XX əsrin 30-cu illəri tariximizin yaddaşına ən ağır illər kimi həkk olundu. Min hiylə, fəsadla qurulan sovet hakimiyyəti həmin illərdə ölkəmizdə yeni qanun-qaydalar tətbiq edir, müstəqilliyi əlindən alınmış xalqımızın dilini, dinini, mədəniyyətini, adət-ənənələrini, tarixini unutdurmağa çalışırdı. “Türk”, “İslam” sözlərini işlətmək, milli ənənələri xatırladacaq fikirlər söyləmək xəyanət hesab olunurdu. Sovet işğalından sonra həyata keçirilən qırğınlara baxmayaraq, xalqın ziyalıları hələ də azadlıq eşqi ilə yaşayırdılar. İşğal rejimini qəbul etməyən görkəmli ziyalılar kütləvi şəkildə məhv edilirdi. Həmin repressiyalar 1937-ci ildən başlayaraq daha da kəskinləşdi. Minlərlə insan “xalq düşməni” adı ilə damğalanıb həbs olundu, qətlə yetirildi. Repressiya dövrünün qurbanlarından biri də Azərbaycan ədəbiyyatının görkəmli siması, bəşəri ideyalar tərənnümçüsü, xalqını daim azad görmək istəyən Hüseyn Cavid idi. Uzaq Sibirdə sürgün həyatına məhkum edilən Hüseyn Cavid öz əzmi və iradəsini, sabaha olan ümidini itirmədi, bir gün azadlığa qovuşacağına inandı. Özünə nəsib olmasa da, ruhu azadlığa qovuşdu...
...İllər keçdi. Xalqı faciəyə düçar edənlər ifşa olundular. Haqsız qətl qurbanlarına ölümündən sonra bəraət verildi, onların günahsız olduqları bəyan edildi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci il iyul ayının 1-də Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinin keçirilməsi barədə verilən qərar şairin ikinci əsl bəraət sənədi oldu. Görkəmli dövlət xadiminin bu böyük qələm sahibinin timsalında milli poeziyamıza, onun nümayəndələrinə verdiyi yüksək qiyməti xalqımız 1982-ci ildə bir daha gördü. Həmin il oktyabr ayının 26-da görkəmli şair və dramaturq Hüseyn Cavidin cənazəsi Uzaq Sibirdən Vətənə gətirildi.
Qeyd edək ki, XX əsrin istedadlı simalarından olan Hüseyn Cavid 1882-ci ildə oktyabr ayının 24-də Kəngərli rayonunun Şahtaxtı kəndində ruhani ailəsində dünyaya göz açıb. Əvvəlcə mollaxanada oxuyan Cavid böyük qardaşının yanında ərəb-fars dillərini öyrənib, sonra isə o zaman Naxçıvanda açılan “Tərbiyə” məktəbinə daxil olub. XX əsrin əvvəllərində Təbrizə gedərək orada Şərq fəlsəfəsi, tarix və ədəbiyyatı öyrənməyə səy göstərib. Romantik ruhlu gənc Cavid Türkiyəyə səfəri zamanı oradakı ali məktəblər, ziyalılar və ədəbi mühit ilə çox maraqlanıb. 1910-cu ilin əvvəllərində doğma diyara qayıdan gənc şair Qafqaz şəhərlərində müəllimliklə məşğul olub, eyni zamanda mətbuatda şeirləri ilə çıxış edib. 1919-cu ildə Bakıya qayıdan Cavid 1937-ci ilədək burada yaşayıb və dolğun yaradıcılıq dövrü keçirib. Daim həqiqət, ədalət, səadət axtarmaq yollarında çırpınan ədib 1941-ci il dekabrın 5-də vəfat edib.
Hüseyn Cavid şəxsiyyətinə və yaradıcılığına verilən yüksək qiymət haqqında düşünərkən böyük ədibin mərhum qızı Turan xanımın dediyi bu fikir yada düşür: “Atama əsl bəraəti 1981-ci il iyul ayında “Hüseyn Cavidin 100 illiyi haqqında” qərardan sonra hesab edirəm. Bu, ədalətin zəfər çalması idi. Bunun üçün mən, birinci növbədə, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə minnətdaram”.
Ümummilli liderimizin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən bu qərar böyük şair və dramaturqa dövlət səviyyəsində verilən yüksək qiymətin parlaq nümunəsi olmaqla, Cavidə münasibətin köklü şəkildə dəyişməsinin istinad nöqtəsi kimi mədəniyyət və ədəbiyyat tariximizdə böyük hadisə idi.
Azərbaycan ədəbiyyatında romantizm cərəyanının yaradıcılarından biri olan Hüseyn Cavid irsi janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. Qüdrətli sənətkarımız fikir və düşüncələr aləminin həyatiliyi, heyrətamizliyi, zərifliyi, əlvanlığı, qəlblərə hakim kəsilməsi ilə ədəbiyyat tariximizə əbədi daxil olub.
Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı manerası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib və “Cavid teatrı” kimi səciyyələndirilib. Onun əsərlərində dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri öz əksini tapıb.
“Hüseyn Cavidin 100 illiyi haqqında” qərardan sonra respublikada onun ədəbi irsini daha geniş surətdə öyrənmək və xatirəsini əbədiləşdirmək üçün bir sıra işlər görüldü. Belə ki, şairin əsərlərinin toplanıb nəşr olunması, müxtəlif teatrlarda tamaşaya qoyulması, Cavidə həsr olunmuş monoqrafiyaların, onun əsərlərinin Azərbaycan, rus, ərəb əlifbası ilə nəşr edilməsi, Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidə abidə ucaldılması və ev-muzeylərinin yaradılması, eləcə də digər işlərin həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin dahi ədibə olan sonsuz ehtiramla imzaladığı qərarla həyata keçirildi. Adıçəkilən qərardan sonra Naxçıvan şəhərində Cavidin vaxtilə qədim Əlixan məhəlləsində yaşadığı evdə yaradılan ev-muzeyi bütün cavidsevərlərin ziyarətgahına çevrildi.
Ulu öndərimiz hələ 1992-ci ildə Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində çalışarkən Cavidin 110 illik yubileyinin muxtar respublika səviyyəsində qeyd olunmasını təşkil etdi və yubiley tədbirində yaddaqalan çıxışı ilə şair-dramaturqun irsinə yüksək qiymət verdi: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, bütün Türk dünyasının ən görkəmli simasıdır, təkrarolunmaz bir şəxsiyyətdir, bir şairdir, bir yazıçıdır. Onun yaratdığı əsərlər böyük çətinliklərdən keçərək indi artıq hamımız üçün dərslik olubdur və dərslik olmalıdır”.
Daha bir qayğı isə dahi şairə ucaldılan möhtəşəm məqbərə oldu. Bu, ulu öndərin Cavidə və onun timsalında Azərbaycan ədəbiyyatına və incəsənətinə, daha geniş anlamda, Azərbaycan xalqına olan sevgi və ehtiramının ifadəsi idi.
2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə Cavidin ev-muzeyində əsaslı təmir və bərpa işləri aparıldı. Muzeyin ekspozisiyası dəyişdirilərək yenidən quruldu, maddi-texniki bazası zənginləşdirildi.
Ulu öndər Heydər Əliyevin himayəsi ilə 2002-ci ildə böyük ədibin anadan olmasının 120 illik yubileyi Azərbaycanda geniş qeyd edildi. Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Hüseyn Cavidin 125 illik yubileyi haqqında” 2007-ci il 17 aprel tarixli Sərəncamı və bu sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həmin il may ayının 15-də imzaladığı Sərəncamla təsdiq edilmiş Tədbirlər Planına əsasən müxtəlif yubiley tədbirləri həyata keçirildi. Muxtar respublikanın ali, orta ixtisas, ümumtəhsil məktəblərində, mədəniyyət müəssisələrində şairin yaradıcılığına aid guşələr yaradıldı, kitab sərgiləri, ədəbi-bədii gecələr, görüşlər təşkil edildi.
Cavidə böyük ehtiramın ifadəsini cavidsevərlər yenə də gördülər, bu ehtiramın əbədiliyini təsdiq etdilər. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 24 oktyabr tarixli Sərəncamı Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərləri bəxş etmiş qüdrətli söz sənətkarına layiqli qiymətin təcəssümü kimi dəyərləndirildi. Sərəncamda deyilir: “O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazmışdır. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır.
Totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin adı doğma xalqının təfəkküründə obrazlaşmışdır. Ağır repressiya illərində mənən sarsılmadan keçdiyi ibrətamiz həyat yolu onu yaddaşlarda sənətkar şəxsiyyətinin bütövlüyünün rəmzinə çevirmişdir”.
...Bu dünyada tale deyilən qaçılmaz bir yol var ki, istəsən də, istəməsən də o yolu getməli, sarvanı zaman olan ömür karvanında yolçu olub öz ömrünü yaşamalısan. Və zaman adlı sarvanın sığalını da, qırmancını da dadmalısan. Amma elə yaşamalısan ki, bu karvan sərt qayalara, vahiməli uçurumlara dirənəndə cismani ömrün yarıda qırılıb qalmalı olsa da, şərəf və ləyaqətlə bu həyatı başa vurub yaddaşlara, ürəklərə, ruhlara köç edə biləsən. Bəşəri ideyaları, nurlu amalı ilə ölməzlik zirvəsinə yüksələn Hüseyn Cavid kimi...
Gülcamal TAHİROVA