23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidmətində həmin sərəncamla təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən “Kitabi-Dədə Qorqud” kitabının müzakirəsi olub.
Tədbirdə Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova, kitabxananın Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova, Naxçıvan Müəllimlər İnstitutunun professoru, filologiya elmləri doktoru Yusif Səfər­ov, AMEA Naxçıvan Bölməsi Etno­qrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun çıxışları olub.
Çıxışlarda muxtar respublikamızda gənc nəslin dünyagörüşünü düzgün formalaşdırmaq, vətənpərvər ruhda yetişdirmək istiqamətində görülən işlərdən, “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamın əhəmiyyətindən bəhs edilib.

Diqqətə çatdırılıb ki, siyahıya daxil edilən kitablardan biri də təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran ulu sənət nümunələrindən biri və həm də birincisi “Kitabi-Dədə Qorqud” eposudur. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyası, Azərbaycan dilində yazılmış və azərbaycanlılara aid bir abidədir.
Bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanı qəhrəmanlıq, igidlik, mərdlik, cəsurluq, dostluq, birlik dastanı olmaqla yanaşı, həm də namus, qeyrət, ləyaqət, insanpərvərlik kimi əxlaqi, milli və mənəvi dəyərlərlə zəngin olan və gənc nəslin tərbiyəsində mühüm rol oynayan böyük tarixi abidədir. Dastanda baş sərkərdədən tutmuş böyükdən-kiçiyə bütün qəhrəmanların doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə hazır olduqları nümayiş etdirilir.
Vurğulanıb ki, “Kitabi-Dədə Qorqud”un boylarında təsvir olunan hadisələr Qafqazın cənub ətəkləri və bütövlükdə Azərbaycan ərazisi ilə bağlıdır. Boylardakı əhvalatlar Kür-Araz düzənliyi, Şərur mahalı, Əlincəqala qoruqları, Dərəşam, Ağcaqala, Sürməli, Ağqaya kimi müxtəlif yerlərdə baş verir. Bu adda yerlər isə Naxçıvan ərazisində, Araz üstündə, Zəngilanda, Göyçə mahalında və digər bölgələrimizdə də var.
Sonda səyyar sərgiyə baxış olub.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR