Tariximizin ilk yazılı mənbəyi – “Kitabi-Dədə Qorqud” dastanında xalqımızın folkloru, etnoqrafiyası, dini inancları, həyat tərzi haqqında geniş məlumat verilir. Dastan bir çox tədqiqatçılar tərəfindən araşdırılmışdır. Lakin Naxçıvanla bağlı tədqiqatlardan kənarda qalan, diqqəti cəlb etməyən, təhrif olunan məqamlar da vardır. “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy” da bu qəbildəndir. Bu boyun girişində Kafir sərhədi, Cızıqlar, Ağlağan, Göyçə dağ adları çəkilir.
Coğrafiya elmləri doktoru, AMEA-nın müxbir üzvü mərhum Səfərəli Babayev “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasında “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”da adıçəkilən toponimlərin izahını və yerləşdiyi əraziləri təhlil edir. Tanınmış alim Ağlağanın Qərbi Azərbaycanda Aleksandropol qəzasındakı Boz Abdal silsiləsində olduğunu, toponimin ermənilər tərəfindən dəyişdirildiyini yazır. Tarixi Azərbaycan torpağı olan həmin ərazi hazırda ermənilər tərəfindən Stepanavan adlandırılır.
Alim, həmçinin Cızıqların Ağlağan dağının qərbində, onun yaxınlığında yerləşdiyini, burada vaxtilə Cızıqlar qalası və kənd olduğunu qeyd edir.
Kitablar köçürülən, tərcümə edilən zaman yol verilən kiçik bir dəyişiklik təhrifə səbəb olur. Yuxarıda qeyd etdiyimiz boyda belə yazılmışdır:
“Yeddigünlük azuqla çıqayın. Ox atduğum yerləri, qılınc calub, baş kəsdüyüm yerləri göstərəyim. Kafir sərhədinə, Cızıqlara, Ağlağana, Göyçə dağa aluban çıqayın”.
1988-ci il nəşrindən fərqli olaraq 2004-cü il nəşrində mətnin Kafir sərhədinə sözündən sonra vergül qoyulmuşdur. Bu onu göstərir ki, Kafir sərhədi özü də Cızıqlar, Ağlağan, Göyçə dağı kimi məkan bildirir və bu toponimlərin bir-birindən aralıda olması ehtimalını ortaya çıxarır.
Boyun əvvəlində haradan ova getdikləri göstərilməsə də, Uruzu əsirlikdən azad etdikdən sonra Qazan xanın Ağcaqala Sürməliyə gəlib, qırx otaq tikdirdiyi qeyd edilir. S.Babayev boyu təhlil edərkən belə qeyd edir:
“Ağcaqala, Sürməli, Arpaçay axarında – indiki Naxçıvan Muxtar Respublikası torpağında yerləşir”. “Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy”da da Qazanın “Ağcaqala Sürməlidə at oynatdım” ifadəsi də bunu təsdiq edir.
“Uşun qoca oğlu Səgrək boyu”nda Qazan xandan icazə alan Əgrək və Səgrək “Şirokuz (dastanın professor Həmid Araslı tərəfindən tərtib olunan nəşrində Şərukun) ucundan Gökçə dənizə dəkin el çarpdı” ifadəsi Səgrəkin 3 günə Dərəşam ucuna çatması da Qazan xanın divanının yerləşdiyi məkanı bildirir.
Araşdırmalar belə qənaətə gəlməyə əsas verir ki, Qazan bəyin dəstəsi Naxçıvan ərazisindəki Ağcaqala Sürməlidən çıxmış və Culfa ərazisindəki Göyçə dağa getmişlər. Qazan bəyin Ağcaqala Sürməlidən Kafir sərhədinə, Ağlağana, Cızıqlara, Göyçə dağa səfər etməsini söyləməsi təbiidir. Burada Qazan bəyin ov etdiyi, döyüş apardığı areal bildirilir. Bu ərazilər Ağcaqala Sürməlidən şimala, qərbə və şərqə olan istiqamətlərdir. Ağcaqala Sürməlidən Culfa Göy dağına səfər üçün 7 günlük azuqə də uyğundur.
Səfərəli Babayev Qazan xanın mərkəzi məskənlərindən biri kimi “Altuntaxt” toponiminin bir neçə yerdə olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası ərazisində, Qaraquç dağının döşündə yerləşdiyi qənaətinə gəlir. “Altuntaxt” Ağcaqala Sürməliyə yaxındır. Monoqrafiyada bu boyda da Qazan xanın söyləməsində “Ağ qayanın qaplanının erkəyində bir köküm var ” ifadəsinin Naxçıvan ərazisində, Qaraquç dağına (Altuntaxt) və Ağcaqala Sürməliyə yaxın olan Çalxanqaladakı “Ağ qaya” olduğu, lakin Əjdər Fərzəlinin “Dədə Qorqud yurdu” kitabındakı xəritəsində Göyçə gölünün şimalında qala kimi qeyd olunduğu bildirilir.
“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”da sadələşmiş mətndə bir neçə yerdə edilən dəyişiklik məna səhvi yaratmışdır. Bu yanlışlıq, o cümlədən 1988-ci il nəşrində sadələşdirilmiş mətndə səhifənin altında “Başı açıq – Gürcüstan indiki Kutaisi rayonu” izahının yazılması və Ə.Fərzəlinin xəritəsi tədqiqatçıları çaşdırır.
Sadələşdirilmiş mətndə, “sən demə, Başı açığın Dadiani qalasından, Ağ-saqa qalasından kafirin casusu bunları görüb, təkura dedi ” cümləsi işlədilir.
Əsl mətndə isə bu cümlə belədir:
“Məgər Başı açıq Tatyan qalasından, Ağsaqa (1988-ci il nəşrində Ağsəqə – “ağ” qaya, “sak” isə tayfa adlarıdır) qalasından kafirin casusu vardır, bunları görüb təkurə gəldi”.
Göründüyü kimi, sadələşdirilmiş mətndə Tatyan toponimi Dadiani kimi təhrif olunub, həm də Başı açığın ifadəsi ilə mənsubiyyət yaradılıb.
İstər əsl mətndə, istərsə də sadələşdirilmiş variantda (1988; 2004) “Təkur” kiçik hərflə yazılıb. Ümumi isim kimi verilən “təkur” sözü tədqiqatçının diqqətini cəlb etməyib.
“Uşun qoca oğlu Səgrək boyu”nda istər Əgrəkin, istərsə də Səgrəkin tutulmasını əmr edən Təkur gah böyük, gah da kiçik hərflə yazılıb. Dastan nəşrə hazırlanan zaman yol verilən diqqətsizlik tədqiqatçıları yanıldıb.
Faruk Sumerin “Oğuzlar” kitabında “Kitabi-Dədə Qorqud” dastanında oğuzlara düşmən olan 9 kafər bəyin adı çəkilir. Bunlardan yalnız ikisinin qalası vardır. Arşın oğlu Dirək Təkur Qara dəniz sahilində Düzmürd qalasının, Qara Təkur isə Əlincə (Alıncaq) qalasının bəyidir.
Buradan aydın olur ki, Uruz bəy ya Qara dəniz sahilindəki Düzmürd qalasında, ya da Əlincə qalası yaxınlığında Təkurla qarşılaşa bilərdi.
“Qanlı qoca oğlu Qanturalı boyu”nda da Təkurun adı bir neçə yerdə çəkilir. Bu boydakı Təkur Trabzonun (Düzmürt qalası) bəyidir.
“Dədə Qorqud” kitabı ensiklopedik lüğət”ində “Qıpçaq Məlik”, “Şöklü Məlik” adlarının izahları verildiyi halda, Təkur haqqında heç bir məlumat yoxdur.
“Naxçıvan sancağının müfəssəl dəftəri”ndə (1727) Sair Məvazi nahiyəsində Sürəmərcə tabe olan və Alagöz məzrəsi yaxınlığında yerləşən Dadyan məzrəsinin adı çəkilir. 3090 ağac vergi verən “məzrə”nin vergi siyahısında çəltik üşrü də olduğu üçün bu yaşayış yerinin Babək rayonunda, Türyan arxının alt hissəsində, Məzrə və Xal-xal kəndləri arasındakı “Ocaqtəpə” adlanan yaşayış yeri olduğu təsdiqini tapır. Ərazidə Eneolit, antik və ilk orta əsrlərə aid keramikalar mövcuddur. “Quyulu dağ” qala abidəsi bu yaşayış yerinin yaxınlığındadır. Hər iki abidədə olan keramika nümunələri eynilik təşkil edir. Güman edirik ki, “Quyulu dağ” toponimi son zamanlar, qala əhəmiyyətini itirdikdən və dağıldıqdan sonra qalada çapılmış quyu (gizli yol) ilə əlaqədar yaranmışdır. Belə qənaətə gəlmək olar ki, bu yaşayış yeri və qala vahid bir yaşayışın hissələridir. Həmin yaşayış yerinin, həm də qalanın adı Tatyan (Dadyan) olmuşdur. “Dədə Qorqud” kitabı ensiklopedik lüğəti”ndəki izahda isə Başı açıq Tatyan qalasının Axsıka qalası olduğu göstərilir, Masallıda Tatyanova, Biləsuvarda Tatyanovka kəndi olduğu bildirilir.
Əjdər Fərzəlinin “Dədə Qorqud yurdu” kitabındakı xəritədə “Başı açıq” Kutaisidə, Tatyan qalası isə Abxaziyadadır. Müəllifin tərtib etdiyi miqyasa görə, bunlar arasındakı məsafə 110 kilometrdən artıqdır. Buradan bir sual doğur. Qazan xanın dəstəsi Ağlağana, Cızıqlara haradan gedirdi ki, Kutaisidən və ya Abxaziyadan Qara dəniz sahilində – Trabzonda qalası olan Təkurun casusları bunları görsün? Xəritə üzərində müqayisədə Ağcaqala Sürməlidən Ağlağana hava yolu ilə, təxminən, 160 kilometrdən, Ağlağandan Kutaisiyə də, təxminən, eyni məsafədədir. Ağlağandan Abxaziyaya isə 300 kilometrdən artıq məsafə var. Bu halda Uruzu azad etdikdən sonra Ağcaqala Sürməliyə çatmaq üçün 600 kilometrdən artıq yol gəlməli idilər. Dastanda isə göstərilir ki, onlar 7 günlük azuqə ilə yola çıxmış və bu məsafəni iki dəfə qayıtmalı olmuşlar.
Bunları nəzərə alaraq güman edirik ki, söhbət gedən boydakı Tatyan (Dadyan) qalası məhz Naxçıvan ərazisində olan Quyulu dağ qalasıdır. Ağcaqala Sürməlidən, Naxçıvan Göy dağına məsafə 100 kilometrdən bir qədər artıqdır. Dadyan qalası (Quyulu dağ) isə həmin yolun üzərindədir.
Maraqlı bir faktı da qeyd etmək istərdik ki, adını çəkdiyimiz yaşayış yerinin aşağı hissəsində Naxçıvançaydan başlanğıc alan Halqa arxı vardır. Dastanda Alqa (övlü)-oğuz boyu olub mənası “hər yerə yürüyən” olduğu göstərilir. Buradan aydın olur ki, Azərbaycanda, İrəvan yaxınlığında olan çoxsaylı “Türyan”, “Halqa” adlı kanallar qədim olmaqla yanaşı, tariximizin ad daşıyıcılarıdır. Onu da qeyd edək ki, Babək rayonu ərazisində, Yarımca kəndi yaxınlığında Halqa adlı kənd də olmuşdur.
Faruk Sumer XVI əsrdə “Anadoluda Oğuz boylarına aid yer adları” yazısında Alka (övli) adına rast gəlinmədiyini, Oğuz qəbilələrindən birinin adının “Kızıl Kayı” olduğunu qeyd edir.
Sirab kəndinin girəcəyində “Qızıl qaya” adlanan bir qaya vardır. Qayanın üzərində, həm də ətrafında Orta Tunc dövründən başlayaraq orta əsrlərə qədər yaşayış olduğu arxeoloji tədqiqatlar nəticəsində təsdiq edilmişdir. Ona görə də qayanın adının Kızıl Kayı (Qızıl qayı) sözünün təhrif olunmuş forması olduğunu düşünürük.
“Boy”da Ağsəqa (Ağsaqa) – Ağ-saqa qalasından ifadəsi işlədilmişdir. Səfərəli Babayevin müəllifi olduğu monoqrafiyadakı “Ağ qaya” oykonomi ilə bağlı izaha diqqət edək:
“Babək rayonunun Çalxan dağında “Ağ qaya” adlanan ağ mərmərdən yonulmuş əzəmətli heykələ bənzəyən, yüksəkliyi 1758 metrə çatan möhtəşəm bir qala ucalır. Çalxan dağın üzərində II minilliyin sonu, I minilliyin əvvəlində müdafiə məqsədi ilə burada qala tikilmişdir”.
Görünür ki, Qazan xan Ağcaqala Sürməlidən, Naxçıvan Göy dağına gedən zaman məhz bu “Ağ qala”dan və “Tatyan” qalasından casus bunları görüb xəbər aparmışdır.
Əsl mətndə qalaların kafirə mənsub olmadığı, sadəcə, orada casusların olduğu və casusun Təkurə gəldiyini bildirir.
Sadələşdirilmiş mətndən isə belə aydın olur ki, qalalar kafərindir və casus oradan görüb Təkurə deyir.
Səfərəli Babayev Naxçıvan Muxtar Respublikası ərazisində Qazan xanla bağlı 25-ə yaxın toponimin adını, dörd Dərbəndin olduğunu aşkarlamış və geniş izahat vermişdir. Uruzun azad edildiyi Dərbəndin S.Babayevin qeyd etdiyi Tivi yaxınlığındakı (Göy dağın yaxınlığında) Dərbənd olduğunu güman edirik.
Bütün bunlar təsdiq edir ki, Azərbaycan-Türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadan nadir bədii söz xəzinəmiz – “Kitabi-Dədə Qorqud” dastanında Naxçıvanla bağlı araşdırılıb elmi təsdiqini gözləyən toponimlər çoxdur.
Zaleh NOVRUZOV