23 Dekabr 2024, Bazar ertəsi

Tarixən Naxçıvan diyarının coğrafi mövqeyi onun Çin, Hindistan, İran, Türkiyə, Yunanıstan, Rusiya və hətta Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri yaradılması üçün çox əlverişli olub. Böyük İpək Yolunun daha intensiv işlədiyi dövrlərdə Çin və Hindistandan alınan mallar İran ərazisindən keçməklə Naxçıvana daxil olur və buradan iki tranzit ticarət yolu – Naxçıvan-Tiflis-Qara dəniz və Naxçıvan-İrəvan-İstanbul yolu vasitəsilə Avropa ölkələrinə aparılırdı. Son orta əsrlər dövründə Naxçıvanın tranzit ticarət yollarının kəsişdiyi düyün nöqtəsi olmasını, xarici tacirlərin burada intensiv ticarətlə məşğul olmalarını qədim diyarımızın müxtəlif ərazilərində qalıqları günümüzə qədər gəlib çatmış neçə-neçə karvansaraylar da təsdiq edir.

Naxçıvan ərazisindən keçən ­karvan yollarının əsas atributlarından biri karvansaraylar idi. Bu sahədə aparılan tədqiqatlar göstərir ki, ­karvansaraylar yalnız əsas ticarət mərkəzləri olan şəhərlərdə deyil, həm də xarici karvanların hərəkət etdiyi ticarət yolları üzərində tikilirdi. Naxçıvanda İpək Yolu üzərindəki karvan­sarayların fəaliyyətindən bəhs edən tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev yazır ki, burada indi də yerli əhali arasında yaşayan rəvayətdə I Şah Abbas zamanı Səfəvilər dövləti ərazisində 999 karvansaray tikilməsi haqqında bəhs edilir.

