Türk-islam dünyasının ən qədim tarixə və zəngin mədəniyyətə malik müqəddəs yurd yerlərindən biri də Naxçıvandır. Bu diyar tarixən Azərbaycanın, Yaxın Şərqin və Türk dünyasının ən qədim mədəni mərkəzlərindən biri olmuşdur. Burada həm ümumtürk, həm də İslam mədəniyyətinin izlərini özündə əks etdirən tarixi memarlıq abidələri, yaşayış məskənləri aşkarlanmışdır. Muxtar respublika ərazisindəki Qazma, Kilit mağaraları, Oğlanqala, Çalxanqala, Govurqala kimi qala-şəhər məntəqələri, Əshabi-Kəhf ziyarətgahı əcdadlarımızın bədii təfəkkürünü, adət-ənənələrini, estetik-fəlsəfi baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirir, Gəmiqaya qayaüstü rəsmləri bu torpaqların qədim türklərin və ümumiyyətlə, insanın ilk yaşayış məskənlərindən olduğunu təsdiqləyir.
Təəssüflər olsun ki, sovet hakimiyyəti illərində İslam dini ilə sıx bağlı olan bu abidələrə qayğı göstərilməmiş, onlar unudulmuş, baxımsızlıqdan uçub dağılmış, bir sıra hallarda qəsdən, bilərəkdən məhv edilmişlər. Mədəni abidələrimizi qorumaq, onlara sahib çıxmaq kimi bir vəzifəni isə Azərbaycan xalqının bütün sahələrdə xilaskarı olan ulu öndər həyata keçirmişdir. Ümummilli lider Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə AMEA Naxçıvan Bölməsinin yaradılması Naxçıvanda elmin və mədəniyyətin, tarixi və dini abidələrin öyrənilməsi baxımından ən mühüm addımlardan biri oldu.
Görkəmli dövlət xadimi Heydər Əliyev AMEA Naxçıvan Bölməsinin təşkili ilə əlaqədar Naxçıvanda keçirdiyi müşavirədə Naxçıvan ərazisindəki dünyamiqyaslı tarixi-memarlıq abidələrinin Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini göstərdiyini və bu səbəbdən onların qorunub saxlanılması, tədqiqi işinin mühüm əhəmiyyətə malik olduğunu vurğulamışdır. Məhz dahi rəhbərin diqqət və qayğısı nəticəsində Naxçıvandakı abidələr ikinci ömrünü yaşamağa başlamış, Möminə xatın abidəsi restavrasiya olunmuş və Qarabağlar Türbə Kompleksi bərpa olunmaqdadır. Eləcə də Əshabi-Kəhf, İmamzadə, Buzxana abidələri, Bazarçay ətrafındakı yeraltı abidə, Şərq hamamı, Yusif Küseyir oğlu türbəsi, Xan evi, Culfada Xanəgah kompleksi, Naxçıvanqala, Əlincə qalası, Nuh Peyğəmbərin məzarüstü türbəsi əsaslı bərpa edilmişdir. Qədim tariximizi, mədəniyyətimizi və mənəviyyatımızı, dini inanclarımızı, müharibə və mübarizələrimizi özündə yaşadan türk-islam mədəniyyəti abidələri müstəqillik illərində təbii olaraq, hər zaman olduğundan daha çox şair və yazıçıların müraciət etdiyi mövzulardan olmuşdur.
Müstəqillik illərində yaşayan şairlərin təcrübəli, istedadlı nümayəndələrindən biri, publisist, dramaturq Hüseyn Razinin “Oğlanqala”, “Əlincə qayaları” və sair şeirlərində vətənə məhəbbət, abidələrdə yaşayan qədim, şanlı tariximiz bədii əksini tapmışdır. “Oğlanqala” şeirində Şərur rayonu ərazisində Arpaçayın sahilindəki Qaratəpə dağında yerləşən ölkə əhəmiyyətli abidə fədakarlıq simvolu kimi vəsf olunur:
Onun sükutunda min bir hekayət,
Məğrur duruşunda nağıllar yatır.
Sirli naxışları uyuyan sənət,
Hasarlar əfsunlar muğamatıdır.
Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigarın “Əlincə” şeirində bu məğrur qala “hər sətri qızıl qanla yazılmış tarix kitabı” kimi təqdim olunmuşdur. Əlincəçayın sahilində ucalan Əlincə qalası 14 il Əmir Teymurun qoşunlarına inadlı müqavimət göstərmişdir. Bu dövrdə Naxçıvanda hürufilik geniş yayılmış, təriqətin banisi Fəzlullah Nəimi əsarətə və cəhalətə qarşı mübarizə ideyalarını burada təbliğ etmişdir. İgidlik, məğrurluq rəmzi olan Əlincə qalasını Asim Yadigar obrazlı şəkildə “İgidlərin al qanıyla boyanan torpağımın bayrağıdır Əlincə” misraları ilə təsvir edir. Asim Yadigarın “Dünyanın bəzəyi” şeirində də “doğma diyar bütün gözəllikləri ilə tərənnüm olunur:
Tarixin özü qədər qədim,
Qoynunda Nuh Peyğəmbərin
ayaq izləri.
Gəmiqaya ulu babaların
tarixə naxışı,
“Biz də varıq!” sözləri.
Əlincə yağı başına
vurulan qapazındır,
Oğulların kimi sərtdir
təbiətin, havan, Naxçıvan!
Ədəbiyyatımızın 60-cı illər ədəbi nəslinə mənsub olan Adil Qasımlı qədim tariximizdən soraq verən qalalar haqqında silsilə şeirlər yazmış, “Dağlar, qalalar, babalar” adlı kitab da nəşr etdirmişdir. “Nəğməli naxışlar”, “Gəmiqayada”, “Əlincədə qızılgül”, “Xan sarayında” və digər şeirlər abidələrimizin bədii dilin zəngin imkanlarından istifadə ilə vəsfinə həsr olunmuşdur. Əcəmi qüdrətinin bəhrəsi olan Möminə xatın məqbərəsindəki naxışlar, şairin qənaətincə, məlahətli bir nəğmə oxuyur. “Rəngləri rəngə calayan” qüdrətli sənətkarın əsrlər keçməsinə baxmayaraq, “cilvəli naxışları” təravətini, gözəlliyini itirməmişdir. Bu təkrarolunmaz, zamana yenilməyən abidəni yaradan dünya şöhrətli naxçıvanlı memar Əcəmi Naxçıvani sənətinə də yüksək qiymət verilmişdir:
Naxışlar oxuyur, ötür qış-bahar,
O nəğmə səslənir, görün nə vaxtdır.
Səkkiz əsrdir ki, oxuyur onlar,
Əsrlər boyu da oxuyacaqdır.
Adil Qasımlının “Xan sarayında” şeiri isə qədim saray haqqında bədii salnamədir. Sarayın otaqlarını gəzə-gəzə şanlı tariximizi, qanlı döyüş meydanlarını, azadlıq uğrunda qəhrəmanlıq mübarizələrini xatırlayan şair özünü sirli, sehrli bir aləmdə hesab edir. Bir neçə əsr əvvələ dönən şair bu möhtəşəm qəsrdə tarixən baş verən hadisələri təsəvvüründə canlandırır və o anları, o zamanı yaşamış kimi də bədii dillə təsvir edir:
Zərif naxış bir otağa nur yayıb,
Nağılmıdır, yuxumudur bu aləm?!
Otaqlardan-otaqlara adlayıb,
Qanlı döyüş meydanına girirəm.
Mərhum şair Vaqif Məmmədovun “Gəmiqayada düşüncələr” silsiləsinə daxil olan şeirləri abidələrimizin tərənnümü baxımından diqqəti cəlb edir. “Gəmiqaya” şeirində daşlara həkk olunmuş, əsrlərin sınağından çıxmış qədim tariximizi şair sanki misra-misra oxuyur. Xalq qəhrəmanı Qaçaq Nəbinin, Bozatın yurdu, məskəni olan bu torpağın hər qarışında qədim bir mərhələnin, dövrün izi vardır. Şeirdə bu möcüzəli məkana aid “Şırrançay”, “Saqqarsu”, “Çürüklü”, “Soyuqbulaq”, “Yeddi çeşmə” kimi toponimlər etimoloji baxımdan xüsusi maraq doğurur. Silsiləyə aid digər şeirlərdə “Qız-gəlin çuxuru”, “Qaranquş yaylağı” və digər tarixi-əfsanəvi yerlər haqqında zəngin məlumat verilmişdir:
Qız-gəlin çuxuru sirlər saxlayır,
Turan tayfasından, Oğuz elindən.
