Üzeyir Hacıbəyli musiqi mədəniyyətimizdə hansı zirvədədirsə, Bəhruz Kəngərli də təsviri sənətimizdə həmin ucalıqdadır
Unudulmaz şairimiz İslam Səfərlinin səmimiyyət dolu bir şeirindən gətirdiyim nümunə ilə, əslində, etirafla başlamaq istəyirəm yazıma. Şair doğulduğu ana yurdunun gözəlliklərini vəsf etmək istəyir. Naxçıvanın ələdüşməz təbii mənzərələrinə söz qoşmaq anında sanki dağlar-dərələr dil açıb deyir:
Əbəs mizrab vurma könül tarına
Bəhruz hüsnümüzü səndən də qabaq
Çəkmişdir “Naxçıvan yadigarı”na.
Azömürlü, min dastanlı Bəhruz bəy Kəngərli hələ yeniyetməlik çağlarımdan mənim üçün maraqlı və müqəddəs bir varlıq kimi əziz idi. Naxçıvan deyəndə gözlərimin qarşısında Əshabi-Kəhf, Möminə xatın məqbərəsi, Bəhruz bəy Kəngərli, Hüseyn Cavid canlanardı.
Bu yaxınlarda İctimai Televiziyada hazırlanan “Yadigarlar” verilişinin növbəti sayını bu qızıl fırçalı ustada həsr etdik. Qonağımız sənətşünas Ziyadxan Əliyevin bir fikri məni çox düşündürdü: “Bəhruz bəy Kəngərli öz yaradıcılığı ilə XX əsrdə yaşamış rəssamlarımızın bütün günahlarını yudu”. Haqlı idi. Çünki Bəhruz bəy Kəngərlinin əsərlərində zamanın bütün rəngləri var.
Milli rəssamlıq sənətimizin çox görkəmli nümayəndəsi olan Bəhruz bəy Kəngərli qeyri-adi bir istedada malik idi. Onun əsərlərinə tamaşa etdikcə heyrətlənməyə bilmirsən. Elə müasir və aktualdır ki, sanki bu rəsmlər XX əsrin yox, XXI yüzilliyin bu günlərində çəkilib. Uşaq vaxtı ağır xəstəlik keçirən Bəhruz Kəngərli bu ağrı-acılara sinə gərmək üçün fırçadan möhkəm yapışaraq çox erkən rəssamlığa meyil göstərib. 1910-1915-ci illərdə Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki boyakarlıq və heykəltəraşlıq məktəbində oxuyaraq rənglərlə işləməyin sirlərini öyrənib. Təbii ki, onun rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin, “Molla Nəsrəddin” jurnalının böyük rolu olub. Yaradıcılığının ilk dövründə karikatura və satirik rəsmlər, eləcə də məişət səhnələrini çəkən Bəhruz bəy Kəngərli öz rəsmləri ilə müasirlərinin diqqətini çəkirdi. 1914-cü ildə “İqbal” qəzeti Bəhruz Kəngərli haqqında yazırdı: “Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır”.
Azərbaycanda realist rəssamlığın əsasını qoyanlardan olan Bəhruz bəy Kəngərli təsviri incəsənət tariximizdə adı qızıl hərflərlə həkk edilməyə layiq çox nadir istedad sahiblərindən biri kimi adını mədəniyyət tariximizə əbədi həkk etdirib. O, 1892-ci ilin yanvarında Naxçıvanda Şirəli bəyin ailəsində dünyaya göz açıb. İlk təhsilini doğma şəhərdə alıb, sonra isə Tiflisdə xüsusi rəssamlıq məktəbində oxuyub. Bəhruz bəy Kəngərli rus boyakarlıq məktəbinin ənənələrindən bəhrələnsə də, əsərlərini tamamilə milli ruhda və üslubda yaradıb. Beləliklə də, mədəniyyətimizdə milli rəssamlığın inkişafında özünəməxsus rol oynayıb. İncəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşması məhz Bəhruz bəy Kəngərlinin adı ilə bağlıdır. Bu gün onun əsərlərinə bir daha nəzər salanda, açığı, heyrətlənməyə bilmirsən. Bu məftunluğa səbəb olan məqamlar isə bir neçə cəhətdən əhəmiyyətlidir. Faktdır ki, hər bir əsər öz müəllifinin duyğularının, düşüncəsinin həyata, zamana, mühitə münasibətinin əks-sədasıdır. Və bu əsərləri yaradan insanların köksündə döyünən ürək həssasdırsa, onda onların ədəbi məhsulunun bədii dəyəri də əvəzsizdir. Bu mənada, Bəhruz bəy Kəngərlinin portret və mənzərə janrında işlədiyi əsərlər təsdiqləyir ki, o, həssas, dərin düşüncəli, uzaqgörən bir sənətkar olub. O, rənglərin ahəngindən, cizgilərin formalarından, müxtəlif təsvir vasitələrindən məharətlə istifadə edərək son dərəcədə bənzərsiz və qeyri-adi əsərləri bizə yadigar qoyub.
Əslində, həyatda çox qısa – cəmi 30 il ömür sürmüş Bəhruz bəy Kəngərli dərin təfəkkürlü rəssam kimi öz ömrünün əbədiliyinə qətiyyətlə imza atıb. Fərəhlidir ki, sənətsevərlər onu heç bir zaman unutmayıblar. Zamanın, quruluşun repressiyaları da belə, Bəhruz bəy Kəngərlinin əbədi taleyinin parlayan ulduzunu söndürə bilməyib.
2002-ci ilin yayında Naxçıvanda ümummilli lider Heydər Əliyevin iştirakı ilə Bəhruz bəy Kəngərli muzeyinin təntənəli açılışı oldu. Heydər Əliyev həmin mərasimdə unudulmaz sənətkarımızın yaradıcılığını yüksək dəyərləndirərək söylədi: “Hesab edirəm ki, Azərbaycanda bizim sənətşünaslar, tədqiqatçılar Bəhruz Kəngərlinin yaradıcılığını daha professional səviyyədə tədqiq etməli, əsərlər yazmalıdırlar. Həm Bəhruz Kəngərlini Azərbaycan xalqının görkəmli və yüksək mədəniyyətə malik olan nümayəndəsi, həm də böyük rəssam kimi təbliğ etsinlər!”
Bu müdrik fikirlərin işığında bir daha illərin dizini qatlaya-qatlaya zamanın güzgüsündə öz aydın ziyası ilə könülləri riqqətə gətirən Bəhruz bəy Kəngərli xəzinəsinin boyalardan qalxan sənət dünyasına üz tutduq. O əbədiyaşar dühadan bizə əmanət və yadigar qalan “Atabəy məqbərəsi”, “İmamzadə”, “Nuhun qəbri”, “Ata-bala gümbəzi”, “İlanlı dağ”, “Qızlar bulağı”, “Qoca kişi”, “Toy”, “Elçilik” kimi əsərləri ifadəliliyi, bədii-estetik dəyəri ilə diqqət çəkir. Bəhruz bəy Kəngərli bütün varlığı ilə doğma torpağına bağlı, onun gözəlliklərindən zövq alan və bunu öz yaradıcılığında əks etdirən vətəndaş, qeyrətli bir şəxsiyyət olub.
Təbiət mövzusunda yaratdığı əsərlərdə yurdumuzun zəngin florası və füsunkarlığı, təbiiliyi, min bir gözəlliyi ilə əks olunub. “Şəlalə”, “Günəş batarkən”, “Dağlıq mənzərə”, “Ağrı dağı”, “Ay işığında” adlı əsərləri təbiətin poeziyasını fırçanın qüdrəti ilə göz yaddaşımıza köçübdür. Uzun müddət bu mənzərələrin təsirindən ayrıla bilmirsən. Qəribədir ki, Bəhruz bəy Kəngərli sanki az yaşayacağını duyurmuş. Bu səbəbdən də müxtəlif mövzularda öz fırçasını sınasa da, – bütün yaradıcılığı vətənə, torpağa, xalqa – taleyimizə bağlı olub. O, bir tərəfdən ilin fəsillərini kətana köçürürdü, digər tərəfdən mədəniyyət abidələrimizin rəsmlərini çəkirdi. Dövrünün qabaqcıl ziyalılarının portretləri üzərində işləyir, karikatura və satirik rəsmlər, memarlıq, mənzərə və məişət səhnələrini əks etdirən rəsm, akvarel və rəngkarlıq əsərləri yaradırdı.
Onun yaradıcılığında bir sıra əsərlər də var ki, bütövlükdə, xalqımızın yaşadığı faciəli illərin ağrı-acılarını əks etdirir. Məlumdur ki, 1918-1920-ci illərdə bizə qarşı soyqırımı siyasəti yeridildi. Soydaşlarımız doğma ocaqlarından didərgin düşərək müsibətə tuş oldular. Bəhruz bəy Kəngərli də öz yaradıcılığında bu mövzu ilə bağlı silsilə əsərlər yaradıb. “Qaçqınlar” mövzusunda öz fırçası ilə daşnakların törətdikləri qırğınları, deportasiyaları realist sənətkar kimi çox dəqiq əks etdirərək millətimizin üzləşdiyi dərdləri gələcək nəsillərə çatdıra bilmişdir. Bu silsiləyə daxil olan kişi, qadın, oğlan, qız portretləri həyatiliyi, canlılığı və psixoloji ifadəliliyi ilə fərqlənir. Bu silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Yurdsuz ailə”, “Ayaqyalın qaçqın oğlan” və sair əsərlər təkcə portret kimi sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir.
Rəssamın əsərlərinə diqqət yetirdikdə duyursan ki, Bəhruz bəy Kəngərli hərtərəfli rəssam olub. Onun müraciət etmədiyi mövzu yoxdur. Maraqlısı da budur ki, rəssamın fırçasından doğulan bütün əsərlər qiymətlidir. Bəhruz bəy Kəngərli həm də milli teatr rəssamlığının banilərindən sayılır. 1910-cu illərdə Naxçıvan teatrında tamaşaya qoyulan “Ölülər” (C.Məmmədquluzadə), “Hacı Qara” (M.F.Axundzadə), “Pəri-cadu” (Ə.Haqverdiyev) əsərlərinin bədii tərtibatını və geyim eskizlərini də məhz Bəhruz bəy Kəngərli verib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra müəyyən təzyiq və əzablara düçar olan Bəhruz bəy Kəngərli Naxçıvanın mədəni həyatında fəal çalışdı. Lakin qəfil əcəl çox amansız oldu. O, 1921-ci ildə “Qızıl əsgər” əsərini çəksə də, bu işi də onun ömrünə zəmanət vermədi. 1922-ci ildə dünyasını vaxtsız dəyişərək xatirələrə köçdü.
Tədqiqatçıların fikrincə, Bəhruz bəy Kəngərlinin 2 minə yaxın portret, mənzərə və rəsm əsərləri əldən-ələ düşərək itib. Hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində Bəhruz bəy Kəngərlinin 500-ə yaxın əsəri qorunur. Naxçıvandakı muzeydə də 50-dən çox orijinal əsəri nümayiş etdirilir. Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda da əsərləri saxlanılır.
Əlbəttə, Bəhruz bəy Kəngərli barəsində az da olsa yazılıb. Onun mənsub olduğu Kəngərli tayfası haqqında tədqiqatçılar müəyyən kitablar da çap etdiriblər. Bəhruz bəy Kəngərlinin yaradıcılığı haqqında ən dəyərli və dürüst fikirləri vaxtı ilə unudulmaz Heydər Əliyev söylədi: “Bəhruz Kəngərlinin əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustadlığına görə, ikincisi, onun yaratdığı obrazlara görə – mən insan obrazlarını deyirəm. Xüsusən, o ağır dövrün, 1918, 1919, 1920-ci illərin çətin dövründə xalqımızın ağır vəziyyətdə olmasını öz əsərlərində əks etdiribdir”. Bu elə bir qiymətdir ki, bizim hər birimizə bələdçilik edir. Yəni Bəhruz bəy Kəngərlinin kim olduğu, Azərbaycan mədəniyyəti tarixində hansı mövqedə dayandığı tamamilə aydınlaşır. Bir daha qürur duymağa dəyər ki, Azərbaycan incəsənətinin tarixində özünəməxsus xidmətləri ilə yaşayan Bəhruz bəy Kəngərli kimi sənətkarlar, bəşəri ideyalı insanlar olublar. Bir qərinəlik ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilən Bəhruz bəy Kəngərli həmişə müasirimiz olaraq bizimlə bərabər gələcəyə addımlayır. Onun rənglər dünyası özünün sirli-sehrli pərdəsini saxlamaqdadır. Bu unudulmaz rəssamdan yadigar qalan zəngin bədii irs bizə bu haqqı verir ki, bunu ürəkdən etiraf edək. Həqiqətən də, millət üçün yaşayıb yaradanlar heç zaman unudulmurlar.
Bu qubarlı ömrün nuru onu sevənlərin yoluna elə işıq salıb ki, Bəhruz bəy Kəngərlinin arxivlərdə uyuyan sənədlərini araşdırmaq, əsərlərini axtarmaq istəyənlər bu tədqiqata ürəkdən qoşulublar. Bu məqamda mən bir insana da öz minnətdarlığımı bildirmək istərdim. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Bəhruz bəy Kəngərlinin adının əbədiləşdirilməsi ilə bağlı həyata keçirdiyi mühüm işlərin bircə adı var – böyük ehtiram və qədirbilənlik. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılışı olan Bəhruz Kəngərli Muzeyinin adını çəkdik. Bəhruz bəy Kəngərli irsinin təbliği istiqamətində görülən işlər həqiqətən qürur doğurur. İlk dəfə olaraq rəssamın əsərlərinin tam külliyatı albom-kataloq şəklində hazırlandı. Haqqında sənədli film çəkildi. Şair-dramaturq Adil Babayevin rəssama həsr etdiyi “Yarımçıq şəkil” pyesi C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyuldu. Bəhruz Kəngərli adına Sərgi Salonu fəaliyyətə başladı. Uşaq İncəsənət Məktəbinə Bəhruz Kəngərlinin adı verildi. 120 illik yubileyinə həsr olunan zərf və marka bəhruzsevərlərin sevincinə səbəb oldu. Məzarı üzərində əzəmətli abidəsi ucaldıldı. Adını daşıyan Rəssamlar Parkı bütün fırça sahiblərinin sevimli məkanına çevrildi. Bu qeyri-adi ünvanda da Bəhruz bəy Kəngərlinin abidəsi ucaldıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bir fikri də yeni ideyalara, tədqiqatlara sanki istiqamət verdi: “Əgər Əcəmi Naxçıvani Azərbaycan memarlıq sənətində yeni bir məktəbin əsasını qoymuşdursa, görkəmli fırça ustası Bəhruz bəy Kəngərli də Azərbaycan rəssamlığında realizm məktəbini yaratmışdır”.
Bəhruz bəy Kəngərli barəsində ən sanballı və dolğun, daha da dərin araşdırmalardan, indiyə qədər məlum olmayan faktlardan ibarət kitab isə məhz bu il “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü gördü. Cənab Vasif Talıbovun tövsiyəsi ilə hazırlanan kitabın müəllifləri Ziyadxan Əliyev və Nizami Alıyevdir. “Bəhruz bəy Kəngərli taleyi” adlanan yeni nəşr əvvəlki çap məhsullarından çox fərqlənir. Hər şeydən əvvəl, müəlliflər çalışıblar ki, rəssamın həyatına güzgü tutsunlar. Yəni onun sənət dünyasını olduğu kimi verə bilsinlər.
Əlbəttə, Bəhruz bəy Kəngərlini yetişdirən torpaq Naxçıvan, arzularını gerçəkləşdirən şəhər isə Tiflis olub. Atası Şirəli bəy dövrünün qabaqcıl ziyalısı və maarifpərvər şəxsiyyətlərindən biri idi. Maraqlıdır, məhz bu kitabda oxuyuruq ki, Şirəli bəy oğluna Şəmil adı veribmiş, sonradan Bəhruz adlandırılıb. Mənası “xoş gün” deməkdir. Amma adı ilə həyatı tərs mütənasib olub.
Rəssamın “Qaçqınlar” silsiləsinə aid əsərləri mənim çox təsirləndiyim sənət nümunələrindəndir. Xüsusilə də “Qaçqın qadın” əsəri çox bitkin və mənalıdır. Məhz kitabdan bildim ki, bu qəmli xanım Bəhruz bəyin həyat yoldaşı Hürnisə olub. Əslində də qaçqın imiş. Erməni daşnakları tərəfindən 1918-ci ildə Naxçıvana pənah gətirən binəsiblərdən idi. Təəssüf ki, onların övladları olmayıb.
Sovet dövründə dini mövzularda silsilə əsərlər çəkmək, həqiqətən, qəhrəmanlıqdır. Şirəli bəyin oğlu bu şərəfli missiyanı da layiqincə yerinə yetirib. Repressiyaların cücərdiyi illərdə “Naxçıvan yadigarı” adlı albom tərtib edəsən və onun səhifələrini də bu rəsmlərlə bəzəyəsən: “Atabəy məqbərəsi”, “İmamzadə”, “Nuhun gəmisi”, “Şəhər məscidi”, “Əshabi-Kəhf dağı”, “Minarəsi dağıdılmış məscid”, “Naxçıvanda abidə”, “Nuhun türbəsi”, “Qədim türbə” və digərləri.
Bir məsələ mənə hələ də qaranlıq qalıb. Evlərində həmişə “Molla Nəsrəddin” jurnalını görən, onun səhifələrindəki karikaturaların surətini çəkən, Tiflisdə məhz Mirzə Cəlilin köməyi ilə rəssamlıq və heykəltəraşlıq məktəbində oxuyan, Oskar Şmerlinqdən dərs alan bu istedadlı rəssamın nədən həmin dərgidə əsərləri işıq üzü görməyib? Heç inandırıcı deyil. Bəlkə də, başqa imza ilə olub. Çünki ağlabatan deyil ki, sən içində olduğun gülüstanın ətrini dadmayasan. Deməli, hələ də bu rəssamla bağlı axtarışlar davam etməlidir.
Yazımı, sənətşünas Ziyadxan Əliyevin rəssamla bağlı bir fikri ilə tamamlayıram: “Üzeyir bəy Hacıbəyli musiqi mədəniyyətimizdə hansı zirvədədirsə, Bəhruz bəy Kəngərli də təsviri sənətimizdə həmin ucalıqdadır”.
Flora XƏLİLZADƏ
Əməkdar jurnalist
“Kaspi” qəzeti,
6 dekabr 2017-ci il