Naxçıvan Biznes Mərkəzində rəssam, keramikaçı Ədalət İsmayılovun fərdi yaradıcılıq sərgisi təşkil edilib. Sərgidə rəssamın ağac, duz və digər keramika məmulatları üzərində işlədiyi 90-a yaxın əsəri nümayiş olunub.
Əvvəlcə mərkəzin direktoru Qardaşxan Əliyev çıxış edərək bildirib ki, mərkəzin əsas fəaliyyət istiqamətləri biznesin inkişafı, sahibkarlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, müxtəlif tədbirlərin, beynəlxalq konfransların, forum və seminarların keçirilməsi, yerli istehsal məhsullarının, əl işi və sənət əsərlərinin sərgi-satışının təşkilidir. Bu gün açılan sərgi də görülən bu tədbirlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxışında muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı sahəsində görülən işlərdən danışıb.
Tanınmış rəssamlar Eldar Zeynalov, Qəhrəman Tağıyev, Ələsgər Əsgərli və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunun əməkdaşı Höcətullah Codəki rəssamı təbrik edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıblar.
Sonra sərgiyə gələnlər burada nümayiş etdirilən əsərlərlə tanış olublar.
Qeyd edək ki, sərgi dekabr ayının 22-dək davam edəcək.
Nail ƏSGƏROV