Bu gün mədəniyyət və incəsənət muxtar respublikamızda, demək olar ki, sözün əsl mənasında, özünün tərəqqi dövrünü yaşayır. Tez-tez müxtəlif mədəniyyət müəssisələri tərəfindən konsertlər, tamaşalar hazırlanıb muxtar respublika sakinlərinə təqdim olunur. Bu da insanların asudə vaxtlarının səmərəli təşkilinə, onların mədəni-estetik zövqünün formalaşmasına böyük töhfə verir.
Naxçıvan vaxtaşırı paytaxt şəhərimiz Bakıdan gələn qonaqlara, mədəniyyət, incəsənət adamlarına da ev sahibliyi edir. Əlamətdar günlərdə, müxtəlif bayramlar ərəfəsində müxtəlif kollektivlər, həmçinin vokalist və xanəndələr, görkəmli səhnə ustaları şəhərimizə qastrol səfərlərinə, naxçıvanlıların görüşünə gəlirlər. Belə səfərlər mütəmadi təşkil olunur. Elə bu yaxınlarda da Naxçıvanımız daha bir mədəniyyət tədbirinə ev sahibliyi edib. Azərbaycan Respublikasının Əməkdar artistləri Coşqun Rəhimov və Rafael İsgəndərovun hazırladıqları yeni səhnəciklər naxçıvanlılara təqdim olunub. Məlumat üçün bildirək ki, “Bu şəhərdə” qrupunun aktyorlarının şəhərimizə səfərləri artıq ənənə halını alıb. Şəhərimizin sakinləri bu il də ənənəyə sadiq qalaraq qonaqları hərarətlə qarşılayıblar.
“Bu şəhərdə” layihəsinin aktyorlarının yumoristik konserti dekabr ayının 9-u və 10-u olmaqla, iki gün şəhərimizdəki Heydər Əliyev Sarayında baş tutub. Dekabrın 10-da biz də tamaşaçı kimi konsertdə iştirak etdik. Sevimli aktyorlarını gurultulu alqışlarla yola salan tamaşaçılar yüksək əhval-ruhiyyədə idilər. Görünür ki, konsert-tamaşadan razı qalmışdılar. Aktyorlarla söhbət etmək, qonaqların təəssüratlarını öyrənmək üçün onlara yaxınlaşdıq.
Bildirdilər ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının səhnəsində ən çox konserti məhz elə “Bu şəhərdə” verib. 2007-ci ildən bu günə kimi ildə iki dəfə olmaqla, hər səfərdə 2-3 gün naxçıvanlıların görüşünə gəlirik.
“Bura bizə çox doğmadır”, – deyən Coşqun Rəhimov onları da özlərinə doğma bildikləri üçün Naxçıvan sakinlərinə öz minnətdarlığını ifadə etdi.
“Hər dəfə buraya gələndə daha böyük məhəbbətlə qarşılanırıq”, – deyən Rafael İsgəndərov isə Naxçıvanda konsert-tamaşalarının ənənə halını almasında məhz elə sakinlərin bu sevgisinin əsas amil olduğunu vurğuladı.
Qeyd edək ki, layihədə cəmiyyətdə olan sosial problemlər, ailədə, iaşə obyektlərində baş verən hadisələr canlandırılır. Məqsəd isə bu nöqsanlara qarşı ictimai qınaq yaradaraq mənfilik-ləri, çatışmazlıqları aradan qaldırmaqdır.
Yeni il ərəfəsinə təsadüf edən bu qastrol səfərindən, görünür, həm qonaqlarımız, həm də sakinlərimiz xeyli məmnun qalıblar. Lakin bu, hələ son deyil. Bu ərəfədə şəhərimiz paytaxt Bakıdan gələn digər qonaqları da qarşılayacaq, müxtəlif sənət adamlarının konsertlərinə ev sahibliyi edəcək. Artıq qastrola gələcək sənətkarlar və onların konsert tarixləri də müəyyənləşib, afişalar vasitəsilə anonslar verilib.
Biz də, öz növbəmizdə, muxtar respublika sakinlərinə xoş istirahət diləyirik.
Fatma BABAYEVA