Noyabr ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmiş, muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, Naxçıvan Dövlət Rəsm Qalereyasında muzey işçiləri üçün seminar-treninq təşkil olunmuşdur. Ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin kollektivlərinin muzeylərlə tanışlığı təmin edilmiş, muzeyləri 16 min 575 nəfəri əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 51 min 748 tamaşaçı ziyarət etmişdir. Noyabr ayında muzeylərə 120 eksponat daxil olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş kitablardan Cəlil Məmmədquluzadənin “Hekayələr”, Cek Londonun “Həyat eşqi” hekayəsinin, Teodor Drayzerin “Dahi”, Qurban Səidin “Əli və Nino” romanlarının, Faruk Sumerin “Oğuzlar” əsərinin müzakirəsi keçirilmiş, sərgilər təşkil edilmişdir. Ümumilikdə, kitabxanalarda 51 mədəni-kütləvi tədbir və 39 sərgi keçirilmiş, 13 min 836 oxucu müraciət etmişdir.
Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin, Naxçıvan Musiqi Kollecinin musiqi kollektivləri və ansamblları muxtar respublika üzrə keçirilən festivallarda və başqa tədbirlərdə maraqlı konsert proqramları ilə çıxış etmişlər.
Ötən ay muxtar respublikanın turizm potensialının öyrənilməsi və təbliği sahəsində işlər də davam etdirilmişdir. Belə ki, nazirliyin tabeliyində olan Naxçıvan Turizm İnformasiya Mərkəzi tərəfindən 12 xarici ölkəyə, Azərbaycanda fəaliyyət göstərən 130-dan çox turizm şirkətinə və bölgələrdə yerləşən 13 turizm informasiya mərkəzinə, ümumilikdə, 137 məlumat göndərilmişdir. Noyabr ayında mərkəzin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə 22 min 572, “Youtube” videoportalındakı səhifəsinə isə 35 min 252 baxış olmuşdur.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti