23 Dekabr 2024, Bazar ertəsi

Dekabrın 19-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti, görkəmli bəstəkar Nəriman Məmmədovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirib ki, Naxçıvan musiqi mədəniyyətinin yetirdiyi görkəmli simalardan biri də Azərbaycan Respublikasının Xalq artisti Nəriman Məmmədovdur. O, 1928-ci il dekabrın 28-də Naxçıvan şəhərində anadan olub. İlk musiqi təhsilini Naxçıvanda alan bəstəkar Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib, bu illərdə ilk “Süita”sını bəstələyib. Süita ilk dəfə görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənib.
Qeyd olunub ki, Azərbaycan Dövlət Konservatoriyasını uğurla bitirən Nəriman Məmmədov 7 simfoniyanın, bir neçə süitanın, “Azərbaycan” oratoriyasının və üç kantatanın, musiqili komediyaların, eyni zamanda “Humay” və “Şeyx Sənan” baletlərinin müəllifidir.
Vurğulanıb ki, Nəriman Məmmədovun yaradıcılığında mahnı və romans janrları mühüm yer tutur. Yaradıcılığında qədim Naxçıvanımızı da vəsf edən məşhur bəstəkarın 700-dən çox mahnısı görkəmli müğənni və xanəndələrimizin repertuarlarını bəzəyib. Həmin mahnılar bu gün də sevilə-sevilə oxunmaqdadır.
Diqqətə çatdırılıb ki, Nəriman Məmmədov Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulan 10-dan çox tamaşaya, o cümlədən “Günəş”, “Yarımçıq şəkil”, “Məhəbbət abidəsi”, “Haray səsi”, “Əgər sevirsənsə” və başqa tamaşalara musiqilər bəstələyib. O, Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü olan Nəriman Məm­mədov 2015-ci il aprelin 6-da Bakı şəhərində vəfat edib və II Fəxri xiyabanda dəfn edilib.
Görkəmli bəstəkarın yaradıcılığı musiqişünaslar tərəfindən geniş tədqiq edilib, haqqında monoqrafiyalar yazılıb, çoxsaylı məqalələr mətbuatda çap olunub.
Qeyd olunub ki, musiqimizin yorulmaz təbliğatçısı və tədqiqatçısı Nəriman Məmmədovun musiqisi bundan sonra da insanların qəlbində gözəllik və sabaha inam hissləri oyatmaqla onların estetik və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayacaqdır. Görkəmli bəstəkarın milli musiqimizin inkişafındakı xidmətləri həmişə xatırlanacaq, xatirəsi qəlblərdə yaşayacaqdır.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Əməkdar incəsənət xadimi Yaşar Xəlilov “Nəriman Məmmədovun həyatı və yaradıcılığı” mövzusunda çıxışında deyib ki, bəstəkar uzun illər Naxçıvan Musiqi Texnikumunda buraxılış imtahanlarında iştirak edib, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının işi ilə yaxından maraqlanıb, konfranslarda, hesabat konsertlərində olub, öz fikirlərini bəstəkar və musiqişünaslarla bölüşüb, dəyərli məsləhətlər verib. Onun sənətə qarşı yüksək məsuliyyəti, fədakarlığı həmişə bizim üçün nümunə olacaqdır. Bəstəkarın gözəl və dəyərli əsərləri könüllər­də, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanov sənət və yaradıcılıq dostu Nəriman Məmmədov haqqında xatirələrindən söhbət açıb. Görkəmli bəstəkar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdar­lıq edərək bildirib ki, belə yubileylərin keçirilməsi qədim diyarda musiqi sənətinə və sənət adamlarına göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Xalq Çalğı Alətləri Orkestrinin ifasında bəs­təkarın əsərləri səsləndirilib. Xalq çalğı alətləri orkestrinə Samir Əsgərov dirijorluq edib. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Xatirə Səfərova, Qəribə Həsənova və digərləri bəstəkarın “Azərbaycan”, “Darıxmışam”, “Sevən ürək” , “Yar söz desin”, “Üzmə amandır”, “Səsini eşidirəm mən”, “Ulduzun olaydım” mahnılarını ifa ediblər.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR