Ordubad rayonunun Aza kənd tam orta məktəbində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il avqustun 28-də imzaladığı Sərəncamla təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na salınmış Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi olub.
Tədbirdə çıxış edən Aza kənd tam orta məktəbinin direktoru Təvəkkül Məmmədov sərəncamın əhəmiyyətindən, bu istiqamətdə atılan addımlardan danışıb. Bildirib ki, siyahıda gənc nəslin dövlətçilik və vətənpərvərlik tərbiyəsinə, habelə şəxsiyyət kimi formalaşmasına daha çox təsir edə biləcək kitablara üstünlük verilib. Bunun müstəqil dövlətçilik idealları üstündə köklənmiş kamil Azərbaycan vətəndaşlarının daha yetkin səviyyədə formalaşdırılmasına kömək etmək məqsədi daşıdığını vurğulayıb.
Sonra məktəbin Uşaq birliyinin rəhbəri Şirin Mirzəyeva Eynəli bəy Sultanovun “Məqalələr” kitabı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, məqalələrin ideya-bədii istiqamətlərindən danışıb. Qeyd olunub ki, qələmə aldığı məqalələrdə Eynəli bəy Sultanov hakim təbəqələrin özbaşınalığını, fanatizm və cəhaləti, qadın hüquqsuzluğunu tənqid atəşinə tutub. Dövrün eybəcərliklərinin ifşasında bütün təqiblərə sinə gərib, öz xalqının inkişafı və tərəqqisi üçün qələmin gücündən istifadə etməyə səy göstərib.
Sonra şagirdlər kitabda yer almış məqalələri bədii qiraət ediblər.
Gülcamal TAHİROVA