Qeyd edək ki, karvansaraylar tacirlərin və yük heyvanlarının dincəlməsi üçün zəruri bir məntəqə olmaqla yanaşı, ticarət karvanlarının quldur basqınlarından qorunmasında da mühüm rol oynayırdı. Elə buna görə də karvansarayların tikintisi zamanı müəyyən şərtlərə əməl etmək tələb olunurdu. Gecə vaxtı hərəkət etmək təhlükəli olduğundan yolüstü karvansaraylar arasında məsafənin gözlənilməsi vacib şərt idi. Daha doğrusu, səhər tezdən bir karvansaraydan hərəkətə başlayan karvan qaranlıq düşənə qədər növbəti karvan­saraya çatmalı idi. Karvansaray tikdirmək üçün yer seçilərkən onun su ilə təchiz olunması məsələsinə də xüsusi fikir verilirdi. XVIII əsrdə Azərbaycanda tikilmiş yolüstü karvansaraylar haqqında məlumat verən rus tədqiqatçısı P.Q.Butkov yazırdı ki, çay, bulaq, göl kimi su mənbələrinin olmadığı yollarda tikilən karvansaraylar daha çox su quyuları və ovdanlar vasitəsilə su ilə təmin olunurdular. Karvansaraylarda tacirlərin gecələməsi üçün şərait yaradılmaqla yanaşı, bu ­karvansarayların yanında yük heyvanları üçün tövlələr də inşa edilirdi. Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov qeyd edir ki, bu mənada, Naxçıvandan Gürcüstana gedən ticarət yolunun Qarabağlar kəndinin ərazisindən keçən hissəsindəki ­karvansaray xüsusilə diqqəti cəlb edir. Müəllif yazır ki, tədqiqatçı ­V.Qriqoryevin təsvirlərinə görə, bu karvansaray bütün tələblərə cavab verirdi. Hər an gözlənilən quldur hücumlarının qarşısını almaq üçün onun ətrafına 50 sajen uzunluğunda hündür divar çəkilmişdi. Güman etmək olar ki, əslində, böyük bir kompleks olan Qarabağlar karvansarayından tacirlər yalnız gecələmək üçün deyil, həm də ticarət əməliyyatları aparmaq üçün istifadə edirdilər.
Bundan əlavə, ticarət yolları üzərində tacirlərin ancaq gecələməsi üçün nəzərdə tutulan kiçikölçülü karvansaraylar da tikilirdi. Belə ­karvansaraylara misal olaraq, Naxçıvan-Biçənək-Şuşa ticarət yolunun üstündə yerləşən və Şahbuz rayonunun Biçənək kəndinin şimalında, meşənin içində tikilmiş cəmi iki otaqdan ibarət olan karvansarayı göstərmək olar. Bununla yanaşı, Naxçıvan ərazisindəki bəzi bulaqların adı da məhz karvansaraylarla bağlı olmuşdur. Belə bulaqlardan ikisi Şahbuz rayonunun Gömür kəndindən 7 kilometr şimal-şərqdə, okean səviyyəsindən 2260 metr yüksəklikdə yerləşən Karvansaray bulaqlarıdır.
Naxçıvan ərazisində yerləşən ən möhtəşəm şəhər karvansaraylarından biri də Xaraba Gilandadır. Xaraba Gilan ərazisində arxeoloqlar tərəfindən şərti olaraq II və III məhəllələr adlandırılan sahələrin arasında yerləşən bu karvansaray böyük bir qaya üzərindədir. Tədqiqatçıların qeydlərindən aydın olur ki, bu karvansaray kompleksi yataq, məişət, təsərrüfat otaqlarından, anbarlardan və tövlələrdən ibarət olmuşdur. XII-XIII əsrlərə aid edilən Culfa karvansarayı isə nəinki Naxçıvan Muxtar Respublikası, ümumilikdə, müasir Azərbaycan Respublikasının ərazisində elm aləminə məlum olan ən böyük karvansaraydır. Ümumi uzunluğu 37 metr olan Culfa karvansarayı şəhər karvansarayları qrupuna aid olub, orta əsrlərdə Culfa şəhərinin mühüm ticarət əhəmiyyəti daşıdığından xəbər verməkdədir. Çoxsaylı otaqları, böyük zallarının qalıqları bu gün də qalmaqda olan Culfa karvansarayı rayonun Gülüstan kəndi ərazisində yerləşir.
Yuxarı Əylis karvansarayı da orta əsrlər dövrünün mühüm qonaqlama məkanlarından olmuşdur. Ordubad rayonunun Yuxarı Əylis kəndinin mərkəzində, bazar meydanının cənubunda yerləşmiş XVII əsrə aid olan karvansarayın dövrümüzə qədər gəlib çatmış cənub və qərb divarlarını və zirzəmilərini görmüş tədqiqatçılar bu karvansarayın Naxçıvan ərazisində butipli ən möhtəşəm tikililərdən biri olduğu fikrindədirlər.
“Naxçıvan Abidələri Ensiklopediyası”nda diyarımızın ən qədim karvansaraylarından biri kimi Culfa rayonunun Camaldın kəndi ərazisində yerləşən karvansaray da qeyd olunur. Kitabda verilən məlumatda göstərilir ki, tarixi XII-XVII əsrlərə aid edilən bu karvansaray 6750 kvadratmetr ərazidə yerləşmişdir. Ərazidə dördkünc formalı tikintilərin qalıqları bu gün də qalmaqdadır. Haçadağ ətrafından keçən karvan yollarını öyrənən tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev tərəfindən aşkara çıxarılmış karvansaray da son illərin maraqlı tədqiqat obyektlərindən biridir. Tədqiqatçı hündürlüyü 3 metr 50 santimetr, uzunluğu 12 metr, eni isə 7 metr olan karvansarayın tikiliş üslubuna ­görə XVI əsrə aid olduğu qənaətinə ­gəlmişdir.
Sədərək karvansarayı da vaxtilə tacirlərin mühüm qonaqlama məkanlarından biri olmuşdur. Sədərək ərazisi tarixən karvanların keçid məntəqəsi rolunu oynadığından burada yerləşən karvansaray da, necə deyərlər, daim qonaqlı-qaralı olub. Sədərək kəndinin cənubunda yerləşmiş bu karvansarayın hətta XX əsrin əvvəllərinə qədər fəaliyyət göstərdiyini də deyirlər. Qeyd edək ki, Sədərək karvansarayının adına ötən əsrin əvvəllərinə aid tarixi sənədlərdə də rast gəlinir.
Ümumiyyətlə götürdükdə Naxçıvan tarixən Şərqdən Qərbə, vaxtilə həm də Cənubdan Şimala doğru hərəkət edən karvanların əsas kəsişmə nöqtəsi olub. Bu isə Naxçıvana dünyanın müxtəlif ölkələrindən yolu düşənlərin sayını artırıb. Təbii ki, xalqımızın qonaqpərvərliyi də bu ərazidən gəlib keçənlərə öz təsirini göstərib. Bundan irəli gəlir ki, orta əsr tacir və səyyahlarının çoxu Naxçıvanda qarış-qarış gəzib, bölgə insanlarının qonaqpərvərliyi, səxavəti, zəhmətkeşliyi haqqında yazdıqları xatirələrdə bəhs ediblər.
Bəzən belə bir ifadə işlədirik ki, tarix təkrar olunur. Müstəqilliyimizin bərpasından sonra muxtar respublikamızın ərazisi blokadaya salınsa da, regionun inkişafının qarşısını heç nə ala bilmədi. Blokada, sadəcə, Cənubdan Şimala doğru nəqliyyatın hərəkətini dayandırdı. Müasir dövrdə Naxçıvan, orta əsrlərdə olduğu kimi, yenə də Şərqdən Qərbə doğru hərəkət edən maşın karvanlarının əsas hərəkət istiqamətlərindəndir. Həmin dövrdə olduğu kimi, bu gün də Naxçıvana üz tutanlar, bu qədim diyarın tarixinə, mədəniyyətinə, təbiətinə maraq göstərənlər az deyil. Ancaq orta əsrlərdən fərqli olaraq müasir Naxçıvan öz qonaqlarını yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərən otel və mehmanxanalarında qarşılayır. “Təbriz”, “Duzdağ”, “Grand-Naxçıvan”, “Avtovağzal”, “Nəqşicahan”, “Ağbulaq”, “Araz” və adını sadalamadığımız digər mehmanxana, otel və istirahət mərkəzlərinə üz tutan qonaqlar burada milli mətbəximizin ləziz nümunələri ilə tanış olur, əsrlər əvvəl olduğu kimi, bu gün də Naxçıvanın dadı və tamı ilə seçilən ekoloji məhsullarından istifadə edirlər. Bir sözlə, bu diyara yolu düşən qonaqları əsrlər əvvəl karvansaraylar, bu gün isə onların varisləri olan otellər qarşılayır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR