Dekabrın 21-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Musiqi Kollecinin vokal ixtisası üzrə IV kurs tələbəsi Emin Hüseynovun solo konserti olub.
Konsertdən əvvəl bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin göstəriş və təşəbbüsü ilə 1974-cü ildə yaradılan, 4 ixtisas üzrə fəaliyyətə başlayan kollec 1992-ci ilə qədər Naxçıvan Orta İxtisas Musiqi Texnikumu adlandırılıb. 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci adı ilə fəaliyyət göstərir. Hazırda kollecdə 10 ixtisas üzrə kadr hazırlığı aparılır. Ötən illər ərzində Naxçıvan Musiqi Kollecini 3 mindən çox məzun bitirib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 29 mart tarixli “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən bu musiqi təhsili ocağının yubileyi qədim diyarımızda geniş qeyd olunub.
Diqqətə çatdırılıb ki, muxtar respublikada ixtisaslı musiqiçi kadrların yetişdirilməsi, istedadlı gənclərin musiqi təhsilinə cəlb olunması, milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının əsərlərinin öyrənilməsi məqsədilə yaradılan Naxçıvan Musiqi Kolleci bu gün də gənc musiqiçi kadrların yetişdirilməsinə öz töhfəsini verməkdədir. Onlar arasında Emin Hüseynov öz istedadı ilə seçilən tələbələrdəndir.
Konsertdə ilk olaraq “Nostalji” instrumental ansamblının ifasında görkəmli bəstəkarımız Vasif Adıgözəlovun şair Əliağa Kürçaylının sözlərinə bəstələdiyi “Sən ey uşaqlıq” mahnısı səsləndirilib. Sonra Emin Hüseynovun ifasında “Hardasan”, “Kaman”, “Nazəndə sevgilim”, “Naxçıvan” mahnıları alqışlarla qarşılanıb. Konsertdə Emin Hüseynov Günel Hacıyeva ilə birlikdə Elza İbrahimovanın “Unuda bilməzsən”, Rauf Hacıyevin “Sevgilim” mahnılarını da ifa edib. Müəllim və tələbələrin oxuduqları şən və lirik mahnılar da maraqla qarşılanıb. İstedadlı tələbəni tarda Fətəli Axundzadə, fortepianoda Sevil Nağıyeva müşayiət ediblər.
Məktəbin müəllimi Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyev isə konsertdə Oqtay Kaziminin “Nə gəlməz oldun” mahnısını səsləndirib.
Konsertdən sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova istedadlı tələbələrin solo konsertlərinin keçirilməsinin kollecin həyatında mədəni hadisə olduğunu bildirib. Qeyd edilib ki, belə konsertlər onların gələcəkdə daha böyük auditoriyada çıxış etmələri üçün xüsusilə əhəmiyyətlidir.
Əli RZAYEV