23 Dekabr 2024, Bazar ertəsi

Yaxın günlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatçısı Ramiz Babayevin daha bir şeirlər kitabı işıq üzü görüb. Şair budəfəki kitabını uşaqlara həsr edib. Kitabda 20-yə yaxın şeir dərc olunub. “Balaca kirpi”, “Quşların dostu”, “Dənizdə çimən ay”, “Küsəyən qız”, “Kəndi çox sevirəm” və digər şeirlərin hər biri maraqlı və oxunaqlıdır. Şair qələmə aldığı bu şeirlərində uşaqların deyim və duyumlarını, mənəvi dünyasını ustalıqla üzə çıxarmış, rəngarəng bədii lövhələr yaratmışdır. “Babamın nağılı” şeirində şair yazır:

Az gedib, üz gedirsən,
Dərəylə düz keçirsən.
Bir aylıq məsafəni
Bir anda qət edirsən.

 

Gah Məlikməmmədləri
Endirirsən quyuya.
Gah da Əlibaba tək
Qoymursan yağ soyuya.

Balıqçının toruna
Qızıl balıq salırsan.
Sonra da qarısından
Hər bir şeyi alırsan.

Şair bu şeirində bir-birinin ardınca nağıl qəhrəmanlarımızı yada salır, onları sadə və anlaşıqlı yolla, poetik deyimlə balaca dostlarının qəlbinə və yaddaşına hopdurur. “Anama” adlı şeirində isə Vətən hissini ön plana çəkir, uşaqları Vətəni və onun bayrağını sevməyə çağırır:

Vətən mənim atamın,
Babamın məslək yeri.
Mənimçün çox əzizdi
Vətənin sərhədləri.

Bayrağım bu dünyada
Hər vaxt tanıdır məni.
Onunçün mən bayrağı
Sevirəm sənin kimi.

Kitabda hər bir şeirin dili olduqca sadə, səlis, aydın və axıcıdır. Bu da uşaqların şeiri tez əzbərləməsi və mənimsəməsində əsas amillərdən biridir. Ümidvarıq ki, balaca dostlarımızın mənəvi dünyasına min rəng qatan “Biri vardı, biri yoxdu” şeirlər kitabı uşaqları sevindirəcəkdir.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR