdı. Xalçaçılıq sənətinin inkişaf etdiyi kəndlərdə xalçaçı qadınlar əksər hallarda özləri bu işlə məşğul olurdular. Çünki onlar boyaq üsulları və boyaq vasitələrinin seçilməsi haqqında əsrlər boyu yaranaraq nəsildən-nəsilə keçərək təkmilləşən ən zəruri bilik və bacarıqlara sahib idilər. Payızın sonlarında başlayan boyama prosesində onlar daha çox özlərinin yay mövsümündə tədarük etdikləri bitki mənşəli boyaq vasitələrindən məhlul hazırlayırdılar. Məhlulun hazırlanması və iplərin boyanması mis qazanlarda həyata keçirilirdi. Eyni zamanda toxuculuq məhsullarının boyanması ağır zəhmət, yüksək bilik və bacarıq tələb edən üç mərhələyə – boyamağa hazır­lıq, boyama və boyağın möhkəmləndirilməsi mərhələlərinə bölünürdü. Bunu da qeyd etmək lazımdır ki, boyama üçün zəruri olan boyaq bitkiləri və maddələri ilə yanaşı, məmulatın boyanmağa hazırlanması və boyağın möhkəmləndirilməsi üçün əlavə materiallardan da istifadə edilirdi. Məsələn, yun ipin boyama prosesinə hazırlanmasında – aşkarlanmasında daha çox zəydən və ya zəy qarışdırılmış turş alça lavaşasından istifadə edilirdi. Prosesin gedişində ip zəy məhlulundan başqa, üç gün müddətində alça və ya zoğal lavaşasının suyunda isladılırdı. Bundan sonra kələflərin suyu süzülür, zəy və lavaşa ilə bir yerdə yenidən qaynadılırdı. Bundan sonra boyanmaq üçün yararlı hesab edilirdi.
Naxçıvanda boyaqçılıq sənətinin inkişafında heyvan və bitki mənşəli boyaq vasitələrinin bolluğu mühüm rol oynamışdır. Məsələn, boyaq mənşəli bitki növlərindən fərqli olaraq heyvan mənşəli boyaq vasitəsi kimi “qırmız” adlandırılan böcəklərdən istifadə edilirdi. Deyilənlərə görə, bu böcəklərdən boyaqçılar hətta boyaqotu kimi tanınan boyaq vasitəsindən xeyli əvvəl istifadə etmişlər.
Yeri gəlmişkən onu da qeyd edək ki, Naxçıvanda boyaqotu bitkisinin becərilməsi tarixi çox qədimlərə gedib çıxır. Belə ki, X əsrdə yaşamış ərəb coğrafiyaşünası İbn Havqəl bu bitkinin Azərbaycanın bir çox bölgələri ilə yanaşı, Araz çayı hövzəsində də yetişdirilməsi haqqında məlumat verir. Tədqiqatçı M.X. Heydərov isə göstərir ki, Səfəvilər dövründə qədim Culfadan keçən karvan yolu ilə birgünlük məsafədə yerləşən Azadabad dairəsi yalnız Şərqdə deyil, həm də bütün dünyada boyaqotu istehsalının ən böyük mərkəzinə çevrilmişdi. Azərbaycanın Rusiya tərəfindən işğalından sonra boyaqotu bitkisinin becərilməsi daha geniş vüsət almışdı. Mənbələrə görə, XIX əsrin ortalarında Azərbaycandan Rusiyaya ixrac edilən boyaqotu kökünün həcmi 140 min puda çatmışdı. Bundan əlavə, mənbələrdə Naxçıvanda boyaqçıların boyama vasitəsi kimi bir çox meyvə ağaclarının, o cümlədən alma, armud, gavalı, ərik, cəviz, tut və digər ağacların kök və qabıqlarından, eyni zamanda fərqli vasitələrdən də istifadəsi haqqında məlumatlar var.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR