23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan poeziyasının qüdrətli nümayəndələrindən olan, poetik düşüncəni geniş mənada xalqın yaddaşına yazan, klassik üslubda, həm də xalq yaradıcılığı formasında ədəbiyyatımıza yeni nəfəs gətirən Molla Pənah Vaqif XVIII əsrdə yaşamış və orta əsrlər ənənələri ruhunda yazıb-yaradan dahi söz ustalarından biridir. Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoyan Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan olub. O, Qazaxda tanınmış alim və pedaqoq Şəfi əfəndinin yanında təhsil alıb, fars və ərəb dillərini öyrənib. Bəzi salnaməçilər belə hesab edirlər ki, sonrakı təhsilini o, Gəncədə və ya Təbrizdə davam etdirib.  Astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik olan şair Qazaxda, sonra isə Qarabağda mədrəsələrdə dərs deyib. 

Qarabağa gəldikdən sonra Şuşada məktəb açan söz ustası şəhər sakinləri arasında həm yaxşı müəllim, həm də istedadlı şair kimi tanınıb. O, elmi biliyi və bacarığı ilə fərqləndiyinə görə Molla Pənah adını qazanıb. ­Şairin şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatıb və Molla Pənah saraya dəvət olunub. O, az müddət ərzində öz istedadı ilə böyük nüfuz qazanıb, xanlığın bütün daxili və xarici işlərini öz əlinə alıb, təxminən, 27 il müddətində sarayın ən mötəbər adamlarından biri kimi şöhrəti daha da artıb.

Böyük şairin ölüm səbəbləri tarixçilər arasında müxtəlif cür şərh olunur. Mənbələrdə rastlaşdığımız məlumatın birində yazılır: 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın qoşunları Şuşa istiqamətində irəliləməyə başlayır. 1796-cı ildə qraf V.Zubovun başçılıq etdiyi rus qoşunları Şamaxıdan keçərək Qarabağ sərhədlərinə yaxınlaşır. Qarabağ xanı İbrahimxəlil xan oğlu Əbülfət xanın başçılığı ilə onun yanına elçilər göndərir. Bu heyətdə Vaqif və tanınmış Qarabağ əmirlərinin oğlanları olur. Bu görüşdə şairə II Yekaterinanın adından qiymətli hədiyyələr verilir. Həmin il Yekaterina vəfat edir. Yeni imperator I Pavel Qafqazdakı rus qoşunlarını geri çağırır. 1797-ci ildə İran şahı Qacar bundan istifadə edərək onun üzünə ağ olan xanları cəzalandırmaq istəyir və yeni yürüşü Şuşadan başlayır. Bu dəfə İbrahimxəlil xan qalanı döyüşsüz təslim edir, kiçik dəstəsi ilə Azərbaycanın şimalına çəkilir. Tarixçi Mirzə Camal Cavanşirin yazdığına görə, Vaqifi səhərə yaxın saraya gətirirlər. Ağa Məhəmməd şah tapşırır ki, səhərisi gün onu edam etsinlər. Ancaq Qacar özü səhərə sağ çıxmır. Həmin gün şahın qəzəbinə tuş gələn və edam olunacaqlarını bilən üç xidmətçi şahın yataq otağına girir və onu qətlə yetirir. Bu arada İbrahimxəlil xanın Qarabağda olmasından istifadə edən qardaşı oğlu Məhəmməd bəy Cavanşir xanlığın başına keçir. Şuşa şəhərinin dörd bir tərəfinə öz adamlarını qoyur. Şəhərdən çıxmaq istəyən bir çobanı saxlayırlar. Üst-başını yoxlayır və onun çarığından İbrahimxəlil xana yazılmış məktub tapılır, Məhəmməd bəyə çatdırılır. Məktubda bu sözlər yazılıbmış: “Qacar öldürüldü, tez qayıt gəl!” Məktubun Vaqif tərəfindən yazıldığı bəlli olur və böyük şair 1797-ci ildə amansızcasına edam edilir.
Ölümündən sonra şairin evi talan olunur, əlyazmaları yandırılır. Onun “Divan”ı da bu səbəbdən dövrümüzə qədər gəlib çatmayıb. 1856-cı ildə Teymurxanşurada Vaqifin ilk kitabı tarixçi yazar Mirzə Yusif Qarabaği tərəfindən çap olunub. Görkəmli dramaturq Mirzə Fətəli Axundzadə o dövrdə şair haqqında materialları toplayaraq məşhur şərqşünas Adolf Berjeyə verir. O isə həmin materialları 1867-ci ildə Leypsiq şəhərində nəşr etdirir.
Bəzi əsərləri sağlığında məhv edilməsinə baxmayaraq, Vaqif yaddaşlarda yaşarılıq qazanıb. Xalq onu təkcə yazıda, kitabda qoruyub saxlamaq yolunu tutmayıb, həm də yaddaşına köçürüb. Şeirlərini sinəsinə toplayıb və onunla bir növ ruhunun, mənəvi-ruhani dünyasının ehtiyaclarını ödəyib.
Vaqif lirikası dedikdə poeziyada yeni bir səhifə göz özünə gəlir. Çünki Azərbaycan realist şeirinin ilk nümunələri onun adı ilə bağlıdır. Vaqif Şərq poeziyasının bütün klassik formalarından istifadə etsə də, yaradıcı­lığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb. O, əsasən, qəzəl, təcnis, müxəmməs, müstəzad, məsnəvi və sair formalarda şeirlər yazıb. Vaqif həm də yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. Onun yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Klassik şeirimizin əsas mövzusu olan gözəllik şairin lirik qoşmalarında yeni bir məna, yeni bir təravət kəsb edir. Aşıq şeirimizdən gələn yüksək dünyəvilik Vaqif lirikasında istiqamətverici rol oynayır. Onun əsərlərində həm də Azərbaycan xalqının adət və ənənələri, yerli xüsusiyyətləri özünün parlaq əksini tapıb. O, xalqdan qüvvət alıb, xalq ədəbiyyatının nikbin əhval-ruhiyyəsindən qidalanıb. Şairin həyata baxışını ifadə edən əsərləri içərisində onun Vidadi ilə deyişməsi xüsusilə diqqəti çəkir.
Vaqif kimi dahi bir el sə­nətkarının yaradıcılığına sovet dövründə dövlət səviyyəsində yüksək qiymətin verilməsi dahi şəxsiyyət Heydər Əliyev müdrikliyinin bəhrəsidir. Ulu öndər ədəbi irsin qorunmasına qayğı göstərərək Azərbaycanın klassik şair və ədiblərinin ev-muzeylərinin yaradılması, xatirələrinin əbədiləşdirilməsi üçün böyük işlər görüb. Görkəmli dövlət xadimi Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəyib, lakin axtarsalar da, məzarı tapılmayıb. Ədəbi irsə böyük dəyər verən ümummilli liderimizin səyi sayəsində sonra məzar tapılıb, 1980-1981-ci illərdə burada türbə tikilib, abidə ucaldılıb. 1982-ci ilin yanvar ayında dahi rəhbərin iştirakı ilə Şuşada görkəmli Azərbaycan şairi, böyük söz ustası Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı olub. Onun Vaqifə bu münasibəti bir tərəfdən, milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən, diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi.
Məqbərənin açılışında ulu ­öndər Heydər Əliyevin geniş nitqində söylədiyi: “Vaqifin vəfatından 200 il sonra biz Şuşada onun məzarı üzərində əzəmətli bir məqbərə ucaltdıq. Bu, həm Vaqifin yaradıcılığına, həm də ümumiyyətlə, ədəbiyyata, şeirə, mədəniyyətə olan münasibətimiz idi” sözləri çoxəsrlik Azərbaycan poeziyasına və Vaqifin yaradıcılığına verilən yüksək bir qiymət idi. Ulu öndərimiz abidənin tikintisini böyük, əlamətdar hadisə hesab edirdi.
Görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi siyasəti bu gün uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamı xalqımızın mədəniyyət və incəsənətinə, bu sahənin ­görkəmli şəxsiyyətlərinə diqqət və qayğının təzahürüdür. Sərəncamda deyilir: “Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir”.
Adının YUNESKO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin davamıdır.
Adıçəkilən sərəncamdan sonra ölkəmizin paytaxtında, bölgələrimizdə Molla Pənah Vaqiflə bağlı həyata keçirilən müxtəlif istiqamətli rəngarəng tədbirlər bu böyük şairə el məhəbbətinin ifadəsidir. Diqqətəlayiq haldır ki, həmişə sənətə yüksək qiymət verilən Naxçıvan Muxtar Respublikasında da Molla Pənah Vaqifin bədii-poetik irsinə böyük ehtiramla yanaşılır. Onun yubileyinin layiq olduğu səviyyədə qeyd edilməsi məqsədilə mədəniyyət və təhsil müəssisələrində maraqlı tədbirlər təşkil olunub.
Gözəl şeir öz təravətini heç vaxt itirmir. Əsrlər keçdikcə, nəsillər bir-birini əvəz etdikcə, əsl sənət əsəri olan şeirlər həmişə dillərdə əzbər olur, ürəklərə yol tapır və yaşadıqca yaşayır. Əsrlərin sınağından keçib unudulmayan klassik şeirimizin ölməz sənətkarı Molla Pənah Vaqif kimi...

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR