Dünən Naxçıvan Dövlət Rəsm Qalereyasında muxtar respublikamızda fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə təhsil alan şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil edilib.
Muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq gənc istedadların “Qızıl kitabı”nın yaradılması, 8 istedadlı uşağın adının bu kitaba yazılması və onlara xüsusi təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir.
Nazir bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin sisteminə 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi daxildir. Onlardan Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq, Bəhruz Kəngərli adına Şərur Şəhər Uşaq İncəsənət məktəblərində rəsm ixtisası tədris olunur.
Vurğulanıb ki, 2017-ci ilin 11 ayında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə təhsil alan şagirdlərə rəssamlar tərəfindən ikisi etüd olmaqla, 3 dəfə ustad dərsi keçilib. Aprel ayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilib və qaliblərin rəsm işləri muxtar respublika müsabiqəsinin yekununda nümayiş etdirilib.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən və 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunan “İstedadlı uşaqlar” festivalında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə təhsil alan şagirdlərin 69 rəsm əsəri sərgilənib. Festivalda 7 şagird öz bacarıqlarını etüd şəklində işlədikləri rəsm əsərləri ilə nümayiş etdiriblər.
Tədbirdə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının konserti də olub. Ansamblın istedadlı solistlərinin ifasında muğam və təsniflər, bəstəkar mahnıları səslənib. Sonra sərgiyə baxış olub.
Qeyd edək ki, 17 şagirdin 80 rəsminin nümayiş etdirildiyi sərgidə portret, peyzaj, natürmort və digər janrlarda çəkilmiş rəsmlər maraq doğurur. Ölkəmizin və muxtar respublikamızın tarixi abidələrini, təbiətini, milli geyimlərimizi, məişət həyatımızı əks etdirən rəsmlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sərginin bir neçə gün nümayiş etdirilməsi nəzərdə tutulub.
Əli RZAYEV