Qədim Naxçıvan milli mədəniyyətimizin inkişafına təkcə tarixi memarlıq abidələri ilə deyil, həm də zəngin xalçaçılıq ənənələri ilə töhfə verib. Regionun iqlimi, füsunkar təbiəti burada palaz, kilim, sumax, vərni, şəddə, zili və cecim kimi xalça növlərinin toxunmasına, ümumilikdə isə xalçatoxuma sənətinin inkişaf etdirilməsinə şərait yaradıb. Muxtar respublikada aparılan arxeoloji tədqiqatlar nəticəsində xalça toxunuşunda istifadə olunan ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları kimi materialların əldə edilməsi Naxçıvanın Azərbaycanın ən qədim toxuculuq mərkəzlərindən biri olduğunu sübuta yetirir.
Orta əsr səyyahları da Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar veriblər. Xüsusilə Böyük İpək Yolu üzərində yerləşən Naxçıvanın orta əsrlərdə mühüm ticarət mərkəzlərindən birinə çevrilməsi burada müxtəlif xalq yaradıcılığı nümunələrinin, el sənətkarlığının inkişafına mühüm təsir göstərib. Xalçaçılıq sənəti isə bir xalq yaradıcılığı sahəsi kimi daha geniş yayılıb, demək olar ki, əksər evlərdə bu ənənə davam etdirilib. Bunun nəticəsidir ki, ötən əsrin sonlarınadək muxtar respublikada ənənəvi xalq yaradıcılığı sahələrindən ən çox davam etdirilən də elə xalçaçılıq sənəti olub. Sonrakı dövrlərdə isə bu sənətin inkişafı istiqamətində muxtar respublikada məqsədyönlü tədbirlər həyata keçirilib. Bu mədəni irsin qorunması və təbliği diqqət mərkəzində saxlanılıb. Görülən işlər milli xalçaçılıq sənətinin yaşadılmasına və bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul olub. 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi isə milli xalça nümunələrimizin tanıdılmasına öz töhfəsini verib. 2010-cu ildə muzey yeni bina ilə təmin olunub, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub.
Hazırda muzeydə 3000-dən çox eksponat saxlanılır. Ekspozisiyada nümayiş etdirilən nümunələrin sayı 300-ü keçib. Burada xalçaçılığa aid eksponatlar üçün müasir mühafizə standartlarına uyğun şərait yaradılıb. Xovsuz və xovlu xalça növləri, habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri muzeyi bəzəyir. İndi bu mədəniyyət ocağında Naxçıvan qrupuna aid 100-dən çox xalça, eyni zamanda müxtəlif əl işləri və tikmələr nümayiş etdirilir. Muzeydə Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği istiqamətində müəyyən tədbirlər görülür. Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Naxçıvan Dövlət Xalça Muzeyi muxtar respublikaya gələn əcnəbilərin ən çox ziyarət etdiyi ünvanlardan biridir.
Peşə fəaliyyətimlə də bağlı bu mədəniyyət müəssisəsinə gələn və xalçalarımızı məftunluqla seyr edən əcnəbi qonaqları çox müşayiət etmişəm. Gəldiyimiz qənaət də bundan ibarət olub ki, xarici ölkələrdən gələnlər üçün milli xalçalarımız özünəməxsus əhəmiyyət kəsb edir.
Haşiyə. Yaxın və uzaq tarixdən də məlumdur ki, milli xalçalarımız zaman-zaman bu və ya digər şəkildə ölkədən çıxarılaraq xarici muzeylərin və yaxud müxtəlif şəxslərin kolleksiyasını bəzəyib. Ancaq təəssüfləndirici məqamlardan biri odur ki, xalça nümunələrimiz bir çox hallarda başqa xalqlara məxsus adlarla tanıdılıb. Mənfur ermənilər bu sahədəki canfəşanlıqları ilə daha çox irəli gediblər. Ancaq bu fakt həm də onun təsdiqidir ki, ermənilərin milli dəyərlərimizə aid iddia etdikləri istənilən sənət nümunəsi öz zənginliyi ilə seçilir. Buradan isə o nəticəyə gəlmək mümkündür ki, milli xalçalarımız əsrlər boyu olduğu kimi müasir dövrdə də digər xalqların nümayəndələri tərəfindən böyük maraqla qarşılanır. Bu maraqdan irəli gəlir ki, son illərdə muxtar respublikaya gələn turistlər Naxçıvan Dövlət Xalça Muzeyinə baş çəkir, burada nümayiş etdirilən milli xalça nümunələrimizi heyranlıqla seyr edirlər. Muzeyin ekspozisiyasında toxuma dəzgahlarının qoyulması xalçalarımızın necə toxunduğunu əyani şəkildə tamaşaçılara çatdırır. Əl əməyi, göz nuru ilə ərsəyə gələn sənət nümunələri isə özünəməxsusluğu ilə seçilir.
Bəs milli xalça nümunələrimizi əcnəbi qonaqlara sevdirən nədir? Əvvəlcə qeyd edək ki, keçmişdə olduğu kimi müasir dövrdə də evlərin döşənməsində təbii xalça məmulatlarını əvəz edəcək hələlik heç bir vasitə icad olunmayıb. Digər tərəfdən xalçaçılığın inkişafı yalnız təbii iqlim şəraitinin əlverişli olduğu ölkələrdə mümkün olub. Burada qoyunçuluğun inkişafından tutmuş müxtəlif bitkilərdən alınmış təbii rənglərədək bir çox vasitələrin olması mühüm şərt kimi rol oynayıb. Bundan əlavə, tarixən bir çox sənət sahələri fabrik-zavod mərhələsinə qədəm qoysa da, xalçaçılıq özünün kiçik əmtəə istehsalı xarakterini saxlayıb. Bu isə böyük zəhmət və səbir tələb edən, aylarla davam edən xalçatoxuma işinin çətinliklərini ortaya qoyur. Eyni zamanda bu işdə ənənəviliyin qorunması, milli kompozisiyaların özünəməxsusluğu onu qlobal dünyada daha da sevdirib. Elə buna görədir ki, tarixboyu xalçaçılıq məmulatları Şərqdən Qərbə daşınıb.
Maraqlı burasıdır ki, bir çox incəsənət nümunələri ilə Qərb renessansına böyük töhfələr verən Avropa xalqları ənənəvi xalçaçılıq mədəniyyətindən yararlana bilməyiblər – onu yalnız idxal ediblər. Elə bunun nəticəsidir ki, indiyədək heç kim yapon və ya alman xalçası, Cənubi Koreya kilimi və yaxud İsveç gəbəsi sözünü eşitməyib. Ancaq bununla yanaşı, əcnəbilər milli xalçalarımızı həmişə qiymətləndiriblər. Bu xalçalardan istifadənin insan sağlamlığı üçün nə qədər faydalı olduğunu dərk etsələr də, onları, əsasən, sənət əsəri kimi saxlamağa üstünlük veriblər. Elə xalçaçılıq nümunələrimizə göstərilən bu maraqdan irəli gəlir ki, muxtar respublikamıza gələn əcnəbi qonaqların əksəriyyəti Naxçıvan şəhərinin mərkəzində yerləşən xalça muzeyinə baş çəkir. 2017-ci ilin yanvar ayından indiyədək muzeyi ziyarət etmiş 6 mindən çox tamaşaçının 3500-dən çoxunu əcnəbi qonaqların təşkil etməsi də milli xalçalarımıza olan bu maraqdan və həssaslıqdan irəli gəlir.
Səbuhi HƏSƏNOV