Ötən əsrin 70-ci illərindən başlayaraq, muxtar diyarımızda mədəniyyət sahəsi də öz inkişaf dövrünü yaşayıb. Sənətə, sənət adamlarına böyük qayğı ilə yanaşan ümummilli liderimiz Heydər Əliyevin səyi nəticəsində mədəniyyətin bir çox sahələrində olduğu kimi, rəssamlıq sahəsində də nailiyyətlər, uğurlar qazanılıb. Bunu 1971-ci ildə ulu öndərimiz Heydər Əliyevin himayəsi ilə yaradılan Naxçıvan Rəssamlar Təşkilatının timsalında da görmək olar. Ötən əsrin 90-cı illərində baş verən məlum proseslər nəticəsində təşkilat öz fəaliyyətini tamamilə dayandırıb. Ümummilli liderimiz Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi rəssamlıq da inkişaf yoluna qədəm qoyub, 2000-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılıb.
Birliyin fəaliyyəti ilə tanış olmaq üçün adıçəkilən ünvana üz tutduq. Bizi maraqlandıran sualları Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva cavablandırdı. Bildirdi ki, mədəniyyətimizin geniş sahələrindən biri də rəssamlıq sənətidir. Muxtar respublikamızda Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində bu gün qədim diyarımız yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, muxtar respublikada ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi yaradıcı təşkilatları, o cümlədən Rəssamlar Birliyini də əhatə edib. 2013-cü ildə Naxçıvan rəssamlarının istifadəsinə verilən müasir bina, hər cür şəraiti olan emalatxanalar və Bəhruz Kəngərli adına Sərgi Salonu bu gün rəssamlıq sahəsinə göstərilən qayğının davamıdır. Rəssamların fəaliyyətinə dövlət tərəfindən verilən yüksək qiymət onları yeni yaradıcılıq zirvələri fəth etməyə, ölkəmizin mədəni inkişafında daha fəal rol oynamağa ruhlandırır. Onların bir çoxuna Azərbaycan və muxtar respublikanın fəxri adlarının verilməsi, yaradıcılıq imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması bu diqqət və qayğının bariz təzahürüdür.
Ülviyyə Həmzəyeva onu da diqqətə çatdırdı ki, Rəssamlar Birliyinin qarşısında duran əsas vəzifələrdən biri Naxçıvan rəssamlıq ənənələrini davam və inkişaf etdirəcək istedadlı gənclərin üzə çıxarılmasından ibarətdir. Bunun üçün Rəssamlar Birliyi tərəfindən ustad dərslərin keçilməsi təşkil edilir. Həmçinin burada yaradılan emalatxanalarda praktik məşğələlər təşkil olunur. Bu da gənclərə bacarıqlarını inkişaf etdirməyə imkan verir. Ülviyyə xanımın sözlərinə görə, xarici ölkələrin rəssamları və yaradıcılıq birlikləri ilə mübadilələr aparılır. Əvvəllər təkcə Türkiyə Cümhuriyyətində yaşayıb-yaradan rəssamlarla birlikdə sərgilər təşkil edilirdisə, hazırda bu istiqamətdə işlər daha da genişləndirilib. 2015-ci ildən bəri təşkil edilən bir çox Beynəlxalq Rəsm festivalları gənc rəssamlarımızın tanınmasına səbəb olub. Eyni zamanda ölkə səviyyəsində – paytaxt Bakıda təşkil olunan sərgilərdə, müsabiqələrdə rəssamlarımızın, xüsusən gənclərin iştirakına diqqət yetirilir.
Söhbətimizi Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda davam etdiririk. Bu geniş və mükəmməl işıqlandırma sistemi ilə təchiz olunmuş salonda nümayiş etdirilən 200-ə yaxın əsər haqqında bizə məlumat verən birliyin sədri sərgilənən bütün əsərlərin məhz naxçıvanlı rəssamların əl işləri olduğunu deyir: – Rəssamların yaradıcılıq məhsulları ilə muxtar respublika sakinlərini tanış etmək, bu sahədə çalışan sənət adamlarının tarixi günlər, bayramlar, əlamətdar hadisələrə həsr olunmuş əsərlərini təbliğ etmək məqsədilə sərgilər təşkil edilir. 20 Yanvar faciəsinə həsr olunmuş “Tariximizin qəhrəmanlıq səhifəsi”, Xocalı soyqırımına həsr olunmuş “Qan yaddaşımız Xocalı”, 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mövzularda, eləcə də bütün incəsənət adamlarının yaradıcılığından əsas xətt kimi keçən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən əsərlərdən ibarət sərgilər rəsmsevərlər tərəfindən maraqla qarşılanır. İlboyu sərgilər bu istiqamətdə təşkil edilib. “Mənim yaradıcılığım”, “Naxçıvan – tarixi abidələr diyarı”, “Hünərli əllər” və digər sərgilərdə yüzlərlə rəsm əsəri tamaşaçılara təqdim olunub, maraqla qarşılanıb. Gənc rəssamlar üçün ustad dərslərinin keçilməsi də böyük əhəmiyyət daşıdığından bu məsələ diqqətdə saxlanılıb.
Ötən günlərdə muxtar respublikanın yaradıcılıq mərkəzlərinin rəsm dərnəklərində ustad dərslərində iştirak etmiş şagirdlərin çəkdikləri rəsmlərdən ibarət təşkil edilmiş sərgi də yaddaqalan olub. Sərgidə 40 şagirdin 139 rəsm əsəri nümayiş etdirilib. Bu sırada rəsm müsabiqələrini də vurğulamaq yerinə düşər. Onlardan birini xüsusilə qeyd etmək istəyirəm. Bu, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı olması ilə əlaqədar loqotipin hazırlanması ilə bağlı keçirilən müsabiqədir. Loqotipin qalibi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Tapdıq Həmzəyev olub. Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının yaradılması və rəssamın heykəlinin ucaldılması Bəhruz Kəngərli irsinə göstərilən ehtiramın, muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək dəyərin göstəricisidir.
Naxçıvanda yaşayıb-yaradan rəssamlar bu parkın gələcəkdə muxtar respublika tarixini və mədəniyyətini təbliğ edən mühüm bir yaradıcılıq məkanına çevrilməsi üçün bütün güclərini səfərbər ediblər.
Rəssamlar yeddi rəngin və fırçanın gücü ilə bu günümüzün tarixini yaradırlar. Onların çəkdikləri hər bir əsər xalqımızın mədəni sərvətidir. Rəsm əsərləri, eyni zamanda ölkənin tanıdılmasında, xalqın mədəniyyətinin təbliğ edilməsində mühüm əhəmiyyətə malikdir.
Bəli, bu gün muxtar respublikada sənətə və sənətkara göstərilən diqqət və qayğı sayəsində rəssamlar Bəhruz Kəngərli ilə başlanan yolu davam etdirmək üçün böyük səy göstərir, əllərindən gələni əsirgəmirlər. Başıqarlı dağları, bolsulu çayları, sərin bulaqları, güllü-çiçəkli çəmənləri, təbii sərvətləri ilə zəngin olan doğma Naxçıvanın füsunkar mənzərələrini, əsrarəngiz gözəlliklərini, bənzərsiz təbiətini tablolara köçürən rəssamlarımız, inanırıq ki, bundan sonra da böyük uğurlara imza atacaqlar.
Gülcamal TAHİROVA