Bir səs qız-gəlini hey haraylayır,
Nə qızdan xəbər var, nə də gəlindən.
Şairin “Sədərək qalası” şeirində qədim türk-oğuz yurdu olan Sədərəkdə – Vəlidağda yerləşən Sədərək qalası tarixi abidəsindən söz açılır. Yazılı ədəbiyyatımızda adı keçən “Fərhad arxı” ətəyindən tarixi İpək Yolu keçən, Əlincəqala kimi uca zirvədə yerləşən bu qalanın belindəki kəmərə bənzədilir.
Ulu öndər Heydər Əliyevin “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə yaşadan bir diyardır” müdrik fikrini əsərlərinə epiqraf seçən şair-publisist Muxtar Qasımzadə “Gəmiqaya”, “Oğlan qala, Qız qala”, “Əlincə”, “Fərhad evi”, “Gülüstan”, “Qarabağlar türbəsi” kimi şeirlərində bu abidələrə poeziya qiyafəsində bir daha ömür qazandırmışdır. Bu şeirlər təkcə bədii ədəbiyyat nümunələri olmaqla qalmır, eyni zamanda abidələrdə yaşayan bir xalqın qəhrəmanlıq tarixini zəngin faktlarla əks etdirir. Şair böyük məhəbbətlə Vətən torpağının, Vətən kitabının səhifələri kimi abidələri vərəqləyir, oxuyur, oxudur, danışdırır və əsası odur ki, tarixi abidələrimizi və onları yaradan xalqı sevdirməyi bacarır. Köhnəqala və ya Naxçıvanqala həm türk-oğuz ərənlərimizin, həm də bu dünyanın, yaradılışın yaşı qədər qədim tarixlərə gedib çıxan Nuh Peyğəmbərin müqəddəs məzarının yerləşdiyi bir məkan kimi diqqət mərkəzinə çəkilir. Nuh babanın məzarı “Naxçıvanın Məkkəsi” adlandırılır. “Buzxana” şeirində yüksək memarlıq üslubunda tikilmiş, XII-XIV əsrlərə aid Buzxanadan bəhs olunur.
2010-cu ildə Naxçıvan Muxtar Respublikasında “İlin ən yaxşı gənc şairi” adına layiq görülmüş şair Qanun Ümman “Əlincə” adlı qoşma janrında yazılmış şeirində qalanın təkcə tarixi qüdrəti, əzəməti, mübarizə əzmi, yenilməzlik simvolu deyil, həm də təkrarsız, füsunkar təbiəti tərənnüm olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamından sonra qala bərpa edilmiş, burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılmışdır. Qala haqqında şeirlər, poemalar və pyesdən ibarət “Əlincəqala” kitabında Asim Yadigar, Muxtar Qasımzadə, İbrahim Yusifoğlu, Qafar Qərib, Elxan Yurdoğlu və başqalarının əsərləri işıq üzü görmüşdür.
Yuxarıda qeyd etdiklərimiz təsdiq edir ki, müstəqillik illərində Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılarımız tarixi abidələrimizdən bəhs edən, onları qədim tariximizin yadigarları kimi tərənnüm edən qiymətli bədii nümunələr qələmə almışlar.
Qədim diyarımızda əsrlərdən bəri qorunub yaşadılan və yüksək dövlət qayğısı ilə əhatə olunan, islami dəyərləri özündə yaşadan abidələrin bərpası və təbliği sahəsində aparılan işlər bundan sonra da daha yüksək səviyyədə davam etdiriləcək, Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar olaraq bu mövzu da şairlərimizin yaradıcılığında öz zəngin əksini tapacaqdır.
Aygün ORUCOVA
filologiya üzrə fəlsəfə doktoru