23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Bəstəkarlar Təşkilatında görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanovla görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov bildirib ki, Tofiq Bakıxanovun ictimai musiqi xadimi kimi fəaliyyəti zəngindir. O, 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvüdür. Musiqi sahəsindəki əməyinə görə Tofiq Bakıxanov dövlətimizin yüksək mükafatlarına layiq görülüb. Bu gün isə Naxçıvanla sıx yaradıcılıq əlaqələri saxlayan bəstəkara Naxçıvan Bəstəkar­lar Təşkilatının fəxri üzvü seçildiyini təsdiq edən vəsiqə təqdim olunur.
Tədbirdə Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovanın “Tofiq Bakıxanov: Naxçıvan sevincləri” və Tofiq Bakıxanovun elmi redaktorluğu ilə işıq üzü görən “Bəstəkar Nəriman Məmmədov” adlı kitablarının təqdimatı da olub. Müəllif kitabların ərsəyə gəlməsində ona yaxından köməklik göstərən Tofiq Bakıxanova minnətdarlığını bildirib, gələcəkdə tanınmış bəstəkarın xarici səfərləri barədə də kitab hazırlamağı planlaşdırdığını deyib.

Tədbirin sonunda çıxış edən Tofiq Bakıxanov Naxçıvanda musiqinin inkişafına göstərilən böyük qayğıdan danışıb. Naxçıvan Bəstəkarlar Təşkilatının fəxri üzvü seçildiyinə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, o, yaradıcılığının bir hissəsini bu yurda həsr edib. Gələcəkdə yaradıcılığımı yenə də bu istiqamətdə davam etdirəcəyəm, – deyən Tofiq Bakıxanov bildirib ki, Naxçıvanın inkişafı onu yeni yaradıcılıq uğurlarına sövq edir. Sonda Naxçıvan Dövlət Universitetində musiqi ixtisasında təhsil alan tələbələrin sualları cavablandırılıb, onlara bəstəkar tərəfindən yaradıcılıq istiqamətləri verilib.

* * *

Həmin gün bəstəkar Tofiq Bakıxanov Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələri, Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri ilə də görüşüb. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev Tofiq Bakıxanovun həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan bəstəkarlıq məktəbində böyük xidmətləri olduğunu qeyd edib. Bildirilib ki, 1930-cu ildə Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açmış Tofiq Bakıxanov mükəmməl musiqi təhsili alıb, Azərbaycan və dünya klassik musiqi ənənələrini mənimsəyib. Hələ gənclik illərində skripka ifaçısı kimi də tanınan böyük sənətkar bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərləri, mahnılar, romanslar ­bəstələyib.
Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin ifasında Rauf Hacıyevin “Azərbaycan”, Tofiq Quliyevin “Qaytağı”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən rəqs, Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyası, Tofiq Bakıxanovun “Görüş yeri” əsərləri səsləndirilib.
Sonda Tofiq Bakıxanov gənc musiqiçilərə yaradıcılıq tövsiyələri verib, onların sualları ­cavablandırılıb.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR