Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Azərbaycan elə bir ölkədir ki, onun çox qədim tarixi var. Bu sahədə çox böyük işlər görülməlidir”. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarix və mədəniyyət abidələrinə göstərilən dövlət qayğısının günü-gündən artması bu qədim diyarın tarixində yeni səhifələrin yazılmasına səbəb olmuşdur.
Naxçıvanın bəşəriyyətin beşiyi olması ilə bağlı çox sözlər deyilib. Nənə-babalarımızın yaddaşında bu ulu torpaqla əlaqədar xeyli əfsanələr vardır. Araşdırmalar göstərir ki, bu əfsanələrin tarixi kökləri olmuş, onlar xalqımızın tarixini özündə yaşatmışdır. Bunlardan biri də “Nuh tufanı” əfsanəsidir. Araşdırmalar göstərir ki, tarixi qaynaqlarda, o cümlədən müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”də də adıçəkilən bu tufan haqqında rəvayətlər real həyati hadisələr əsasında yaranmışdır. Tədqiqatlara əsasən demək olar ki, eradan əvvəl V-IV minilliklərdə dünyada böyük daşqınlar olmuşdur. Bu zaman bütün dünyanın üzünü su almasa da, müəyyən əraziləri əhatə etmişdir. Bu daşqınlar Naxçıvandan da yan keçməmişdir. Araşdırmalarımız nəticəsində Naxçıvançay və Sirabçay vadilərindəki bəzi abidələrin daşqınlar zamanı su altında, bəzilərinin isə güclü subasmalara məruz qaldığı məlum olmuşdur. Təbiətin şıltaqlığına rəğmən insanlar yaşayış yerlərini dəyişsə də, yaşamağa davam etmişlər. Naxçıvançay vadisində yerləşən I Kültəpə abidəsinin tədqiqi nəticəsində məlum olmuşdur ki, eradan əvvəl VI minilliyin sonlarına doğru baş verən güclü quraqlıqlar insanları çay vadisinə daha yaxın yerlərdə məskunlaşmağa məcbur etmişdir. Naxçıvantəpə və Uzunoba yaşayış yerləri məhz belə abidələrdəndir. Bu yaxınlarda Naxçıvançay vadisində qədim mis mədənlərində işlədilən daş alətin tapılması bu abidələrin yalnız iki yaşayış yeri ilə məhdudlaşmadığını təsdiq edir.
Naxçıvançay vadisində yerləşən həmin abidələr nəinki Naxçıvan tarixinin, həmçinin bütün Cənubi Qafqaz, o cümlədən Azərbaycan tarixinin yeni səhifələrini yazmaq üçün dəyərli materiallardır. Onların arasında Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvantəpə yaşayış yerinin tədqiqi, xüsusilə maraqlı nəticələr vermişdir. Bu abidənin araşdırılması zamanı Cənubi Qafqazda indiyədək məlum olmayan yeni bir arxeoloji mədəniyyət aşkar olunmuşdur. Bu, Azərbaycanın cənub bölgələrini əhatə edən Dalmatəpə mədəniyyətidir.
Tədqiqatçılar uzun illər tək-tək tapıntılara əsaslanaraq Yaxın Şərqlə Cənubi Qafqaz mədəniyyətlərinin qarşılıqlı əlaqələrindən bəhs etmişlər. Lakin hazırda biz Naxçıvantəpə yaşayış yerindən aşkar olunan arxeoloji materialların bütöv kompleksi ilə qarşı-qarşıyayıq.
Dalmatəpə tipli keramika XX əsrin 50-60-cı illərində Urmiya gölünün cənubunda yerləşən eyniadlı yaşayış yerindən aşkar olunmuşdur. Daha sonra bu mədəniyyətə məxsus abidələrin Həsənli, Hacı-Firuz, Təpə Sivan yaşayış yerlərində də mövcudluğu araşdırmalarla müəyyən olunmuşdur.
Dalmatəpə keramikasına İran və İraqın yaşayış yerlərində tipik xalaf və Ubeyd keramikası ilə birlikdə rast gəlinmişdir. Bu tip keramika Zaqros dağlarında kəşfiyyat xarakterli araşdırmalarla da aşkar olunmuşdur. Kanqavar vadisində Seh-Gabi və Qodintəpə yaşayış yerlərində Dalmatəpə təbəqəsi qazılmış, Mahidaştda isə 16 yaşayış yerinin səthində zəngin Dalmatipli keramika aşkar olunmuşdur. Bu yaşayış yerlərindən Təpə Siahbid və Çoqa Maran şurf qazıntısı ilə öyrənilmiş, Təpə Kuhda isə yerüstü materiallar arasında Dalma keramikası üstünlük təşkil etmişdir. Bu tip keramikaya İraqda Cəbəl yaşayış yerində, Kərkükdə, Tell Abad, Keit Qasım və Yorqan Təpədə rast gəlinmişdir. Qeyd etmək lazımdır ki, Kanqavar vadisində bu tip keramika 68 faiz, Mahidaştda isə 24 faiz olmuşdur. Araşdırmalar bu tip keramikanın cənuba doğru irəlilədikcə azaldığını göstərir. Öncə Urmiya gölünün cənubunda və qərbində yayıldığı güman edilən həmin keramika Urmiyanın şimalında, hazırda isə Naxçıvanda aşkar olunmuşdur. İranda bu mədəniyyət Culfa Kültəpəsi, Ahranjan Təpə, Lavin Təpə, Qoşa Təpə və Baruj Təpə kimi yaşayış yerlərinin qazıntısı zamanı aşkar edilmişdir. Hazırda bu tip keramika İranda 100-dən artıq yaşayış yerindən məlumdur. Yaşayış yerlərinin bir qismi oturaq əhaliyə, bir qismi isə köçmə maldarlıqla məşğul olan insanlara məxsusdur. Araşdırmalar göstərir ki, bu mədəniyyət Araz vadisində çiçəklənmiş və sonradan Urmiya gölünün cənubuna yayılmışdır. Dalmatəpə keramikasının kimyəvi analizi onun yerli istehsalın məhsulu olduğunu təsdiq etmişdir.
Aşkar edilmiş keramika məmulatına əsasən demək olar ki, Naxçıvantəpə yaşayış yeri eradan əvvəl V minilliyin birinci yarısına aiddir. Bu yaşayış yerinin, həmçinin Sirabçay hövzəsində yerləşən digər abidələrin tədqiqi Cənubi Qafqazın, o cümlədən Azərbaycanın Eneolit mədəniyyətini dövrləşdirməyə imkan verir.
Naxçıvan yaşayış yerindən Dalmatəpə keramika məmulatının aşkar olunması olduqca diqqətəlayiqdir. Dalmatəpə tipli boyalı keramika məmulatı Naxçıvanda hələlik Uzun Oba, Bülöv qayası və Uçan Ağıl yaşayış yerindən tək-tək nümunələrlə məlumdur. Barmaq basqılı keramika isə hələlik Uçan Ağılda bir nümunə ilə təmsil olunur. Digər yaşayış yerlərində bu tip keramika hələlik yoxdur. Belə keramika, həmçinin tək-tək nümunələrlə Qarabağ abidələrində vardır. Araşdırmalar Urmiya hövzəsinin yaşayış yerlərində başlıca olaraq Sünik obsidianından istifadə olunduğunu göstərir. Naxçıvan abidələrində isə, əsasən, Göyçə obsidianından istifadə olunmuşdur. Sünik obsidianı faiz etibarilə azdır və ikinci yerdədir. Ehtimal ki, Urmiya hövzəsində yaşayan insanlar Zəngəzur dağlarındakı xammal haqqında Naxçıvançay vadisində yaşayan insanlar vasitəsilə məlumat almışlar. Qeyd etmək lazımdır ki, bu yaxınlarda Naxçıvançay vadisindən üzərində mis filizinin izləri olan mədən alətinin tapılması bu əlaqələrin yalnız obsidianla deyil, həm də mis yataqları ilə bağlı olduğunu göstərir.
Yaşayış yerində aşkar olunan heyvan sümüklərinin analizi bu yaşayış yerindəki insanların heyvandarlıqla məşğul olduğunu, başlıca olaraq mal-qara və xırdabuynuzlu heyvan saxladıqlarını göstərir. Ovçuluqdan çox az istifadə olunmuşdur. At və it sümüyü yalnız bir nümunə ilə təmsil edilmişdir. Botaniki qalıqlar hələlik yoxdur. Məsələ bundadır ki, ocaqlarda karbon qalıqları çox azdır. Karbonlaşmış bitki qalıqları isə hələlik yuyulmuş torpaqlardan aşkar olunmamışdır. Ola bilsin ki, gələcək araşdırmalar zamanı botaniki qalıqlar haqqında müəyyən fikir demək mümkün olacaqdır.
Belə hesab edirik ki, Dalmatəpə mədəniyyətinin yayılma arealı Naxçıvanı da əhatə etmişdir. Daha doğrusu, Naxçıvan bu mədəniyyətin formalaşdığı areala daxil olmuşdur. Şübhəsiz ki, gələcək araşdırmalar Urmiya hövzəsi və Naxçıvan tayfaları arasındakı əlaqələrin və qarşılıqlı münasibətlərin xarakterini daha aydın şəkildə müəyyən etməyə imkan verəcək, həmçinin Dalmatəpə mədəniyyətinin yaranması və formalaşması ilə bağlı məsələlərə aydınlıq gətirəcəkdir.
Vəli BAXŞƏLİYEV AMEA-nın müxbir üzvü